Bu günlərdə Azadlıq Radiosunun Azərbaycan xidmətinin
rəhbəri Kənan Kazımoğlu tutduğu vəzifədən azad edilib.
Yeni Müsavat xəbər verir ki,
Kənan Kazımoğlunun işdən azad edilməsinə səbəb kimi radionun baş
ofisinin Azərbaycan xidmətində apardığı yoxlamalar göstərilir.
Yoxlamalar nəticəsində xidmətin radionun iş prinsiplərini pozduğu,
nizamnaməyə əməl etmədiyi ortaya çıxıb. Bakı bürosunun rəhbəri
Xədicə İsmayılovanın həbsindən sonra diqqət mərkəzinə gələn
Azərbaycan xidmətində yoxlama aparılması təşəbbüsü isə radionun
keçmiş əməkdaşlarından birinin şikayətindən sonra yaranıb. Bakı
bürosu bağlanandan və büro rəhbəri həbs ediləndən sonra ölkəni tərk
edərək baş ofisin yerləşdiyi Praqaya gedən və rəsmi qaydada Çexiya
hökumətindən sığınacaq istəyən əməkdaş Bakı bürosunun son illərdəki
fəaliyyəti ilə bağlı tənqidi mövqedə olub. Onun şikayətində büronın
keçmiş rəhbəri Xədicə İsmayılovanın işçilər arasında təfriqə
yaratdığı, ayrı-seçkilik saldığı, kənar maliyyə qaynaqlardan
radioya cəlb etdiyi vəsaitləri özünə yaxın çevrə ətrafında
bölüşdürdüyü ortaya çıxıb. Radioya kənar maliyyənin cəlb edilməsi
Nizamnaməyə ziddir. Belə ki, Azad Avropa və Azadlıq Radiosunun
Nizamnaməsinə görə, qurumun fəaliyyəti istisnasız olaraq ABŞ dövlət
büdcəsindən maliyyələşir və reklamlar da daxil olmaqla hər hasnı
kənar maliyyə qəbul edilməsi yasaqdır.
Araşdırmalar zamanı ortaya çıxıb ki, Azərbaycan xidməti və Bakı
bürosu bir neçə verilişi kənar qaynaqlardan maliyyə cəlb edilməsi
əsasında hazırlayıb. Həmin verilişlər bir neçə il efirdə olduğu
üçün söhbətin ciddi məbləğlərdən getdiyi aydındır. ABŞ-ın və
Avropanın dəstək fondlarından, maliyyə institutlarından cəlb edilən
vəsait Azadlıq Radiosunun Bakı bürosunun hesabına rəsmi qaydada
daxil olub. Sonrakı mərhələdə isə şəffaflıq pozulub.
Kənan Kazımoğlunun işdən uzaqlaşdırılmasını tələb edənlərin
arqumenti bu haqda ona dəfələrlə xəbərdarlıqlar edilməsinə
baxmayaraq onun heç bir tədbir görməməsidir. Radio rəhbərliyi hesab
edib ki, Kənan Kazımoğlu zamanında müdaxilə edərək qanunsuz
məqamların aradan qaldırılması yerinə özü prosesin iştirkçısına
çevrilib. Onun vəzifə məsuliyyətini dərk etməməsi sözügedən
məqamların Azərbaycan prokurorluq orqanlarının Bakı bürosunun
keçmiş rəhbəri Xədicə İsmayılovaya qarşı qaldırdığı cinayət işində
motivə çevrilib.
Yada salaq ki, əslən Naxçıvanın Nehrəm kəndindən olan Kənan
Kazımoğlu Amerika Birləşmiş Ştatları vətəndaşıdır. O, reportyorluğa
"Azadlıq" qəzetində başlayıb. 1997-ci ilə ABŞ-ın Milli Demokratiya
İnstitutunun Bakı bürosunun o zamankı rəhbəri Coanna Levinsonla
ailə quraraq Vaşinqtona köçüb. Ali təhsilini ABŞ-da alan Kənan
Kazımoğlu Azərbaycan xidməti ilə Mirzə Xəzərin rəhbərliyi
dönəmindən əməkdaşlığa başlayıb. Xidmətin Mirzə Xəzərdən sonrakı
rəhbəri Abbas Cavadinin müavini olub. Abbas Cavadi baş ofisdə
vəzifəyə dəvət edildikdən sonra – 2008-ci ildə Azərbaycan xidmətinə
Kənan Kazımoğlu rəhbərlik edirdi.
Əldə etdiyimiz informasiyalara görə, Azadlıq Radiosunun baş
ofisinin başlatdığı araşdırmalar davam edir. Yoxlamanı
çətinləşdirən məqamlardan biri Bakı bürosunun maliyyə məsələlərinə
məsul əməkdaşı da daxil, bir sıra işçilərinin Azərbaycandan
getməsidir. Onlar Xədicə İsmayılovanın həbsindən və radionun Bakı
bürosunun bağlanmasından sonra siyasi təqiblərdən yayınmaq üçün
Avropa ölkələrində sığınıb və hələlik yaşayış statusu almaları ilə
bağlı hüquqi prosedur tamamlanmayıb. Belə bir məqamda onların
maliyyə problemləri ilə bağlı araşdırmalara cəlb edilməsi
arzuolunan sayılmır.
Hələlik Kənan Kazımoğlu Azərbaycan xidmətində layihə rəhbəri
təyin edilib. Onun sentyabr ayında müəllif proqramı ilə efirə
çıxacağı gözlənilir. Azərbaycan xidmətinin rəhbəri vəzifəsi isə
müvəqqəri olaraq İlkin Məmmədova tapşırılıb. İlkin Məmmədov
Azərbaycan vətəndaşıdır, Bakı Dövlət Universitetinin jurnalistika
fakültəsini bitirib, 2008-ci ildə Praqada Azərbaycan xidmətində
çalışır.
Azadlıq Radiosu ilə bağlı ilginc xəbərlərdən biri də uzun illər
radionun veb bölümünün redaktoru olan Ayaz Əhmədovun işdən
getməsidir. Qaynaq iddia edir ki, Ayaz Əhmədov işdən öz ərizəsi ilə
gedib və indi Azadlıq Radiosunda işləyənə qədər yaşadığı
Norveçdədir. Bilməyənlər üçün qeyd edək ki, Ayaz Əhmədov 90-cı
illərdə Azərbaycanda çap edilən satirik "Çeşmə" qəzetinin
qurucularındandır. Siyasi satiranın güclü qələmlərindən sayılan
Ayaz Əhmədov 1993-cü ildə həbs edilmişdi. Azərbaycanın ilk siyasi
məhbuslarından olan Ayaz Əhmədov həbsdən azad edildikdən sonra
Norveçə mühacirət edib və uzun illər ailəsi ilə orada yaşayıb. Ayaz
Əhmədov Azərbaycan xidmətinin hazırladığı satirik buraxılışların
müəllifi olub. O, radioda Kənan Kazımoğluna ən yaxın şəxslərdən
biri kimi tanınırdı.
Azadlıq Radiosu kimi nüfuzlu bir qurumun Azərbaycan xidmətində
baş verən qanunsuz məqamlar ABŞ administrasiyasının xüsusi
diqqətindədir. Vaşinqton Azərbaycan-Qərb münasibətlərinin
kəskinləşdiyi vaxtda Azadlıq Radiosunun işgüzar nüfuzuna ziyan
vuran əməllərə görə narahatlıq keçirir.