Yuxarı

Musa peyğəmbərin görüşdüyü Allah bəndəsi mələkdir...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu rəvayət Qurani Kərimin əl-Kəhf surəsinin 60-82-ci ayələrində nəql olunur və bu Allah bəndəsinin kimliyi haqqında heç bir məlumat verilmir. Amma Quran təfsirçiləri və tərcüməçilərinin böyük əksəriyəti israrla bu bəndənin Xızır peyğəmbər olduğunu iddia edirlər.

Bu haqda fikir yürüdə bilmək üçün öncə bir məsələyə aydınlıq gətirmək lazımdır: hansı mətnlərə şübhə ilə yanaşmaq olar, hansılarına isə olmaz. Qurandan başqa bütün mətnlərə, o cümlədən hədislərə, hətta Tövrat və İncilə da şübhə ilə yanaşmaq olar. Mənim bu iddiamın Tövrat və İncil ilə bağlı dəlili Qurandakı bu ayələrdir:

Zalımlar onlara deyilən sözü başqası ilə dəyişdirdilər. Biz də o zalımlara etdikləri fasiqliyə görə göydən şiddətli əzab göndərdik. (Bəqərə-2/59)

Bu əzab ondan ötrüdür ki, Allah kitabı haqq olaraq göndərib. Lakin kitab barəsində müxtəlif rəydə olanlar, şübhəsiz ki, uzaq bir nifaq içərisindədirlər. (Bəqərə-2/176, əvvəlki ayələrə baxsanız, söhbətin yəhudilərdən və Tövratdan getdiyini görə bilərsiniz.)

Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: "Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə müjdə verən Allah elçisiyəm!" Sonra peyğəmbər onlara açıq-aşkar möcüzələr gətirdikdə onlar: "Bu, açıq-aydın sehrdir!" – dedilər. (əs-Saff 61/6)

Bu Quran ayələrindən məlum olur ki, Tövrat və İncildəki mətnlər orijinal deyil (ən azından müəyyən hissələri), deməli, bu kitablara nəinki şübhə ilə yanaşmaq olar, hətta lazımdır da.

Tövrat və İncildən fərqli olaraq, Quranın şübhə götürməməsinin dəlili aşağıdakı ayəti kərimədir:

Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!" (əl-Hicr, 15/9)

Bu ayədən məlum olur ki, Quranı Allah özü qoruyacağını vəd edir. Bu səbəbdən də onun mətni şübhə götürməz.

Hədisə gəlincə, məsələ bir qədər də mürəkkəbləşir, çünki hədislərin mətnlərinin müəyyən məqsəd və maraqlar üçün dəyişdirilməsi ehtimalı daha da yüksəkdir. Buna görə də, hədislərdən dəlil arayarkən onun keçərli olması üçün həmin dəlili Quranın mətni ilə qarşılaşdırmaq lazımdır, əks halda həmin dəlilin heç bir dəyəri olmaz. Qurana uyğun olsa belə, hədisin səhihliyi yenə də yüz faiz olmaz, çünki həmin hədisin Qurana uyğunluğu adi bir təsadüf də ola bilər.

Beləki, mütəvatir (Mütəvatir - hədis, yalan söyləmək için bir araya gəlmələri düşünülməyən toplumlar zənciri ilə bizə çatan hədisdir) adlandıra biləcəyimiz ən uyğun hədislərdən biri peyğəmbərin "Vida Xütbəsi" haqqında olan hədisdir. Amma araşdırdıqda məlum olur ki, bu hədisin mətninin də bir neçə versiyası mövcuddur. Məsələn, bir versiyada: "Özümdən sonra sizə kitabı qoydum", başqa bir versiyada: "Özümdən sonra sizə kitabı və sünnətimi qoydum", üçüncü versiyada isə: "Özümdən sonra sizə kitabı və əhli-beytimi qoydum" - deyə peyğəmbərin adından nəql olunduğunu görürük. Belə olan halda, bu versiyalardan hansı səhihidir və hansını qəbul etmək lazımdır?.. İnsanın xisləti elədir ki, bu versiyalardan hansı onun karına gəlirsə, onu qəbul edəcək, dəlilini də ona dayandıracaq. Təhlükəli olan da elə budur...

İndi keçək əsas məsələyə, yəni Musa peyğəmbərin iki dənizin qovuşduğu yerdə görüşdüyü bəndənin kimliyinə. Bu rəvayəti araşdırmaq üçün həm Quran ayələrinə, həm də Buxarinin səhihində verilən hədisə baxaq.

Onun qısa məzmunu belədir: "Musa ilə gənc xidmətçisi Yuşa bin Nun (Quranda bu gəncin də kim olduğu bildirilmir) yola çıxdılar. Bir qayalığa çatanda, orada düşərgə salıb yatdılar. Səhər açılandan sonra, Musa gənc xidmətçisinə dedi ki, qəhvə altımızı gətir. Bu yol bizi tamam əldən saldı . Gənc xidmətçi dedi: "Gördünmü, dincəldiyimiz qayalıqda balığı unutmuşam" . Musa dedi: "Bizim istədiyimiz də elə bu idi". Geri qayıtdılar . Qayanın yanına çatanda, qumaşa bürünmüş bir bəndə gördülər . Musa dedi: "Sənə öyrədilmiş elmdən mənə öyrətmən üçün sənə tabe ola bilərəmmi?" Xızır dedi: "Ya Musa, sən mənimlə birlikdə olmağa dözə bilməzsən . Mən Allahın mənə öyrətdiyi bir elmi bilirəm ki, sən onu bilmirsən. Sən də Allahın sənə öyrətdiyi bir elmi bilirsən ki, mən onu bilmirəm". Musa dedi ki, inşallah mənim səbirli olduğumu görəcəksən. Yola rəvan oldular. Bir müddət sonra bir gəmi gəldi. Gəmiyə mindilər. Xızır gəminin taxtalarında birini sökdü. Musa dedi: "Bu adamlar bizi pul almadan gəmiyə mindirdilər, sən də onları suya qərq etmək üçün gəmilərini dəldin".
Xızır: "Demədimmi, sən mənimlə birlikdə olmağa dözə bilməzsən". – dedi. Musa dedi: "Unutduğum bir şeyə görə məni məzəmmət eləmə". Yola davam etdilər və bir oğlan uşağının öz dostları ilə oynadığını gördülər. Xızır oğlanın başından yapışıb onu yerindən üzdü. Bunu görən Musa qışqırdı: "Qisası vacib olmayan məsum bir canamı qıydın?" Xızır dedi: "Sənə mənimlə birlikdə olmağa dözə bilməzsən demədimmi?" Yollarına davam edib bir yerə gəldilər, yemək istədilər, amma əhali onları qonaq etmək istəmədi. Qarşılarına yıxılmaq üzrə olan bir divar çıxdı. Xızır əli ilə divara işarə etdi və onu düzəltdi. Musa dedi: "İstəsəydin bunun müqabilində bir muzd alardın". Xızır dedi: "Deməli, səninlə ayrılacağımız məqam çatdı".
Məhəmməd səlavatüllah buyurdu ki: "Musaya Allah rəhmət eləsin; çox istərdik ki, səbir göstərəydi və birlikdə etmiş olduqları daha çox şey bizə anlatılardı".

Hədis burada bitsə də, bu rəvayət Quranda belə davam edir:

(Bəndə) dedi: "Bu artıq mənimlə sənin aranda ayrılıq vaxtıdır. Dözə bilmədiyin şeylərin yozumunu sənə xəbər verəcəyəm!

Belə ki, gəmi dənizdə çalışıb-vuruşan bir dəstə yoxsula mənsub idi. Mən onu xarab etmək istədim, çünki qabaqda hər bir saz gəmini zorla ələ keçirən bir padşah var idi.

Oğlana gəldikdə, onun ata-anası mömin kimsələr idi. Buna görə də biz ata-anasını da azğınlığa və küfrə sürükləməsindən qorxduq.

Və Rəbbinin onun əvəzində onlara daha təmiz və daha mərhəmətli başqa bir övlad verməsini istədik.
Divara gəldikdə isə, o, şəhərdə olan iki yetim oğlanın idi. Altında onlara çatası bir xəzinə vardı. Onların atası əməlisaleh idi. Rəbbin onların həddi-buluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini tapıb çıxartmalarını istədi. Mən bunları öz-özümdən etmədim. Sənin səbir edib dözə bilmədiyin şeylərin yozumu budur!" (əl-Kəhf, 78-82)

Burada diqqətimizi çəkən birinci məqam hədisdə Xızır olduğu iddia edilən bəndənin: "Mən Allahın mənə öyrətdiyi bir elmi bilirəm ki, sən onu bilmirsən. Sən də Allahın sənə öyrətdiyi bir elmi bilirsən ki, mən onu bilmirəm", – deməsidir. Əgər o bəndə Xızır peyğəmbərdirsə, nədən iki peyğəmbərə öyrədilən elmlər bir-birindən bu qədər fərqlidir? Peyğəmbərlərin vəzifələri bir-birinə çox yaxındır: Allah kəlamını təbliğ və təlim etmək, insanlara doğru yolu göstərmək, Allahı təsbih etmək, insanlara xəbərdarlıq etmək, onları qorxutmaq və müjdələmək. Bu, Quran ayəsi dediklərimizi açıqca bəyan edir: "Ya peyğəmbər, Biz səni bir şahid, müjdəçi və qorxudan olaraq göndərdik. Allahın izni ilə Ona tərəf çağıran və nurlu bir çıraq olaraq göndərdik." (əl-Əhzab, 33/45,46)

Özünə mürşid seçdiyi bu Allah bəndəsinin əməllərinə Musa peyğəmbərin etiraz etməsinin səbəbi onun xeyir və şər, əxlaq və ədalət dəyərlərinə dayanan bir şəriətinin olmasıdır. Peyğəmbər olan kəs bir uşağı onun böyüyüb gələcəkdə öz valideynlərinə zülm edəcəyi iddiası ilə öldürməz, çünki Adəm əliyhüssalamdan Məhəmməd salavatullaha qədər Allah tərəfindən heç bir peyğəbərə cinayət törədilməzdən əvvəl kimsə cəza verilməsini qəbul edən bir şəriət verilməyib.

Bir anlıq gəlin, elə təsəvvür edək ki, gəmini deşməyə həmin bəndə deyil, Musa peyğəmbər cəhd edir. Bunu içi adam ilə dolu bir gəmidə heç kimin gözünə görünmədən etmək müşkül işdir. Sizcə, onu dərhal gəmidən endirməzdilərmi? Ya da öz həmyaşıdları ilə oynayan bir uşağın başını Musa peyğəmbərin üzdüyünü bir düşünün. Həmin uçaqlar öz valideynlərinə, ya da qətlə yetirilmiş uşağın valideynlərinə xəbər verməzdilərmi?

Bəs onda nə üçün heç kim bu bəndəyə maneə olmur? Bəlkə o yalnız Musanın gözünə görünür, yaxud da istədiyi zaman istədiyinin gözünə görünür, istəmədiyinə görünmür? Bu söylədiklərim ehtimallar olsa da, məncə, düşünməyinə dəyər. Məncə, bu Allah bəndəsi hər kimidirsə də, peyğəmbər deyil! Bəs onda kimdir?.. Bəlkə cindir?

Quranda cinlər və insanlar haqqında Allah belə buyurur:

Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi söyləyən və bu gününüzün gəlib çatacağı barədə sizə xəbərdarlıq edən peyğəmbərlər gəlmədimi? Onlar deyəcəklər: "Biz öz əleyhimizə şahidik!" Dünya həyatı onları aldatdı və onlar kafir olduqları barədə öz əleyhlərinə şəhadət verdilər. (əl-Ənam 6/130)

Bu ayədən bəlli olur ki, Allahu Təala cinlərə də peyğəmbərlər göndəribmiş və onlara göndərilmiş peyğəmbərlər yalnız vəhy vasitəsilə qeybdən məlumatlar ala bilərdilər. Məntiqə görə, cinlərə göndərilən peyğəmbərlərin də vəzifələri insan peyğəmbərlərinkinə oxşar olmalıdır. Cinlərin öz istəkləri ilə qeybdən bir məlumat ala bilməyəcəklərinin dəlilini aşağıdakı ayələrdə görürük:

Sonra Süleymanın ölümünü hökm etdiyimiz zaman onun öldüyünü cinlərə ancaq onun əsasını yeyən bir ağac qurdu xəbər verdi. O, yerə yıxıldıqda cinlərə bəlli oldu ki, əgər onlar qeybi bilsəydilər, alçaldıcı əzab içində qalmazdılar". (Səba 34/14)

Biz göyə qalxmaq istədik, amma onun güclü gözətçilər və yandırıb-yaxan ulduzlarla dolu olduğunu gördük. (əl-Cin 72/8)

Bu ayələrdən məlum olur ki, cinlər də bizim kimi qeybdən bixəbər məxluqlardılar. Əgər Müsanın görüşdüyü Allah bəndəsi cin də deylsə, onda bir seçim qalır: mələk. Əlbəttə, mələklər də Allahın izni olmadan qeybdən xəbər ala bilməzlər. Aşağıdakı ayə bu dediyimin dəlilidir:

Sənin Rəbbin mələklərə: "Mən yer üzündə bir xəlifə yaradacağam", - dedikdə mələklər: "Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədəcək və qan tökəcək bir kəs yaratmaq istəyirsənmi?"- söylədilər. Allah isə: "Mən bildiyim şeyi siz bilmirsiniz!" – buyurdu. (əl-Bəqərə 2/30)

Bəs onda bəşər və cindən mələkləri fərqləndirən nədir? Bu sualın cavabı məncə özgür iradədədir. İnsanla cin özgür iradə ilə yaradıldığından onlara peyğəmbərlər göndərilib. Mələklərin özgür iradəsi olmadığından onların içində Allahın dininə uymayan olmayacağına görə, onlara peyğəbər göndərilməsinə də lüzum olmayıb.

Elçilərin davranışları, insan və ya cin olmalarından asılı olmayaraq, öz ümmətləri üçün nümunədir. Bu hədisdə, Quran təfsirləri və tərcümələrində Xızır adlandırılan bu bəndəninki kimi qəribə davranışları Allahın elçilərində görməmiz mümkün deyil. Bu bəndənin davranışları örnək də alına bilməz. Onun elminə peyğəmbərlərin ehtiyacı da yoxdur. Peyğəmbərlərin göstərdikləri möcüzələr isə onların peyğəmbərliyini isbatlamaqdan başqa məqsəd güdməz.

Yuxarıdakı əməlləri Musa peyğəmbər etmiş olsaydı və bir yəhudi onu örnək alaraq valideynlərinə zülm edəcək deyə bir uşağı öldürsəydi, ya da qəsb ediləcəyi iddiası ilə başqasının malına zərər vursaydı, bütün bəşəriyyət xaosa sürüklənməzdimi? Öz cinayətinə bəraət qazandırmaq üçün yəhudi Musa peyğəmbəri dəlil göstərməzdimi?

Mələklərə peyğəmbər, ümmət və sünnət anlayışları xas olmadığından, məncə, Quran və hədisdə nəql olunan rəvayətdəki bəndənin davranışlarını da yalnız mələk sərgiləyə bilərdi.

Bu yazının sərlövhəsi sizə çox iddialı görünə bilər, amma o, Quran təfsirləri və tərcümələrinin həmin bəndənin Xızır peyğəmbər olduğu iddiasına etirazdan başqa bir şey deyil.

Düzünü Allah bilir!!!

Tarix
2013.12.31 / 21:25
Müəllif
Elşad Əliyev
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla