İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi respublikanın
bölgələrində maarifləndirmə tədbirləri həyata keçirir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a
verilən məlumata görə, Dövlət Sosial Təminat Xidmətinin
tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi cari ilin
yanvar-may aylarında 19 nəfər insan alveri qurbanına, habelə insan
alverinin qurbanına çevrilmək təhlükəsi olan 15 nəfərə müvafiq
yardımlar göstərib.
Onlardan bir çoxu eyni vaxtda müxtəlif növ zəruri yardımlarla
təmin ediliblər. İnsan alveri qurbanlarından, habelə insan
alverinin qurbanına çevrilmək təhlükəsi olan şəxslərdən 6 nəfəri
tibbi, 9 nəfəri psixoloji, 5 nəfəri hüquqi yardımla, 1 nəfəri
sığınacaqla təmin edilib. Həmçinin 9 nəfərinin ƏƏSMN yanında Dövlət
Məşğulluq Xidməti tərəfindən məşğulluğunun təmin olunmasına, daha 9
nəfərinin peşə hazırlığına cəlb edilməsinə köməklik göstərilib. Bir
nəfərinin ailəsinin isə ünvanlı dövlət sosial yardımı almaq
hüququna baxılması üçün müvafiq rayon ƏSMM-ə müraciət edilib.
Mərkəz tərəfindən insan alveri ilə bağlı ictimai məlumatlılığın
artırılması işlərinin davamı kimi, hazırda respublikanın
bölgələrində "İnsan alveri ilə mübarizə" mövzusunda maarifləndirmə
tədbirləri həyata keçirilir. Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə,
Şirvan, Salyan, Neftçala, Saatlı, Sabirabad, Kürdəmir və digər
rayonlarda daha çox gənclərin iştirakı ilə təşkil olunan
tədbirlərdə insan alveri anlayışı, onun növləri, insanların hansı
hallarda insan alveri qurbanına çevrildiyi, habelə insan alveri ilə
mübarizə formaları barədə interaktiv şəkildə məlumatlar
verilib.
Keçirilən maarifləndirmə tədbirləri iyun ayı ərzində ölkənin
digər regionlarında da davam etdiriləcək.