"Jurnalist söz və ifadə azadlığını,
ictimaiyyətin məlumat almaq hüququnu hər zaman dəstəkləyir; yaydığı
informasiyanın vicdanla, dəqiq və ədalətli ötürülməsinə zəmanət
verir; yol verdiyi səhvləri düzəltmək üçün mümkün olan hər şeyi
edir".
Bu statlar Böyük Britaniya
Milli Jurnalistlər Birliyinin (NUJ) müəllifliyi ilə qəbul edilmiş
Etik Kodeksin 1-3-cü bəndlərindəndir. Jurnalistikanın qızıl
qaydaları hesab olunan etik kodeksin məhz NUJ tərəfindən
hazırlanmış variantına müraciət etməyimiz təsadüfi deyil. Hər bir
ölkənin, həmçinin, bəzi ölkələrdə hətta ayrı-ayrı KİV
redaksiyalarrının əlahiddə etik kodekslərinin mövcud olmasına
baxmayaraq, bu müxtəlif kodekslərin kökündə məhz 80 il öncə NUJ
tərəfindən elan edilən prinsiplər dayanır. 1936-cı ildə Beynəlxalq
Jurnalistlər Federasiyası ilə birgə hazırlanaraq qəbul edilən 9
bəndlik kodeks təkcə Böyük Britaniya medası üçün deyil, qlobal
media məkanı üçün nəzərdə tutulub. Təşkilatın internet səhifəsində
qeyd edilir ki, bu kodeks sosial- siyasi yönümündən, ideoloji
baxışlarından və fəaliyyət göstərdiyi ərazidən asılı olmayaraq,
bütün KİV-lər tərəfindən qəbul edilir
(https://www.nuj.org.uk/about/nuj-code/ ).
The Guardianın fəaliyyəti dünyaya meyar kimi təqdim edilən
kodekslə daban-dabana ziddir. Qəzetdə son bir ay ərzində (may-iyun
ayları) Azərbaycan haqqında 40, o cümlədən, son 4 gün ərzində 23
məqalə dərc edilib. Məqalələr birmənalı şəkildə neqativ yüklüdür.
Əlbəttə, neqativ informasiya yazıb deyə, hər hansı bir KİV
redaksiyasını qınamaq olmaz, KİV-in işi məlumat yaymaqdır. Ancaq
əgər hər hansı bir ölkə, şəxs, proses barədə informasiyaların
neqativ təqdimatı əsassız tendensiyaya çevrilirsə, bu, kodeksin
tələblərinin pozulması deməkdir. The Guardianın problemi isə məhz
bu məqamla bağlıdır. Qəzetin səhifələrində Azərbaycan haqqında
"anti-demokratik", "geridə qalmış ölkə" rəyi formalaşdırılır. Qəzet
ən azı I Avropa Oyunları kimi möhtəşəm bir tədbirə yer ayırsaydı,
bəlkə də onun fəaliyyətini müzakirə etməyə zərurət qalmazdı. Amma
onu oxuyan şəxsdə təəssürat yaranar ki, sanki Azərbaycanda
ümumavropa idman yarışması keçirilmir və ya Britaniyanın idman
komandası bu yarışmada iştirak etmir. Günün hadisəsi olan bir
faktın üzərindən belə soyyuqqanlı keçidi jurnalistikanın hansı
prinsipi ilə izah etmək olar?
Qəzet Azərbaycanla bağlı 40 məqalədən yalnız 3-4-də I Avropa
Oyunları mövzusuna toxunulur, o da heç bir əsası olmayan ittihamlar
irəli sürmək məqsədilə. Yəni aktual olan l Avropa Oyunları
Azərbaycana qərəzli hücum üçün bəhanə kimi istifadə edilir.
Məsələn, I Avropa Oyunlarına sərf edilən vəsait bəzən 6, bəzən isə
8 milyard dollar civarında təqdim edilir. Baxmayaraq ki, Azərbaycan
hökuməti sərf edilmiş vəsaitin həcmi barədə dəfələrlə rəsmi
açıqlama verib. Əgər The Guardianın yönlədiriciləri özlərinin qəbul
etdikləri Kodeksi bircə dəfə oxusaydılar, yaxud ona azca hörmət
göstərsəydilər, ciddi hesab edib-etməmələrindən asılı olmayaraq,
qarşı tərəfin də mövqeyinə yer ayırmağı unutmazdılar. Amma bu
məqamda Azərbaycan hökumətinin adı çəkilmir, I Avropa Oyunlarının
təşkilat komitəsinə heç bir istinad verilmir, əsassız şəkildə iddia
edilir ki, "hakimiyyət I Avropa Oyunlarından özünü reklam üçün
istifadə edir".
Müqayisə üçün bildirək ki, The Guardian eyni dövrdə (may-iyun
ayları) Gürcüstanla bağlı təqribən 10 məqalə dərc edib ki, bunların
da əksəriyyəti reklam və dəstək xarakterlidir. Gürcüstanda turizmin
inkişafı; keçmiş prezident Mixail Saakaşvilinin Ukraynada vəzifəyə
gətirilməsi; Rusiyanın Gürcüstanı təhdid etməsi və Abxaziya
münaqişəsi kimi məsələlərə rəğbətlə yer ayrılıb.
Ermənistanla bağlı isə may-iyun aylarında təqribən 8 məqalə dərc
edilib: Kim Kardaşyanın şöhrəti, ermənilərin "soyqırım" problemi,
Ermənistan-Türkiyə münasibətləri. Bütün məqalələrdə də ermənilərə
dəstək xətti birmənalı keçir.
Oğurluq jurnalistika ...
Guardianın idman redaksiyasının rəhbəri Ouen Gibson ilk dəfə
Azərbayacna 2014-cü ilin dekabr ayında səfər etdi. O, I Avropa
Oyunlarına hazırlıq prosesini işıqlandırmaq istəyirdi. Lakin
qayıtdıqdan sonra idman və Avropa Oyunlarına hazırlıqla bağlı bir
kəlmə belə yazmadı. Onun materialları siyasi xatrakterli oldu və
təhrif edilmiş faktlar əsasında Azərbaycanı hədəfə almaq məqsədi
güddü. Fəaliyyəti ilə tanışlıq zamanı aydın olur ki, Gibsonun
imzası ilə siyasi yazı heç zaman hazırlanmayıb. O, ilk debütünü
Azərbaycan səfərində sınayıb. Jurnalistin belə "casus" davranışı
isə, Etik Kodekslə uyğun deyil və qətiyyətlə pislənilir. Yumşaq
tərzdə onu, yalnız oğru adlandırmaq mümkündür.
Məlumat üçün bildirək ki, I Avropa Oyunlarında təxminən min
nəfər xarici jurnalist akreditasiya üçün müraciət edib. Onlardan
cəmi 3 nəfərə mənfi cavab verilib. Biri də Ouen Gibson olub. Digər
iki jurnalistə isə əvvəlcə Dağlıq Qarabağa səfər etdikləri üçün
mənfi cavab verilib.
Araşdırmalar göstərir ki, Boyük Britaniya mediasının dünyaya etalon
kimi təqdim edilən prinsiplərə sayqısız yanaşma ənənsi var. Bu
yanlışın qaldırılması üçün zamanında ciddi cəhdlər göstərilsə də,
nəticə əldə etmək mümkünsüz olub....
Yarımçıq qalmış "Leveson işi"
Böyük Britaniyada ciddi senssasiya yaratmış "Leveson işi" az
müddət ərzində dünyaca məşhur oldu. 2006-2007-ci illərdə sadə
vətəndaşların telefonlarının izlənilməsində iştirakı, insanların
şəxsi həyatına müdaxilə, şantaj, insanların onlara etibar etdikləri
informasiyaların ictimailəşdirməsi, rüşvət qarşılığında polislə
qeyri-qanunu məsələlərdə əməkdaşlıq, informasiya mübadiləsi və
digər halların ifşasından sonra The Sun və News of World qəzetləri
haqqında hüquqi ölçü götürüldü. Qəzetlərin təmsilçiləri Rebeka
Bruks və Endi Kulson haqqında qərarların daha sərt olmasına
baxmayaraq, Britaniya mediasında qeyri-qanunu davranışların sonu
gəlmədi. Qanundan kənar, etik prinsiplərin kobud pozuntusu ilə
müşaiyət edilən hərəkətlər o qədər artdı ki, Britaniya hökuməti
Lord Braun Levesonun başçılığı ilə xüsusi araşdırmalar aparılmasına
zərurət duydu. 2011-2012-ci illərdə təqribən 100 media qurumu və
şəxsin cəlb edilməsi ilə aparılan proses media- hökumət,
media-cəmiyyət münasibətlərinin şəffaflaşdırılması, etik kodeksdən
kənar davranışların məhdudlaşdırılması üçün təkliflərin verilməsi,
mexanizmlərin qurulması ilə yekunlaşmalı idi. Amma araşdırmaların
yekunu olaraq 2012-ci ilin noyabrında ictimailəşdirilən nəticələr
neqativ durum barədə elə faktları aşkarladı ki, ikinci hesabatın
olacağı barədə vədlər gündəmdən çıxarıldı.
The Guardianın davranışları, Böyük Britaniyada ikinci "Leveson
işi"nin açılmasına ciddi ehtiyac olduğunu təsdiqləyir.
APA