Hər il olduğu kimi, bu il də mədəni irsimizi,
milli-mənəvi dəyərlərimizi, zəngin folklor tariximizi,
adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı geniş qeyd
olunacaq.
Mədəniyyət və Turizm Nazirliyindən Axar.az-a verilən məlumata
görə, ənənəvi olaraq martın 19-da paytaxtda Novruzla bağlı ümumxalq
şənliyi keçiriləcək.
Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək bayram mərasiminə
Azərbaycanın 30-a yaxın bölgəsi də öz bayram sovqatları, mədəni
irsi, bar-bərəkəti, mətbəxi ilə qatılacaq. Martın 17-də Novruz
tədbirinin növbəti məşqi keçirilib.
Bayram şənliyi İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu
ərazisindən başlayaraq Dənizkənarı bulvar boyunca davam edəcək. Qız
Qalasının yanından başlanacaq mərasimin proqramı maraqlı
görüntülərlə yadda qalacaq. Novruz personajları Kosa və Keçəlin
iştirakı ilə səhnəciklər, müxtəlif mədəniyyət təşkilatları -
teatrlar, musiqi kollektivləri, tanınmış incəsənət ustaları,
folklor qrupları, aşıqların çıxışları tədbiri izləyənlərə əsl
bayram ovqatı bəxş edəcək.
Budəfəki Novruz tədbirində bir sıra yeniliklər də olacaq. Bu il
iyunun 12-dən 28-dək ilk dəfə Azərbaycanda keçiriləcək 1-ci Avropa
Oyunlarının təbliği münasibətilə bulvar boyunca müxtəlif səhnələr
nümayiş etdiriləcək. Gənclər və İdman Nazirliyinin Mədəniyyət və
Turizm Nazirliyi ilə birgə layihəsi çərçivəsində ölkəmizin idman
federasiyalarını təmsil edən stendlər quraşdırılacaq və idmançılar
bu stendlərdə öz bacarıqlarını göstərəcəklər