4-5 il əvvəlki
müsahibələrini oxuyanda özündənrazı, heç kimi bəyənməyən, laqeyd
adam portreti cızılırdı beynimdə. Görüşümüz ya mənim, ya da onun
hansısa başqa işi, problemi üzündən heç cürə təyin etdiyimiz vaxta
alınmırdı deyə, düzü, müsahibənin alınacağına tərəddüd edirdim bir
az, amma bütün iş-güc, əskiklərə rəğmən, alındı,
məncə.
Ramil bəyin orada yerləşən bir restoranda çəkilişləri vardı
deyə, "Zabitlər bağı"nda yerləşən həmin restoranda görüşdük. Yarım
saat vaxtı vardı müsahibə üçün, diktofonu söndürəndə 29:04 saniyəni
göstərirdi. İlk dəqiqələrdən müsahibələrindən haqqında yaranan
fikir alt-üst oldu beynimdə, bir az sonra özünün də dediyi kimi,
kitablar, ətrafdakı insanlar, əhatəsi ona çox böyük təsir göstərib.
Dəyişib müsbətə doğru inkişaf etməyində çox böyük yardımçı olub. 5
il əvvəlki Ramildən əsər-əlamət qalmayıb, onun yerini daha ciddi
işlərə can atan, ucuz şöhrət arxasınca qaçmayan olğun rejissor
alıb.
Axar.az "Arzuların ardınca" filminin rejissoru
Ramil Ağasıyevlə müsahibəni təqdim edir.
- Özünüz haqqında qısa məlumat verin, zəhmət
olmasa.
- Bakı şəhərində anadan olmuşam, ADMİU-nu bitirmişəm, əlavə
olaraq da Rüstəm İbrahimbəyovun təşkil etdiyi Kino Məktəbini
bitirmişəm.
- İndiyə qədər neçə film (sənədli, bədii, qısametrajlı
və ya tammetrajlı) çəkmisiniz?
- Vallah sayını bilmirəm, amma çəkmişəm. Tammetrajlı ilk
filmimdir. İllər əvvəl Qaraqanın bir əsərinə film çəkmək
istəyirdim, tilsimli bir şey oldu, heç cür alınmadı. Baş rolda
çəkiləcək aktrisanın gah ayağı sındı, gah əli sındı, buna görə də
filmi saxladıq.
- Qara qüvvələr də demişkən, bizim müsahibə də uzun
müddətdir alınmırdı. Əvvəlki müsahibələrinizdə demisiz ki, sizin
Allahınız başqalarının Allahından fərqlənir. Dini inancınız
maraqlıdır.
- Hərənin anlayışında Allah bir cürədir. Kimsə onu göydə görür,
kimsə xaçda, mənsə onu özümdə görürəm. Özümdə deyəndə, özümün bir
hissəsi sayıram, məsələn bədənimdə axan qan, dırnaqdı, saçdı,
dəridi - bunlar hamısı Allahdı, çünki məni yaradan odur. Dinlər də
kütləni idarə eləmək üçün vasitədir. Heç bir dinə sitayiş
eləmirəm.
- Rüstəm İbrahimbəyovun Kino Məktəbi ADMİU-dan fərqli
olaraq sizə nəyi verdi?
- Təhsil, savad, bilik... İncəsənət Universitetində indiyəcən
heç kimə deyilməyən bir şey. İndi də düşünürəm ki, İncəsənət
Universiteti heç kimə heç nə vermir. Boş bir binadır ki, ildə
kütləvi şəkildə rejissor istehsal edir.
- Hamı kimi olmaq istəmədiyinizə görə rejissor
olmusunuz, yoxsa yaşamaq istəyib yaşaya bilmədiklərizi çəkmək
üçün?
- Vallah yox, bu genetikdir. Atam da gənclikdə - o vaxtlar xalq
teatrları olub - teatrlardan birinin rejissoru olub. Yəqin ki,
ondan keçmə bir şeydir.
- Rəqslə indi də məşğul olursunuz?
- Yox, çoxdan məşğul olmuram.
- Ümumiyyətlə, rəqsə marağınız haradan
yaranmışdı?
- 9-da oxuyanda sinifdə saxlamışdılar məni, sinifdə qalmışdım.
Depressiyaya düşmüşdüm, düşündüm ki, nəsə yeni bir şey eləmək
lazımdı. Yenilik axtarırdım, qarşıma rəqs çıxdı. RNB janrında, "Şou
Balet Spider" qrupu vardı, orda oynamışam. Ondan sonra başqa
yeniliklər axtardığıma görə rəqsdən uzaqlaşdım.
- 4-5 il bundan əvvəlki müsahibənizdə 100 000 manat
pulunuz olsaydı, qırmızı "Ferrari" almaq istədiyinizi demisiniz,
indi də "Ferrari" istəyərsiniz, yoxsa o arzunu başqası
əvəzləyib?
- Yox, hələ də istəyirəm.
- Hələ də qırmızı "Ferrari"də ölmək
istəyirsiniz?
- Yox, belə ölmək istəmirəm artıq. Planlar bir az dəyişib. Yaş
ötdükcə, arzular, istəklər də dəyişir, amma qırmızı "Ferrari" hələ
də istəyirəm.
- Sənət filmi, yoxsa kommersiya filmi? Hansı sizin
profilinizə daha uyğundur?
- Vallah heç vaxt kommersiya filmi çəkməyi düşünməmişəm. Bu
filmi də çəkəndə düşünmürdüm ki, haçansa filmi sata bilərəm.
Bilmirəm, yalan deyərəm, amma bu filmdən sonra çoxlu kommersiya
filmi təklifi gəlir.
- Hazırda bizdə çəkilən filmlərinin əksəriyyəti
kommersiya filmidir, buna münasibətiniz?
- Yaxşıdır, çəkilsin. 100 filmdən bir film çıxacaq ortaya. Bu
tendensiya yaradır, film istehsalı tendensiyası, yəni insanlar
artıq filmlərə gedirlər, yaxşı filmi pis filmdən ayıra bilirlər.
Bu, vacib bir şeydir.
- Filminiz kütlə üçün nəzərdə tutulub, yoxsa
festivallara filan göndərilməkçün?
- Vallah, ilk filmdir, bilmirəm kütlə üçün çəkmişəm, yoxsa
festivallar üçün. Sadəcə, öz istəyim vardı, bir film çəkmək
istəyirdim və çəkdim.
- Yaxşı film çəkmək üçün nə lazımdır? Pul, yaxşı
komanda, yoxsa istedad?
- İlk növbədə komanda, filmi komanda çəkir.
- Komandanızı özünüz illərlə yığmısız, yoxsa elə bu film
üçün toplamısınız?
- Qərar verdim ki, film çəkim, ətrafımda insanlar vardı ki, heç
vaxt birgə işləməmişdik. Komandamız birdən formalaşdı, ssenarini
göndərdim oxudular, hamı qol qoydu ki, çəkək.
- İndiyə qədər hansısa beynəlxalq müsabiqədə iştirak
etmisiz? Hansısa mükafatınız var?
- Yox, yoxdur.
- 22 min manata çəkilən film ("Arzuların ardınca"
filminin büdcəsi 22 min manatdır – red.) "Oskar", "Kann" qazana
bilərmi?
- Filmin uğuru büdcəsindən asılı deyil, filmin ideyasından çox
şey asılıdır, məncə. "Kann", "Oskar" alan çox az büdcəli filmlər də
var.
- İlk filminizi üzüağlıqla tamaşaçı qarşısına çıxarmağa
hazırsınız?
- Düşünürəm ki, pis film deyil, amma ola bilər ki, pis film də
olsun (gülür). Film haqqında mən rəy söyləyə bilmərəm, çünki bunu
mən çəkmişəm.
- Baxmaq istədiyiniz filmləri çəkirsiz, yoxsa kütlənizin
baxmaq istədiyi filmləri? Ya da fikirlər elə üst-üstə
düşür?
- Vallah, yenə də deyirəm, bu filmi çəkəndə düşünmürdüm ki, bunu
kütlə üçün, ya özüm istəyirəm deyə çəkirəm, sadəcə, belə bir ideya
gəldi ağlıma ki, belə bir film çəkim və çəkdim.
- Axırıncı dəfə hansı filmə baxmısınız?
- Sonuncu baxdığım yerli film "Xoxan" olub, xarici isə - ispan
rejissorun çəkdiyi "Sirr onun gözündədir " filminə baxmışam. Filmin
yaxşısı, pisi olmaz, kult filmləri sevirəm.
- Xarici rejissorlardan daha çox hansını
bəyənirsiz?
- Məni Kventin Tarantinoya bənzədirlər, adətən. Elə onu çox
bəyənirəm.
- Axırıncı dəfə teatrda nə vaxt olmusuz?
- Teatrda çoxdandı olmuram.
- Axırıncı oxuduğunuz kitab?
- Cəlil Məmmədquluzadənin "Ölüləri"ni təkrar oxumuşam, Qaraqanın
kitabını da oxumuşam, ondan qabaq Xalid Hüseynin romanını, ondan
daha əvvəl də iranlı qadın yazarın – adını unutmuşam - "Mənim
taleyim" kitabını oxumuşam.
- Müasir yerli yazarlardan hansını
tanıyırsız?
- Heç biri ilə şəxsi tanışlığım yoxdur, Cəlil Cavanşir var, onu
tanıyıram.
- Gənc həmkarlarınızdan hansının işini daha çox
bəyənirsiniz?
- Ortada hələ bir işi olan yoxdur, məsələn mənim ADMİU-da bir
tanışım vardı, Elvin Abdullayev, indi çox aktivdi o, filmlər
işləyir, çəkir, yaxşı haldır bu. Gənclər çəkməli inkişaf
etməlidir.
- Ölkəmizdə çəkilən və daha ciddi iş hesab edilən (sırf
xarici festivallar üçün nəzərdə tutulmuş filmlər) "Nabat", "Axınla
aşağı" filmlərini bəyəndiniz?
- Hər ikisinə baxmışam və hər ikisini çox bəyənmişəm.
- Film çəkmək asandı, yoxsa film kimi
yaşamaq?
- Film kimi yaşamaq olmur axı, bir az gülməli səslənir bu; film
kimi yaşamaq...
- Yaxşı film çəkməkçün çox oxumaq lazımdı, yoxsa çox
görmək (gəzmək)?
- İki ölkədə (Türkiyə, Gürcüstan) olmuşam. Dostum Cavid Təvəkkül
deyir ki, gündə 3 vərəq oxumaq, 1 vərəq yazmaq və 1 kinoya baxmaq
lazımdır. Cavid Təvəkküldən çox şey öyrənmişəm, ona "müəllim" deyə
bilərəm. Fikirlərimin formalaşmasında Cavidin çox böyük rolu
var.
- Arzularınızın neçə faizinə çatmısız?
- İndiyə kimi nə arzum olubsa hələ ki, hamısını həyata
keçirmişəm, bircə "Ferrari" qalıb. Arzular qurtarsa həyat da
bitər.
- Siyasi fikirləriniz maraqlıdı, incəsənət adamının
ictimai fikri olmalıdır, yoxsa ümumiyyətlə siyasətə
qarışmamalıdır?
- Mənə elə gəlir ki, heç kim heç kimin işinə qarışmamalıdır,
hərənin bir cür yanaşması var də, siyasətçi siyasətlə məşğul
olmalı, rejissor filmini çəkməlidir.
- Ölkəmizdə hazırda müasir filmin vəziyyəti? Sizcə, məs,
"Oskar"a neçə illik vaxtımız var?
- Niyə biz əsas kriteriya "Oskar"ı götürürük ki?! Bollivud film
istehsal edir, heç "Oskar" marağında da deyil. Biz bir az başqa
ölkəyik, məsələn, İran film çəkir, heç vaxt Hollivud haqqında
düşünmür. Biz Hollivuda uyğun film çəkmirik hələ ki. Necə
yaşayırıqsa, elə filmlər çəkməliyik. Bu dəqiqə bayırda atışma olan
film çəksək, tamaşaçı baxıb güləcək, çünki bizdə bayırda hazırda
heç kim heç kimi güllələmir.
- Dünyaya çıxmaq üçün filmlərdə mütləq dünyəvi mövzular
işlənməlidir?
- Dünyaya çıxmaq üçün mütləq deyil ki, bəşəri mövzu olsun,
məişət mövzusu da ola bilər. Filmi ona görə çəkirsən ki, sən nə
çəkirsənsə tamaşaçılar da onu görsünlər (mən belə fikirləşirəm).
Sənin düşündüyünü görsünlər.
- Rejissor gözü ilə baxsaz Azərbaycanda "ən yaxşı
aktyor" nominasiyasına kimi layiq görmək olar?
- Qurban İsmayılov və Rasim Cəfəri – ağlıma gələn bunlar
oldu.
Qeyd edək ki, Ramil Ağasıyevin ilk tammetrajlı filmi olan
"Arzuların ardınca" filminin premyerası mayın 14-də
keçiriləcək.