Yuxarı

“Qız-qıza” dərdi – acı nəticələr

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda, xüsusilə, cənub zonasında yayılmış bir adət var. "Qız-qıza" adəti. Qayda belədir ki, iki ailə qarşılıqlı olaraq qız alıb, qız verir. Çox vaxt bu cütlüklərin birinin boşanması digər cütlüyün də həyatını alt-üst edir. Daha aydın olması üçün sizi Cəlilabad rayonu Muğan kəndində yaşayan Təranə Cabbarovanın həyat hekayəsi ilə tanış edəcəyik.

Cabbarova Təranə 1971-ci il iyun ayının 13-də Cəlilabad rayonunun Söyüdlü kəndində doğulub. 1994-cü ildə qardaşının qaynı Nail Məmmədovla ailə həyatı qurur və Cəlilabad rayon mərkəzinə gəlin köçür. Bu nikahdan biri qız, iki oğlu dünyaya gəlir. Təranənin dediyinə görə, uzun müddət firavan həyat yaşayıblar. Ancaq baş verən bir hadisə Təranənin firavan günlərinə son qoyub.


Qardaşıma görə məni boşadılar

2002-ci ilin sonlarında Təranənin qardaşı İlham həyat yoldaşı Sevinclə boşanıb:

"Qardaşımın boşanması mənim başımda çatladı. Həyat yoldaşım Nail də bacısına görə məndən boşanmamış gizlincə başqa qadınla evləndi. Və çox keçmədi ki, rayon məhkəməsinə verərək, üç azyaşlı uşaqla məni boşadı".


Bu evdə yaşasan, meyitin çıxacaq

"Bundan sonra mən də qarşı tərəfi məhkəməyə verib yaşamaq üçün ev istədim. Məhkəmə mənə həyat yoldaşımın ata evində yaşamaq üçün bir otaq ayırdı. Amma icraçılarla evə gedəndə həyat yoldaşımın qayınatası, bacıları bizi döyərək təhqir etdi. Dedilər ki, sən bu evdə yaşasan, sənin burdan meyitin çıxacaq. Bununla ürəyi soyumayan qayınatam Fərrux Məmmədov mənim ev hüququmun əlimdən alınması üçün apellyasiya şikayəti verdi. Ancaq iddiası təmin olunmadı".


Üç uşağa altı manat altmış qəpik aliment

"Sonra mən qarşı tərəfdən bir otağı pulla əvəz etmələri üçün apelyasiya şikayəti verdim, amma təəssüflər olsun ki, iddiam təmin olunmadı. Cəlilabad Rayon Məhkəməsi 2003-cü ildən mənə üç azyaşlı uşağa görə altı manat altmış qəpik aliment kəsdi. Bu pulla üç azyaşlı uşağı dolandırmaq olar? Son üç ildə bir çox qurumlara alimentlə bağlı şikayətimdən sonra hər uşağa 25 manat aliment kəsdilər. Amma onu da ala bilmirəm".

Qayınatam məni təhqir edir

"Aliment almaq üçün məhkəməyə gedirəm. Qarşı tərəf aliment ödəmək əvəzinə, qayınatam Fərrux Məmmədov məhkəməyə gələrək məni ağır söyüşlərlə təhqir edir. Məni şərləyərək deyir ki, uşaqlar bizim deyil. Amma mən etiraz etmirəm, buyursunlar, DNK analizi edək. Hər uşağa təyin olunmuş 25 manatı da hər dəfə icraçıların təkidindən sonra zorla verirlər. Amma onun da hamısını ala bilmirəm. 600 manata yaxın pulum qalıb onlarda. Hər ay alimenti kəsirlər".

İcraçılar heç bir tədbir görmür

"İcraçıların laqeyd yanaşmasına görə Ədliyyə Nazirliyinə müraciət etdim. İşimə baxılması üçün Rayon Məhkəməsinin icraçılarına verilən tapşırıq onları qıcıqlandırdı. İcraçılardan Səbuhi adlı şəxs zəng vuraraq şikayət etdiyim üçün məni təhqir etdi. Və çox keçmədi ki, Rayon Məhkəməsində məni görən Səbuhi bəy üstümə cumaraq məni hətta vurmaq istədi. Buna ətrafdakılar mane oldu".

Bələdiyyə torpağı mənə pulla satdı

"Torpaq almaq üçün Rayon İcra başçısına müraciət etdim. O da torpaq verilməsi üçün Muğan kənd bələdiyyəsinə göstəriş verdi. Amma bələdiyyə 12 sot torpağı mənə pulla satdı. Xəstə olduğum üçün işləyə bilmirəm. 70 manat sosial yardım alıram. Axı bu, dörd nəfər ailə üzvü üçün çox azdır. Kəndimizdə adamlar var ki, imkanlı ola-ola 200 manat sosial yardım alır. Xəstəyəm, heç yerdə işləmirəm".


Qız-qıza problem kimi

Problemə bir də sosioloqların gözüylə baxmaq istədik.

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova "Axar.az"a verdiyi açıqlamasında bu "ənənəni" qızların "valyutadəyişmə"si adlandırdı: "Düzdür, son dövlərdə bu tip şikayətlər nadir hallarda daxil olur. Buna baxmayaraq, xüsusilə regionlarda problem hələ də qalır. Əslində məsələ adət-ənənə ilə yox, son dövrlər qızların ailə qurmasının çətinləşməsi ilə əlaqədardır. Qız evdə qalırsa, ailə qurmursa, elçi gəlmirsə, artıq valideynlər narahat olur. Çünki bu, yaşadıqları cəmiyyətdə dedi-qodulara səbəb olur. Belə olanda valideynlər qız aldıqları ailə ilə razılaşıb öz qızlarını verirlər. Bu isə təxminən qızların "exchange"idir. Və sonra hansısa kişinin bacısı qayıdıbsa, o da öz yoldaşını ailənin, qohumların, ümumiyyətlə, cəmiyyətin psixoloji təzyiqi ilə boşamağa məcbur olur. Yəni siz bu addımı atdınız, biz də bu addımı atacağıq. Bu, sağlam ənənə deyil. Lakin eləcə deməklə bu problem aradan qaldırmaq olmaz. Yalnız ciddi marifləndirmə işi aparmaqla nəyəsə nail olmaq olar".

Tarix
2014.01.07 / 09:39
Müəllif
Vasif Əlihüseyn, Emil Bağırov
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla