Bu gün Nəsimi Rayon Məhkəməsində BSU-nun dekanı,
tənqidçi Elnarə Tofiqqızının (Niftəliyevanın) ölüm işi ilə bağlı
növbəti proses keçirilib.
Bu barədə Axar.az-a zərərçəkən Anar Niftəliyevin hüquqi
nümayəndəsi Səməd Vəkilov məlumat verib. Prosesdən danışan
S.Vəkilov bildirib ki, məhkəmə iclasında sonuncu ekspert rəyinə
imza atan həkimlərdən biri ifadə verib:
"Bugünkü məhkəmə prosesində rəy vermiş tibb ekspertlərindən
Vaqif Rəhimov dindirildi. Proses iştirakçılarının suallarını
cavablandıran Vaqif Rəhimov birmənalı olaraq bildirdi ki,
cərrahiyyə əməliyyatının uğursuz keçməsində bütün tibb personalı
məsuliyyət daşıyır. O cümlədən də cərrah və əməliyyatın həyata
keçirildiyi "Medi Sina" klinikası. Çünki tibbi ekspert rəyindən də
məlumdur ki, klinikanın bu əməliyyatı aparması üçün gərəkli olan
lisenziyası olmayıb. Həmçinin, tibb müəssisəsi texniki baxımdan çox
zəif təmin olunmuşdu. Aparatların müasir standartlara cavab verməsi
şübhə doğurur. Bu məsələləri bir ekspert kimi tibb elmləri doktoru
Vaqif Rəhimov izah etdi. Bütün proses Vaqif Rəhimovun çox səmimi və
düzgün ifadələri və obyektivliyi ilə seçildi. Amma təəssüf ki,
zərərçəkən tərəfin istintaq zamanı verdiyi vəsatətlərə düz 4 dəfə
ekspert rəyi göndərən Şakir Musayevin rəhbərlik etdiyi Məhkəmə
Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi hər dəfə bu konkret
sualdan yayınaraq, bütün tibb personalının bu cinayətdə məsuliyyət
daşıdığını təsdiqləməmişdi".
Səhiyyə Nazirliyinin respublikanın baş onkoloq və ekspertlərinin
imzası ilə prokurorluqda aparılan istintaqa göndərdiyi rəsmi
məktubunda da bütün tibb personalının məsuliyyət daşıdığının əks
olunduğunu xatırladan S.Vəkilov bu fakta əsasən vəsatətlər
verildiyini, ancaq Ş.Musayevin başçılıq etdiyi idarənin verdiyi 4
ekspert rəyinin heç birində əməliyyatda iştirak edən tibb
personalının hamısının məsuliyyət daşıdığının əks olunmadığını bir
daha xatırlatdı:
"Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi yalnız
anestezioloqun məsuliyyət daşıdğını təsdiqlədi, digər həkimlərin
məsuliyyətdən yayınması üçün nə mümkündürsə, onu da etdi. Rəy verən
ekspertlərdən birinin məhkəmə ifadəsində tibb personalının
hamısının məsuliyyət daşıdığını elan və sübut etməsi isə bir daha
Ş.Musayevin mahiyyətini ortaya qoydu".
Qətnamə qəbul edildikdən sonra zərərçəkənin Məhkəmə Tibbi
Ekspertiza və Patoloji Anatomiya Birliyi ilə bağlı addımlar
atmasında israrlı olacağını qeyd edən S.Vəkilov vurğulayıb ki,
bugünkü prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı
ittihamını elan edib:
"İstintaqın yekunlaşması ilə bağlı prokurora çıxış verildi və
daha sonra müdafiə tərəfi Firuz İbrahimovun vəkili çıxış üçün vaxt
götürdü. Prokuror elan etdi ki, Firuz İbrahimova elan olunmuş
ittiham sübuta yetirilmiş hesab olunur. Dövlət ittihamçısı
məhkəmədən Firuz İbrahimova iki maddə ilə elan olunmuş cəzanın
birləşdirilməsi, həmçinin ilk məhkumluq və himayəsində azyaşlı
övladın olmasını nəzərə alaraq, cəzasını ümumi rejimli cəzaçəkmə
müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrumetməyə
məhkum olunmasını xahiş etdi. Zərərçəkmiş Anar Niftəliyev də çıxışı
zamanı aylardır davam edən prosesin hökm elan olunana qədərki
hissəsindən razılığını bildirdi və hakim Şəlalə Həsənovaya ədalətli
mövqeyinə görə təşəkkür etdi. Həmçinin öz ittiham mövqeyini
çatdırdı. Növbəti iclas 8 aprel saat 12:00-a təyin edildi. Bu
tarixdə Anar Niftəliyevin nümayəndəsi kimi mən çıxış edəcəyəm".
Xatırladaq ki, mərhum E.Tofiqqızı 2013-cü il sentyabrın 20-də
"Medi Sina" klinikasında süd vəzi kanalının popilloması əməliyyatı
zamanı həkim səhlənkarlığından dünyasını dəyişib. Sentyabrın 25-də
Nəsimi Rayon Prokurorluğunda fakt üzrə cinayət işi başlanılıb.
2014-cü il aprelin 10-da isə iş Nəsimi Prokurorluğundan alınaraq,
Bakı Şəhər Prokurorluğuna, müstəntiq Vaqif Süleymanovun icraatına
verilib. Hazırda iş Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə
Həsənovanın icraatındadır.
Nəsimi Rayon Məhkəməsində yalnız həkimlərdən biri - anestezioloq
Firuz İbrahimov CM-in 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və
320.1 (hüquqi sənədləri bilə-bilə saxtalaşdırma) maddələri ilə
ittiham olunur. Prokurorluq onkoloq Mahir Məmmədov və assistent
Fərəcullah İdrisovun əməllərində vergidən yayınma və dələduzluğa
cəhd faktları aşkarladığından, araşdırılması üçün materiallar
müvafiq olaraq Vergilər Nazirliyinin İstintaq İdarəsinə və Nəsimi
Rayon Polis İdarəsinə göndərilib.
Nəsimi Rayon Polis İdarəsi dələduzluğa cəhd maddəsi ilə cinayət
işi açmaqdan imtina etdiyi üçün zərərçəkənin şikayəti əsasında
cinayət işi Daxili İşlər naziri general-polkovnik Ramil Usubovun
göstərişi ilə DİN Baş İstintaq İdarəsinin nəzarətinə götürülüb. DİN
Baş İstintaq İdarəsi Nəsimi Rayon Polis İdarəsi İstintaq şöbəsinin
xətm qərarının ləğv olunması və işin Bakı şəhər Baş Polis
İdarəsində araşdırılması barədə qərar qəbul edib.
Hazırda F.İdrisovun dələduzluq maddəsi ilə cinayət işinin
istintaqı Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat
İdarəsinin icraatındadır.
Onkoloq M.Məmmədovun vergidən yayınması ilə bağlı cinayət
faktıni isə Bakı Vergilər Departamentinin İstintaq İdarəsi
araşdırır.