"Gələcəyi indidən dəhşətli görünən və Cənubi Qafqaz kimi
həssas bölgədə alovlanmaqda olan "narkotik ocağının" vaxtında
söndürülməsi üçün bəzi dövlətlərin ölkəmizə qarşı ikili
standartlardan əl çəkməsi, xalqımıza zaman-zaman edilmiş
təcavüzlərə son qoyulması, sərhədlərimizin bərpa olunması
lazımdır".
APA-nın məlumatına görə, bu, Narkomanlığa və Narkotik
Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının
sədri Əli Həsənovun Komissiyanın İşçi Qrupu tərəfindən Azərbaycan
və ingilis dillərində hazırlanmış "Narkotiklərə nəzarət sahəsində
2014-cü ilə dair Ölkə Məruzəsi"ndəki məqaləsində əksini tapıb.
Ə. Həsənov bildirib ki, son illər narkotik və psixotrop vasitələrə
əhali, xüsusən də yeniyetmə və gənclər arasında meylin güclənməsi,
onların istifadəsi ilə əlaqəsi olan xəstəliklərin çoxalması,
narkotiklərlə əlaqəli sosial problemlərin aktuallaşması və digər
amillər ölkədə bu problemin az da olsa artmasını göstərir:
"Azərbaycanda ta qədimdən ailə münasibətlərindəki
mühafizəkarlıq, böyüyün-kiçiyin yerinin bilinməsi, bəhs etdiyimiz
məsələlərdə amortizasiya rolunu oynayıb, ümumən neqativ hadisələrin
sağlam Azərbaycan ailəsinə nüfuz etməsinə imkan verməyib.
Narkotiklərlə mübarizə hər bir ölkənin, xalqın, millətin fiziki və
şüuri sağlamlığı uğrunda aparılan mübarizədir. Belə təhlükələrlə
üzləşməməyimiz üçün bütün cəmiyyət bilməlidir ki, narkomaniya –
qarşısında bəşəriyyətin aciz qaldığı ən arzuolunmaz yoluxucu
xəstəlik, sağlamlığın, mənəviyyatın, sevincin, səadətin, ən ülvi
hisslərin, bir sözlə, insanlığın qənimidir. Ona görə də dinindən,
dilindən, milliyyətindən asılı olmayaraq hər bir vətəndaşımızın ən
müqəddəs borcu insanlığa qənim olan bu bəla ilə fəal mübarizə
aparmaq olmalıdır. Çünki, yalnız bu yolla əhalini, xüsusən
gənclərimizi narkomaniyanın qorxunc təhlükəsindən qorumaq mümkün
olacaq".
Ə. Həsənov qeyd edib ki, müvafiq Dövlət Komissiyası narkomanlığa
və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə
istiqamətində dövlət siyasətinin həyata keçirilməsini, aidiyyəti
orqan ların və ictimai birliklərin fəaliyyətinin
əlaqələndirilməsini, "Narkotik vasitələrin, psixotrop maddələrin və
onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa
qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın
icrasını daim nəzarətdə saxlayır:
"Həyata keçirilən tədbirlərin səmərəliliyi qarşıya qoyulan
barışmaz mübarizə xəttinin aparılmasına mühüm töhfələr verməkdədir.
Ümidvarıq ki, Azərbaycan dövlətinin adı çəkilən problemlə bağlı
müəyyənləşdirdiyi strategiya uğurla reallaşdırılacaq, gənc nəslin
sağlam və yüksək ideallar ruhunda tərbiyəsi, genefondumuzun
qorunması istiqamətində bundan sonra da məqsədyönlü addımlar
atılacaq".