Bu gün Bakı Apelyasiya Məhkəməsində həkim səhlənkarlığı
üzündən dünyasını dəyişmiş BSU-nun dekanı, tənqidçi Elnarə
Tofiqqızının (Niftəliyevanın) ölüm işi ilə bağlı Nəsimi Rayon
Məhkəməsinin çıxardığı hökmdən verilən şikayət üzrə növbəti proses
keçirilib.
Bu barədə Axar.az-a məlumat verən zərərçəkən Anar Niftəliyevin
hüquqi nümayəndəsi Səməd Vəkilovun sözlərinə görə, prosesdə qarşı
tərəf ötən iclasda verilən qərardan şikayət verəcəyini bildirib və
məhkəmə onun iddiasını təmin edib:
"Məhkəmənin ilkin baxışla bağlı qərarı poçt vasitəsilə tərəflərə
təqdim olunmamışdı. Qarşı tərəf məhkəmənin ilkin qərarından şikayət
vermək hüququndan istifadə edəcəyini bildirdi. Növbəti prosesə
qədər qarşı tərəf məhkəmənin ilkin qərarından Ali Məhkəməyə şikayət
göndərəcək".
S.Vəkilovun sözlərinə görə, Nəsimi Rayon Məhkəməsinin çıxardığı
hökmdən hər iki tərəf narazı qalıb:
"Qarşı tərəf Elnarə Tofiqqızının ölümündə özünü günahkar hesab
etmir, bəraət istəyir. Həmçinin, qarşı tərəf hüquqşünas kimi mənim
işdən uzaqlaşdırılmağımı da tələb edir. Təbii ki, bu, onların
hüququdur. Ancaq onlar bundan prosesi daha da uzatmaq, vaxt
qazanmaq üçün istifadə edirlər".
Zərərçəkən Anar Niftəliyev isə bildirib ki, hazırlıq iclasında
məhkəmənin qərarı ilə bağlı heç bir tərəf etiraz etməmişdi:
"Hakim Camal Ramazanov işi baxışa təyin edərkən məhkəmə
istintaqının keçirilib-keçirilməməsi ilə bağlı məsələyə hər iki
tərəfin münasibətini soruşdu. Həm zərərçəkən olaraq biz, həm də
qarşı tərəf Nəsimi Rayon Məhkəməsində aparılan istintaq işindən
razı olduğumuzu, yalnız 124.1 və 320.1 maddələri ilə təqsiri sübuta
yetirilən anestezioloqa verilən cəzadan narazılığımızı bildirdik.
Beləliklə də məhkəmə istintaqının aparılmaması barədə qərar
çıxarıldı. Bu gün yekun iclas olmalıydı, ancaq qarşı tərəf dərhal
etiraz edib, məhkəmə istintaqının keçirilməsi üçün vəsatət vermək
istədiklərini bildirdi. Mən etiraz etdim ki, ötən iclasda razı
olduğunu bildirdiyi və artıq protokollaşmış bir məsələyə qarşı
tərəf niyə təkrar qayıdır? Ancaq hakim qanunvericiliyə görə,
onların vəsatət hüququnun olduğunu bildirdi və proses təxirə
salındı".
Zərərçəkənin sözlərinə görə, qarşı tərəfin məqsədi hakimi
qeyri-rəsmi yollarla ələ almaq üçün vaxt qazanmağa hesablanıb:
"Nəsimi Rayon Məhkəməsinin iki maddə ilə təqsiri sübuta
yetirilən bir şəxsə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində
çəkməklə 2 il şərti cəza verməsi və onun həkim fəaliyyətini davam
etdirməsinə mane olmayan hökm çıxarması əlbəttə ki, ədalətsizdir və
bu ədalətsizliyə hansı yollarla onların nail olduqlarını bilirik.
İndi də eyni üsulla hakim Camal Ramazanova yaxınlaşma cəhdləri
edirlər. Görünür, hakim C.Ramazanov onların qanunsuz təkliflərini
rədd etdiyi üçün hakimə təsir vasitəsi tapmaq niyyəti ilə əlavə
vaxt qazanmaq istədilər. Ancaq güman etmirəm ki, bu ölkədə qatil
həkimi sona qədər müdafiə edən tapılsın. Ümidim odur ki, bu iki
maddə ilə təqsiri sübuta yetirilən anestezioloq Firuz İbrahimova
nəhayət, layiqli cəza veriləcək".
Zərərçəkən onu da qeyd etdi ki, ölkənin hüquqşünasları, Milli
Məclisin Hüquq komitəsinin üzvləri də daxil olmaqla çoxsaylı millət
vəkilləri artıq məsələyə münasibət bildiriblər:
"İctimaiyyətin də, millət vəkillərinin də gözü Apelyasiya
Məhkəməsindədir. Hamı baş vermiş bu qətlə görə məhkəmənin ədalətli
qərar çıxaracağını və Nəsimi Rayon Məhkəməsinin ədalətsizliyini
aradan qaldıracağını gözləyir. Mən cənab Prezident İlham Əliyev və
ölkənin birinci xanımı Mehriban Əliyevaya da müraciət etmişəm və bu
cinayət işi yüksək səviyyədə nəzarətdədir. Ümid edirəm ki, heç
olmasa bu dəfə cinayətkar layiq olduğu cəzanı alacaq".
Qeyd edək ki, mərhum E.Tofiqqızı 2013-cü il sentyabrın 20-də
"Medi Sina" klinikasında süd vəzi kanalının popilloması əməliyyatı
zamanı həkim səhlənkarlığından dünyasını dəyişib.
Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə
məhkəmə prosesi 19 noyabr 2014-cü ildən başlayıb. 23 aprel 2015-ci
ildə CM-nin iki maddəsi ilə - 124.1 (səhlənkarlıq nəticəsində ölümə
səbəb olma) və 320.1 (məsuliyyətdən azad olunmaq üçün rəsmi
sənədlərə bilə-bilə saxta məlumatlar daxil etmək) - suçlanan
anestezioloq Firuz İbrahimov barədə cəzasını məntəqə tipli
cəzaçəkmə müəssisəsində çəkməklə iki illik həbs hökmü
çıxarılıb.
Zərərçəkən tərəf cəzanın adekvat olmadığı iddiası ilə Apelyasiya
Məhkəməsinə şikayət verib. Hazırda cinayət işi Apelyasiya
Məhkəməsində, hakim Camal Ramazanovun icraatındadır.