Fransanın məşhur TV5MONDE telekanalı Azərbaycan haqqında
geniş reportaj yayımlayıb.
Axar.az xəbər verir ki, həftəlik 55 milyon izləyicisi olan 220
ölkəni əhatə edən kanalın "Escapade" verilişində efirə verilən
reportajda ölkəmizin siyasi, iqtisadi, mədəni həyatı barədə
tamaşaçılara ətraflı məlumat verilib.
Reportajda qeyd olunur ki, Cənubi Qafqazın ən inkişaf etmiş
dövləti olan Azərbaycan son illər ərzində iqtisadi, siyasi,
humanitar və digər sahələrdə çoxsaylı uğurlar qazanıb, Bakı olduqca
müasir, eyni zamanda, qədimliyini qoruyan bir şəhərdir və burada
modern üslubda inşa edilmiş binalarla tarixi tikililəri yanaşı
görmək mümkündür. Verilişdə Bakının məşhur tarixi abidələrindən
olan Şirvanşahlar sarayının tarixi və əhəmiyyəti, müasir İncəsənət
Muzeyinin fəaliyyəti və burada nümayiş olunan eksponatlardan bəhs
olunaraq Azərbaycanın multikultral, tolerant cəmiyyət olması xüsusi
ilə vurğulanıb.
Cari ilin iyun ayında ölkəmizdə keçiriləcək I Avropa Oyunlarını
diqqət mərkəzində saxlayan reportaj müəllifləri Azərbaycan Milli
Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Avropa
Oyunları-2015 Əməliyyat Komitəsinin icraçı direktoru Saymon Kleqdən
Azərbaycanda idmana göstərilən qayğı, Avropa Oyunlarına hazırlıq
prosesi və bu yarışın gələcəkdə Azərbaycanın Yay Olimpiya
Oyunlarına ev sahibliyi perspektivləri kontekstində əhəmiyyəti
barədə fikirlərini öyrəniblər. Avropa Oyunları üçün inşa edilən
idman obyektlərindəki son tamamlanma işlərinin də işıqlandırıldığı
verlişdə ölkəmizin tanınmış idmançılarının Avropa Oyunları ilə
bağlı açıqlamaları da yer alıb. Güləş, bədii gimnastika və digər
idman növləri üzrə Azərbaycan milli komandanın üzvləri bu cür
möhtəbər yarışın ölkəmizdə keçirilməsindən məmnunluqlarını ifadə
ediblər.
Dünyanın bir nömrəli idman növü olan futbola da Azərbaycanda
böyük marağın olduğu qeyd edən reportaj müəllifləri "Qarabağ"
futbol klubunun öz oyunlarını təmsil etdiyi Ağdam şəhərində
keçirmək imkanından mərhum olmasını xüsusi vurğulayıblar. Verilişdə
qeyd edilib ki, bunun səbəbi Azərbaycanın ayrılmaz hissəsi olan
Dağlıq Qarabağ bölgəsi və ətraf rayonların Ermənistan tərəfindən
işğal olunmasıdır.
Həmçinin reportajda xalqımızın mədəni irsinin mühüm tərkib
hissəsini təşkil edən xalçaçılıq sənətinin bu günə qədər qorunub
saxlanılması təqdirəlayiq hal kimi qiymətləndirilib. Bütün dünyada
məşhur olan Azərbaycan xalçaları UNESCO-nun "Qeyri-maddi Mədəni
İrs" siyahısına salınıb. Opera və balet sənətinin də Azərbaycan
mədəniyyətindəki rolunun danılmaz olduğunu qeyd edən müəlliflər
Şərqdə ilk operanın məhz Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov
tərəfindən bəstələnməsi faktını reportajda xüsusi vurğulayıblar.
Verlişdə Azərbaycanın dünya mədəniyyətinə bəxş etdiyi incilərdən
biri olan muğamın da yaranma tarixi və xüsusiyyətlərindən bəhs
olunur, habelə onun UNESKO tərəfindən "bəşəriyyətin şifahi və
mənəvi irsinin şedevrləri" siyahısına daxil edildiyi
bildirilir.
Qeyd edək ki, reportaj Azərbaycan Respublikasının Prezidenti
yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə
hazırlanıb.
https://vimeo.com/126470324
https://vimeo.com/126472176