"Avesta Concern"in prezidenti, tanınmış iş adamı Hacı
İbrahim Nehrəmli Azərbaycanda fəaliyyət göstərən aparıcı kütləvi
informasiya vasitələrinin (KİV) rəhbərləri və nümayəndələri ilə
görüşüb.
Axar.az xəbər verir ki, "Khazar İslands" ("Xəzər adaları")
şəhər-kompleksinin ərazisində baş tutan görüş zamanı çıxış edən iş
adamı Hacı İbrahim Nehrəmli KİV nümayəndələrinə Xəzər dənizi
sahilində inşa olunan möhtəşəm layihə haqqında geniş məlumat
verərək bildirib ki, "Xəzər adaları" ümumilikdə 78 süni adadan
ibarət olacaq ki, hazırda onlardan beşi yaradılıb, birində binalar
inşa olunur. Bu günə kimi layihənin həyata keçirilməsinə 1 milyard
157 milyon dollar vəsait xərcləndiyini bildirən iş adamı bu
vəsaitin cəmi 57 milyon dollarının Azərbaycan Beynəlxalq Bankının
verdiyi kredit, qalan məbləğin isə özünün şəxsi vəsaiti olduğunu
bəyan edib.
İş adamı İbrahim Nehrəmli qeyd edib ki, "Xəzər adaları"nda
salınan şəhərin birinci mərhələsini başa çatdırmaq üçün əlavə 2
milyard dollara ehtiyac var: "Əgər 2 milyard dollar da olarsa, ən
geci 2020-ci ilədək birinci mərhələdə nəzərdə tutulan tikinti
işləri başa çatacaq. Birinci adadakı mənzillərin və obyektlərin
satışından 7-10 milyard dollar gəlir əldə ediləcəyi gözlənilir.
Birinci adanın satışından əldə olunan gəlir ilə növbəti adalar
tikiləcək. Bu isə o deməkdir ki, "Xəzər adaları"nda işləri davam
etdirmək və tamamlamaq üçün cəmi 2 milyard dollara ehtiyacı
var".
Ümumilikdə layihənin 100 milyard dollar başa gələcəyini bildirən
Hacı İbrahim Nehrəmli bu vəsaitin bir dəfəyə deyil, mərhələli
şəkildə, bir adadan qazanılan pulun növbəti adanın tikintisinə sərf
edilməsi ilə işlərin davam etdirilməsinin nəzərdə tutulduğunu
söyləyib.
"Aveta Concern"in Prezidenti deyib ki, hazırda tikinti işləri
aparılan birinci adada gələn ildən yaşayışa başlanılacaq: "Hazırda
binaların fasadının şüşələnməsi işləri aparılır. Gələn il birinci
adada 6-7 min nəfər yaşaya biləcək. Birinci adada hazırda tikilən
binalardan başqa tikiləcək digər binaların 50 faizinin özülü
qoyulub. Hazırda tikilməkdə olan binalar başa çatdıqdan sonra özülü
qoyulan binaların tikintisi başlayacaq. Birinci adada gələcəkdə 60
min insanın yaşaması nəzərdə tutulub".
Hacı İbrahim Nehrəmli nəyin bahasına olursa-olsun layihəni tikib
başa çatdıracağını bəyan edib və binalar ucaldıqca layihəyə inamın
artdığını deyib: "Hələ də bəzi insanlarda inamsızlıq və qısqanclıq
var. İndiyə qədər çoxları bu şəhərin tikəcəyimə inanmırdı. Lakin bu
gün dənizdə həyata keçirilən işləri görənlər fikirlərini
dəyişirlər. Digər tərəfdən isə hamı anlamalıdır ki, Hacı İbrahim
özünə villa tikmir. Bu yeni bir şəhərdir və vətənimizdə qalacaq.
Mən də milyardımı götürüb Türkiyəyə gedib otellər alıb yaşaya
bilərdim. Amma mən bunu etmədim. Hər zaman da düşünmüşəm ki,
Azərbaycan dövləti üçün çalışıb, iz qoyub gedəcəm. Biz iş adamları
hər zaman dövlətin və dövlət başçısının həyata keçirdiyi siyasətin
yanında olmalıyıq".
İş adamı Hacı İbrahim Nehrəmli yerli iş adamlarını çəkinmədən
"Xəzər adaları"na sərmayə yatırmağa çağırıb: "Bizim bəzi iş
adamları əllərində olan pulu aparıb Türkiyədə, Birləşmiş Ərəb
Əmirliklərində və başqa dövlətlərə yatırırlar. Arzu edərdik ki,
onlar da öz vəsaitlərinin bir hissəsini bu layihəyə yatırsınlar.
Biz burada 50 faiz qazanc olacağına zəmanət veririk. Biz Bakı
şəhərində də bina tikirik, amma bu qədər qazanmırıq".
Şəhərdəki binalardan mənzillərin satışına başlanıldığını
söyləyən şirkət prezidenti qeyd edib ki, hazırda mənzillərin 1
kvadrat metri 5000 dollara satılır: "Burada yaşayan evindən
bulvara, ticarət küçəsinə çıxa biləcək. Şəhərdə bütün infrastruktur
qurulacaq. Qranitdən salınacaq yolların altı qaraj olacaq. Hər
məhəllənin məktəbi, bağçası, idman zalı, çimərliyi və digər
infrastrukturları olacaq. Tikilən mənzillər təmirli, mebeli ilə
birlikdə təhvil veriləcək. Bu işlərə görə qiymət 5000 dollardır.
Belə bir şərait heç bir yerdə yoxdur. Bu gün qiymətlər 5000
dollardır, iki ildən sonra isə ən azı 7000 dollar olacaq. Hazırda
200 ev satılıb. Layihəyə xaricilər daha çox maraq göstərirlər, 200
evdən 180-ni də məhz xaricilər alıblar".
Hacı İbrahim Nehrəmli bildirib ki, mənzillər şirkət üzərindən
illik 4 faiz dərəcəsi ilə 15 ilədək ipoteka ilə də satılır.
Daha sonra tanınmış iş adamı Hacı İbrahim Nehrəmli şəhər
ərazisində görülən işlərlə media təmsilçilərini yaxından tanış
edib.