Öz siyasi addımları ilə dünya düzənini müəyyələşdirən,
bir növ, tarixi yazan bir çox diktatorların sonu faciəvi olub.
Faşist partiyasının lideri Mussolini də belələrindəndir. O 1945-ci
ilin 28 aprel tarixində sevgilisi Klara Petaççi ilə birlikdə
italyan partizanları tərəfindən güllələnmişdi...
Mussolininin ən böyük səhvi
Müharibənin son günləri Avropanın bütün diqqəti Reyxkansler
Adolf Hitlerdə ikən Fürerin müttəfiqi, italyan faşistlərinin öndəri
Benito Mussolini kölgədə qalmışdı.
1945-ci ilin aprel ayının sonlarına yaxın Hitler artıq özünə və
qələbəsinə olan inamını itirməkdəydi. İtaliyalı Duçe (Mussolini)
isə sonuncu gününə qədər xilas olmağın yollarını axtardı və həyat
mübarizəsi apardı.
Hitlerlə Mussolininin münasibətləri mürəkkəb idi. İtaliyalı
rəhbər hələ 1922-ci ildə hakimiyyəti ələ keçirmişdi – Hitlerin
Almaniyadakı hakimiyyətindən, təxminən, 10 il əvvəl.
Əvvəla, 1940-cı illərin əvvəllərində Mussolini iki ölkə arasında
qurulan sövdələşmədə artıq "kiçik tərəf" kimi qəbul olunurdu.
Mussolini ağıllı adam idi. Hələ müharibənin davam etdiyi
vaxtlarda başa düşmüşdü ki, Hitlerlə müttəfiq olmaqla səhvə yol
verib. Ona nisbətən daha tədbirli olan ispaniyalı lider Fransisko
Franko İkinci Dünya Müharibəsindən müvəffəqiyyətlə çıxdı.
Müharibədən sonra hələ 30 il – ölümünə qədər hakimiyyəti əlində
saxlaya bildi. Amma Hitlerin yaxın "sirdaşı" olan Mussolininin belə
bir şansı olmadı...
Fürerin marioneti
1943-cü ildə tərəfdarların Siciliya adasında baş tutan
toplantısında Duçenin yandaşları onu hakimiyyətdən devirmək və
İtaliyanı müharibədən çıxarmaq qərarına gəldilər. Belə ki, Duçe 25
iyul tarixində həbs edilir.
1943-cü ilin 12 sentyabrında Hitlerin əmri ilə alman desantları
Otto Skortseninin rəhbərliyi ilə Mussolinini həbsdən çıxarıb
Almaniyaya Hitlerin qəbuluna gətirirlər.
Hitlerlə görüşən Duçe xeyli gileylənir və səhhətindən
şikayətlənir. O, artıq siyasətdən uzaqlaşmaq qərarına gəldiyini
dilə gətirir. Lakin Hitler Mussolinini sözün əsil mənasında,
hakimiyyətə qayıtmağa və siyasi mübarizəyə davam etməyə məcbur
edir.
1943-cü ildən İtaliya artıq bitərəfliyini bir kənara qoyub alman
ağalığını qəbul etdi. Bu ildən İtaliya Sosial Respublikası öz
iplərini könüllü sürətdə Hitlerin əlinə verdi. Mussolininin
səlahiyyətləri məhdudlaşdı. O, artıq qlobal deyil, lokal düşünürdü
və yalnız yaxınlığındakı problemlərin həlli ilə məşğul olurdu:
xəyanətkarları tapıb güllələmək kimi (Qaleatso Çianonu xəyanətdə
ittiham edib güllələtdirdiyi kimi).
Mussolini içində olduğu vəziyyəti çox gözəl dərk edirdi. 1945-ci
ildə verdiyi müsahibələrdən birində dediyi sözlər bunun ən gözəl
nümunəsidir: "Xanım, mən bitdim. Mənim ulduzum sönüb. Mən
işləyirəm, çalışıram, amma bilirəm ki, bütün bunlar, sadəcə,
komediyadır. Mən faciənin sonunu gözləyirəm – özümü böyük aktyor
hesab etmirəm. Mən artıq hiss edirəm ki, ən sonuncu izləyicilərdən
biriyəm".
İsveçrəyə qaçış
1945-ci ilin aprelində vəziyyət elə mürəkkəbləşmişdi ki,
italiyalı Duçe artıq almanların vecinə deyildi. Mussolini bunu
gözəl başa düşürdü. Buna görə də başının çarəsinə baxmaq qərarına
gəlmişdi.
O, müharibə aparmağın bir mənası olmadığını bilirdi. Bu səbəbdən
qaçıb canını xilas etmək haqda düşünürdü.
Mussolini öz təhlükəsizliyinə təminat almaq üçün İtaliya
Müqavimət Hərəkatının üzvləri ilə danışıqlara girir, amma heç bir
nəticə əldə edə bilmir.
Uğursuz danışıqlardan sonra Mussolini Milanı tərk edir və Komo
şəhərinə üz tutur. Burda o, həyat yoldaşı Rakele Mussolini ilə son
dəfə görüşür. Bundan sonra Duçe birdəfəlik İtaliyanı tərk etmək
qərarına gəlir və İsveçrəyə üz tutur. Duçenin tərəfdarlarından heç
kim onunla birgə İsveçrəyə qaçmaq istəmir. Mussoliniyə onun
məşuqəsi Klara Petaççi qoşulur.
Alman forması Mussoliniyə kömək edə bilir
Aprelin 26-dan 27-nə keçən gecə Mussolini 200 alman əsgəri ilə
rastlaşır və onlara qoşulur.
27 aprel tarixində almanların qarşısını Harribaldinin 52 saylı
müqavimət briqadası kəsir. Qısa müddətli silahlı toqquşmadan sonra
alman zabiti danışıqlar aparmaq qərarına gəlir.
Partizanlar almanlara şərt qoyurlar – alman əsgərləri gedə
bilər, amma italyan faşistləri təslim olmalıdır. Almanlar, əlbəttə
ki, Duçeyə görə öz həyatlarından keçmək istəmirdilər. Əllərindən
gələn təkcə şey Mussoliniyə alman forması geyindirmək oldu.
Mussolini alman forması geyinir və əsgərlərin arasında keçməyi
ümid edir. Lakin hər şey o qədər də asan deyildi...
Qvardiyanın əsgərlərinə Mussolininin alman döyüşçüləri arasında
olduğu haqda məlumat verilmişdi. Çox çəkməyən yoxlanışdan sonra onu
tapmaq elə də çətin olmadı. Mussolini həbs edildi. 33 yaşlı
sevgilisini isə üzdən tanımırdılar və xanımı buraxmaq istəyirdilər.
Lakin Petaççi özü Mussolininin sevgilisi olduğunu etiraf edib
onunla birgə qalmaq istədiyini bildirdikdən sonra onu da həbs
edirlər.
Mussolinini sevgilisi ilə Donqoya göndərirlər. Burda
keçirdikləri gecə cütlüyün son gecəsi olur.
28 apreldə polkovnik Valter Audizio Donqoya gəlir və Mussolini
ilə Petaççini partizanlardan təhvil alır. Valter Mussoliniyə deyir
ki, onu xilas etməyə gəlib. Bu sözləri eşidən Duçenin gözləri
ümidlə parıldayır.
Mussolini ilə sevgilisini maşına mindirirlər. Culiano di
Medzeqra yaxınlığında avtomobil böyük bağçası olan bir evin
həyətinə daxil olur. Maşından düşən Duçeyə hasarla darvaza
arasındakı küncdə dayanması əmr olunur. Mussolini artıq hər şeyi
anlayır. Xanım Petaççi isə qorxudan əsməyə başlayır: "Ona heç nə
edə bilməzsiniz!"
Polkovnik Valter avtomatını Mussoliniyə yönəldir. Atəş açsa da,
avtomatdan güllə çıxmır. Belə olduğu halda polkovnik Mikele
Morettidən yardım istəyir. İllər sonra Mikele etiraf edir ki,
Duçeni məhz o güllələyib.
Birinci güllə Duçeni var gücü ilə qucaqlayan xanım Petaççiyə
dəyir. Polkovnik Valterin sözlərinə görə, o, əslində, xanımı deyil,
Duçeni öldürmək istəyirdi. Xanım Petaççi isə bədbəxt təsadüfün
qurbanı olub...
Bir saat sonra böyük bağçalı evin həyətində iki cəsəd vardı –
1945-ci ilin 28 aprel tarixində 16:10-da güllələnən iki aşiqin
cəsədi...