Təhsil naziri Mikayıl Cabbarov ali məktəbləri
tələbələrlə daha aktiv işləməyə və onların asudə vaxtlarının
təşkili üçün yeni istiqamətlər müəyyənləşdirərək inkişaf etdirməyə
çağırıb.
Trend-in
məlumatına görə, Mikayıl Cabbarov Azərbaycan Memarlıq və İnşaat
Universitetinin Memarlıq fakültəsinin Təhsil Nazirlliyi tərəfindən
əsaslı təmir olunmuş tədris binasının açılış mərasimində çıxış
edərkən deyib ki, tələbələrlə ali təhsil sistemində daha faydalı və
fəal şəkildə işləmək mümkündür. Bunun üçün ali məktəbləri yeni
alətlər axtarmağa çağıran nazirin sözlərinə görə, bu gün
tələbələrlə iş, xüsusilə onların tərbiyə işində, asudə vaxtlarının
təşkilində və bir vətəndaş kimi formalaşmasında ali təhsil
sisteminin rolu əvəzsizdir.
Ancaq M.Cabbarov hesab edir ki, bu gün tələbələrlə işin
qurulması əvvəlki dövrlə müqayisədə xeyli çətinləşib: "Çünki hər
bir tələbə, o çümlədən insanlar üçün rəqabət yüksəlib, amma vaxt
daralıb. Düşünürəm ki, bu istiqamətdə bir çox təcrübələrə baxa
bilərik".
Nazirin fikrincə, ali təhsil müəssisələrində tələbələrin
maraqları üzrə istiqamətlər inkişaf etdirilməlidir. O, bu
istiqamətlərdən birinin də bədən tərbiyəsi olduğunu deyib: "Ali
təhsil proqramlarından bədən tərbiyəsi fənni çıxarılıb. Biz
düşünmürük ki, bədən tərbiyəsi ali təhsil sistemi üçün əhəmiyyətli
deyil. Әksinə, düşünürük ki, bu, o dərəcədə əhəmiyyətlidir ki, biz
ali təhsil sistemində onun real inkişafı və dəstəklənməsi üçün yeni
alətlər verməyə hazırıq. Lakin ali məktəblərdəki məhdud müddət
ərzində hüquqşünas, memar və ya maliyyəçi olmaq üçün bədən
tərbiyəsinin ali təhsil səviyyəsi ilə bağlantısını görmürük. Bız
görürük ki, tələbələr güləşlə, futbolla maraqlana, bir qismi isə
oxu zallarından zövq ala bilər".
Nazir qeyd edib ki, onların missiyası yalnız peşəkarın
hazırlanması ilə yekunlaşa bilməz. Buna görə də bu istiqamətdə olan
fəaliyyətin dəstəklənməsi üçün təkliflər qəbul etməyə və onları
dəstəkləməyə hazırdırlar.