İsmayıllı rayonunda qızıl mağazasından oğurluq
olub.
Hadisə bu gün saat 10:30 radələrində İsmayıllı şəhərində,
sahibkar Murad Adıgözəlova məxsus qızıl və cehizlik əşyalar,
kosmetika mağazasında baş verib. Oğurluq hadisəsi baş verən zaman
Murad Adıgözəlov və satıcı Pərvanə Daşdiyeva mağazada olub.
Onlar APA-ya bildirib ki, naməlum şəxs əvvəlcə mağazaya daxil
olaraq onlardan qızıl əşyaların qiymətini soruşub, sonra nişan
mərasiminə gedəcəyini bildirərək kosmetika səbətinin və gül
buketinin hazırlanmasını istəyib.
Satıcı Pərvanə Daşdıyeva mağazaya çantada yeni gətirdiyi qızıl
əşyaları müştəriyə göstərib və vitrinə düzməyərək qızıl çantasını
piştaxtanın altına qoyub. Mağaza sahibi Murad Adıgözəlov və
satıcının başının kosmetika səbətinin və gül buketinin
hazırlanmasına qarışmasından istifadə edən müştəri qəflətən qızıl
əşyalar olan çantanı götürüb və yaxınlıqdakı dərzi sexinə gedərək
qayıdacağını bildirib.
Bir müddət sonra qızılların oğurlandığını başa düşən mağaza
sahibi İsmayıllı rayon Polis Şöbəsinə müraciət edib. Mağaza sahibi
həmin naməlum şəxsin 8 mart günü ondan 150 manatlıq qızıl əşya
aldığını bildirib. Murad Adıgözəlovun sözlərinə görə, təxminən 45
yaşı olan və özünü Gəncə sakini kimi təqdim edən həmin şəxs
mağazadan 65 ədəd brilyant qaşlı qızıl üzük, 30-a yaxın brilyant və
adi qaşı olan sırğa, bilərzik, 3 ədəd qızıl toy dəsti, 2 ədəd
çəkisi 30 qram olan qızıl boyunbağı, qızıl saatlar və digər əşyalar
oğurlayıb. Mağaza sahibinə ümumilikdə 50 min manata yaxın maddi
ziyan dəyib. Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən
araşdırma aparılır.