Yuxarı

Rus helikopterin vurulması, Xırdalana uçan raketin hədəfi...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəli, biz qələbə çaldıq. Özü də bu qələbəyə kölgə sala biləcək mızıltılara hər hansı bir əl yeri qoymadan, mənfur düşməni kapitulyasiyaya, diz çökməyə məcbur edərək. Rəşadətli Ordumuz və onun müzəffər Ali Baş Komandanı ildırımsürətli müharibəni 44 günə, düşmənə göz açmağa imkan vermədən başa çatdıraraq bunları son 200 illik tariximizə qızıl hərflərlə yazdı.

Qələbəmiz bölgədə son 30 ildə süni surətdə bərqərar olmuş status-kvonu dəyişdirdi, həm də yeni siyasi reallıqların formalaşmasına gətirib çıxardı. Bu gün BMT-nin 4 Qətnaməsi yerinə yetirilib, Azərbaycanın ərazi bütövlüyü təmin edilib. Bölgə erməni faşızminin “qəhvəyi taunundan” xilas edilib, “dənizdən dənizə” sərsəm xülyaların üstündən birdəfəlik xətt çəkilib.

Vətən müharibəsi əslində yeni bir ölkə yaradıb. Burada çox şey əvvəlki kimi deyil - nə ictimai şüur və ictimai düşüncə, nə davranış, nə də milli şüur və ovqat. Milli qürurumuz, milli vüqarımız sərhədlərini xeyli genişləndirib, vətənpərvərlik duyğuları daha kəsərli olub, monolit birliyimiz və möhkəm ictimai-siyasi sabitlik formalaşıb.

Yeni reallıqlar Azərbaycanın dünya siyasətində oynadığı rola yeni dinamizm verməklə onu beynəlxalq münasibətlərin aktiv oyunçusuna çevirdi. İndi biz bölgənin supergücü kimi hərəkət edir, beynəlxalq münasibətlərə yeni imkanlarımızla xüsusi ton veririk. Bölgədə yeni siyasi konfiqurasiyanın, yeni siyasi düzənin formalaşmaqda olduğunu da nəzərdən qaçırmamalıyıq. Söhbət Şuşada qardaş Türkiyə ilə imzalanmış Strateji müttəfiqlik Bəyannaməsindən, iki qardaşın birləşmiş ordu briqadalarının yaradılmasından, “bir millət, iki dövlət” anlayışının şüur və ruh səviyyəsində bərqərar olmasından gedir. Tarixdə xalqlar və millətlər arasında misli görünməmiş bir keyfiyyət səviyyəsidir, elə deyilmi? Qardaş Pakistanın bu birlikdəliyə imza atması yeni geosiyasi konfiqurasiyanın möhtəşəm təzahürünə çevrildi. Bu yeni konfiqurasiya tarix yazan, tarix yaradan birliyin əzəmətli formasının lap özüdür.

“Müharibə dövründə Azərbaycan Ordusunun rəşadətli döyüşlərinin bir qismi dünya hərb tarixinə düşüb, müxtəlif ölkələrdə Azərbaycanın hərbi təcrübəsini öyrənirlər. Məsələn, yüngül silahlarla xüsusi təyinatlılarımızın Şuşanı azad etməsi hətta Pentaqon tərəfindən də araşdırılaraq öyrənilməkdədir. AN-2 qeyri-döyüş təyyarələri ilə düşməni azdıraraq onun S-300 hava hücumundan müdafiə sistemlərinin yerinin müəyyənləşdirilərək, PUA-larla məhv edilməsi mühüm yenilik olmaqla dünya hərb tarixinə yazıldı. Elə müharibənin gedişində PUA-lardan geniş istifadə edərək düşmənin döyüş texnikası və canlı qüvvəsinin məhv edilməsinin təcrübəsi də dünya tərəfindən öyrənilməkdədir. Gəncəni, Bərdəni ballistik raketlərlə vuran düşmən ordusundan fərqli olaraq, Azərbaycan Ordusu mülki əhaliyə zərər vuran hərəkətlərə qətiyyən yol vermədi, müharibəni aparılmasında dair Cenevrə Konvensiyasına sona qədər sadiq qaldı.

Amma əfsuslar olsun ki, Ermənistanda baş vermiş müharibənin dərslərindən nəticə çıxarmayan, qisasçı əhval-ruhiyyələri qızışdırıb bölgəni yenidən müharibəyə cəlb etmək istəkləri özünü hələ də büruzə verməkdədir. Özü də bu məsələdə bir sıra dövlətlər Ermənistanı revanşa hazırlamaq səylərini, neoimperialist cəhdlərini açıqca nümayiş etdirirlər. Bu səbəbdən Prezident İlham Əliyevin “CNN Türk” televiziyasına verdiyi müsahibəsində bölgədə yaşanan problemlərin bütün aspektlərinə toxunulub və Ermənistan rəhbərliyini 2-ci Qarabağ müharibəsinin dərslərindən ibrət götürməyə çağrılıb.

Baş verənlər siyasi mənsubiyyətindən asılı olmayaraq, hər birimizin vətəndaş təəssübkeşliyini daha da artırmalıdır, ölkəmizə qarşı uzanan xain əlləri kəsmək üçün milli birliyimizi, dövlət maraqlarımızı göz bəbəyi kimi qorumalıyıq. Bu fikri ona görə vurğulayırıq ki, hələ də möhtəşəm qələbəmizi “yarımçıq qələbə” deyə çağıraraq ona kölgə salmağa çalışanlar tapılır.

Azərbaycan müxalifətinin bütün spektrini, onların ideoloji və kadr bazalarını, müxtəlif dövrlərdə, xüsusən tarixi dönüş məqamlarında izlədikləri siyasi kursu çoxları yaxşı bilir. O səbəbdən onların İkinci Qarabağ müharibəsindən sonra bölgədə formalaşan siyasi reallıqlara, Azərbaycan iqtidarının, xüsusən də Prezident İlham Əliyevin qətiyyətli, əzmkar siyasətinə qısqanclıqla yanaşmaları heyrət doğurmaya bilmir. İş o yerə çatıb ki, az qala bütün dünyanın Azərbaycanın Qarabağda erməni işğalçılarına qarşı apardığı uğurlu hərbi əməliyyatların strategiya və taktikası haqqında heyranlıqla danışdığı bir zamanda bu qəbildən olan insanlar Rusiya sülhməramlılarından tutmuş sərhəddə baş verən hadisələrə qədər, hər şeydə hakimiyyətin nöqsanlarını axtarmağa, müharibədə qazandığımız misilsiz qələbənin əhəmiyyətini azaltmağa çalışırlar. Bunlar ölkədə söz və fikir azadlığını ifadə etsə də, qərəzliliyi və qeyri-obyektivliyi ilə cəmiyyətimizdə bərqərar olmuş milli həmrəyliyə və bu zəmində formalaşmış sabitliyə qarşı yönəldiyi dərhal hiss olunur. Niyə bunlar ərazi bütövlüyü və sərhədlərimizin tam dəqiqləşdirilməsi, bununla bağlı qisasçılıq və işğalçılıq ideyaları ilə vurnuxan Ermənistanla Sülh müqaviləsini imzalaya bilmədiyimiz bir vaxtda baş verir? Üstəlik bu məsələlərdə vasitəçilik missiyasını öz üzərinə götürmüş dövlətin siyasi dəst-xəttində işğalçını yenidən silahlandırıb, bölgədəki vəziyyəti gərginləşdirmək meyilləri açıq-aşkar özünü büruzə verməkdə olduğu bir zamanda...

Belə şəraitdə cəmiyyətdə radikal müxalifətin sərgilədiyi davranışların kimlər tərəfindən sifariş edildiyi yaxşı bilinir. Onlar iddialarında o qədər ifrata varırlar ki, qələbəmizin əhəmiyyətini azaltmağa belə cəsarət edir, cəmiyyətdə çaşqınlıq və məyusluq yaratmağa çalışırlar. Məsələn, bəzi “siyasətçilər” iddia edirlər ki, İlham Əliyev 10 noyabrda ordunu saxlamamalı, Xankəndiyə girməli idi, Rusiya ilə üçtərəfli sazişi imzalamamalı, “sülhməramlıları” ölkəyə buraxmamalı idi. Bunu demək asandır, çünki xalq qarşısında, tarix qarşısında məsuliyyətin yoxdur, amma bunu deyən adam nəticələrini də analiz etməli, özünü prezident, iqtidar kimi aparmağı, düşünməyi, davranmağı bacarmalıdır. Populistlər isə sadəcə birinci məsələni deyir, arxasında durmağı bacarıb-bacarmamaq haqqında heç nə söyləmirlər, çünki onların böyük əksəriyyətinin iqtidar olmağa nə bacarığı, nə də şansı var – sadəcə tənqid xatirinə tənqid edirlər. Bütün bunlar baş verənləri qəsdən təhrif etmək, suyu bulandırıb bulanıq suda öz niyyətlərini yeritmək cəhdlərindən başqa bir şey deyildir.

Xankəndi və ətrafında 2 minə yaxın “sülhməramlının” olması ilə 44 günlük Vətən savaşından öncə torpaqlarımızın Ermənistan tərəfindən 26 il işğalda saxlanılması, Hadrutu, Şuşanı, Kəlbəcəri, Zəngilanı, Qubadlını, Laçını, Füzulini, Ağdamı, Cəbrayılı, əsgərimizin qolu gücünə azad edilmiş yüzlərlə kənd-qəsəbəmizi, 130 km İranla, 400 km-ə yaxın Ermənistanla sərhədin azad edilməsi ilə müqayisə etsək, hansı təəssüratla rastlaşmalı olardıq. Məgər anlaşılmırmı ki, əslində rus “ayısı” proseslərə müdaxilə etmək üçün ayaqda idi, imzasız, sənədsiz Azərbaycan ərazisinə daxil olacaqdı, “ermənilər genosidə uğrayır” deyərək dünyanın da susqunluğunu arxalarına alıb, böyük qırğınlara səbəb ola bilərdilər, elə 20 yanvar 1990-cı ildə etdikləri kimi. Yaxud Naxçıvanda rus vertolyotu nədən qəsdən vurduruldu?! Ona görə ki, imza atmasaydıq, bu, savaş bəhanəsi olacaqdı! Xırdalana, Xızıya, Mingəçevirə qədər uçan raketlər nə üçün idi?! Şuşaya atılan, xoşbəxtlikdən hədəfdən yayınan İsgəndər-M raketləri ilə bağlı Azərbaycanın qaldırdığı məsələlərə hələ də cavab verilməyib. Bunları anlayıb başa düşmək məgər o qədər çətindir?! “Türkiyə yanımızdadır, Rusiya heç nə edə bilməz” və ya “Avropa, ABŞ, Qərb qoymazdı Rusiya Azərbaycana qoşun yeritsin” deyənlər geopolitik məsələlərdə yanılmırlar ki?! Bəyəm Rusiya “Ermənilər genosidə uğrayırlar, biz onları xilas etmək üçün giririk” desəydi, AB, ABŞ buna etirazmı edəcəkdi?! Qarşısınımı kəsəcəkdilər?! Tam tərsinə, oralardan da “genosid nağılları” yüksələcəkdi.

Sırf Qarabağ mövzusunda, sırf Rusiya sülhməramlılarının ölkəyə, heç olmasa, sənədlə, müqavilə ilə gəlməsinə razılığın olması çox pislə pis arasında seçim kimi idi. Və başqa yol yox idi, görünmürdü, “başqa yol var” deyənlər varsa, çıxıb səmimi şəkildə bunu ictimayyətlə bölüşsünlər.

Əli Kərimlinin söylədiklərini qoyaq bir yana, yenicə qeydiyyatdan keçmiş Haqq-Ədalət Partiyasının, Türkiyə türkləri demişkən, “çiçəyi burnunda” sədri Əli İnsanovdan hamı gözləyirdi ki, özü və partiyası əl-qolunu çırmayıb iqtidarla intellekt yarışına girişəcək, alternativ təkliflər, proqram və konsepsiyalarla gündəmi, necə deyərlər, zəbt edəcəklər. Amma olmadı, daha doğrusu, alınmadı, yəqin ki, heç vaxt da alınmayacaq. Yenə həmin dalğa, həmin koordinat. Çoxları kimi, Əli müəllim də İlham Əliyevin adını çəkməklə, onu yeri gəldi-gəlmədi haqsız tənqid etməklə özünün müxalifətçilik missiyasını bitmiş hesab edir. Kim bilməsə də, vaxtilə bu komandada nazir işləmiş Əli İnsanov yaxşı bilməlidir ki, müxalifət adı altında geopolitik cəhətdən əsaslandırılmamış iddialar əslində yağı düşmənin dəyirmanına su axıtmaq kimi bir şeydir. Üstəlik ümummilli məsələlərdə müxalifətçilik xəyanətə bənzər bir şeydir.

Əlbəttə, komanda ona göstərilmiş etimadda sui-istifadə edənlərdən xali deyil, rüşvət və korrupsiyanın kökü hələ tam kəsilməyib. Amma 2018-ci ildən startı verilmiş siyasi-iqtisadi islahatlar xətti, rüşvət və korrupsiya ilə amansız mübarizə artıq bəhrəsini verməkdədir. Hər halda, dövlətçilik təcrübəsinə malik olan Əli müəllim bu işlərin nə qədər həssas və mürəkkəb olduğunu, elə o səbəbdən də ehtiyatla aparılmasının zəruri olduğunu yəqin ki, bilməmiş deyil..

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin çeşidli tənqid ritorikası bəzən bütün siyasi və əxlaqi normaları aşıb keçir. O, sanki hər şeyə qara eynəklə baxır, elə bu səbəbdən də Prezident İlham Əliyevin dünya tərəfindən təqdir edilən Vətən müharibəsindəki qələbəsində belə hansısa tənqidi məqamlar axtarır. Tənqid etmək asandır. Bu tənqidlər irrasional tənqid formasında deyil, konseptual təkliflər, proqramlar şəklində edilsəydi, həm partiya sədrinin, həm də onun partiyasının intellektual bazasına müəyyən inam yarada bilərdi. Amma kor atı minib köndələn çapmağı sevən Əli Əliyev özündən başqa hamıda qüsur axtarır, ortaya isə quru və boş sözdən başqa heç nə çıxara bilmir. Peşəsi həkim olan bir şəxsin koronavirusa görə tətbiq edilən peyvəndləməyə qarşı çıxması, az qala bunu insan hüquqlarının pozulması kimi təqdim etməsi heç bir əndazəyə sığmır. İnsanları dövlətin milyonlar töküb gətirdiyi peyvəndlərin vurulmasından imtina etməyə çağırış açıq təxribat, qaşınmayan yerdən qan çıxarmaq cəhdidir. O özünü gələcəyin prezidenti kimi xəyal edərək hamıya onunla ehtiyatlı davranmağı tələb edir.

Politoloji anlamda müxalifətçilik tək problemləri pafosla dilə gətirib kəskin tənqid etmək demək deyil, həm də və daha çox çözüm yolları göstərmək, ortaya alternativ həll yolları qoymaqdır.

Xankəndiyə daxil olmağı, oradan bütün erməniləri çıxarmağı və Laçın dəhlizini də götürməklə ərazi bütövlüyümüzün təmin etməyi tövsiyə edirsiniz. Buna qüdrətli Ordumuzun potensialı çata bilərdi. Amma hələ ki obyektiv və subyektiv xarakterli bir sıra məsələlər ölkə rəhbərliyini daha ölçülü-biçili davranmağa vadar edir. Məsələlərin siyasi yolla həllinin tam tükənmədiyini, bununla bağlı bəzi proseslərin davam etdiyini, bu zaman Azərbaycana Fransadan açıq, ABŞ və Rusiyadan bəzən açıq, bəzən üstüörtülü təzyiqlərin davam etdiyini nəzərdən qaçırmaq olmaz.

Xankəndiyə hələlik ona görə girə bilmirik ki, orda bizim razılığımızla Rusiya sülhməramlıları yerləşib. Buna razılıq verməklə Azərbaycan beynəlxalq birliyə nümayiş etdirdi ki, biz etnik təmizləmə siyasəti aparmırıq, multikultural dəyərlərə önəm verən tolerant ölkəyik. Qarabağda yaşayan ermənilər bizim vətəndaşlardır. Separatçıların təsiri altında yollarını azsalar da, biz onlara güc tətbiq etmək niyyətində deyilik, onların cəmiyyətimizə inteqrasiyasının zamanla baş tutacağına ümid edirik.

“Elçibəy rus qoşunlarını çıxarmışdı, İlham Əliyev geri qaytardı” kimi tezislər irəli sürənlər də yanılır... Elçibəyin dövründə Qəbələ RLS-də rus hərbiçiləri qalırdı, İlham Əliyevin prezidentliyi dövründə həmin RLS bağlandı və rus əsgərləri Azərbaycanı tamamilə tərk etdi. Elçibəyin 1992-ci ildə Prezident kimi Rusiyanın ORT kanalına verdiyi müsahibə də ibrətamizdir. Yutub kanalında 17 avqust 2013-cü ildə “Elçibəyin ORT-yə şok müsahibəsi” başlığı altında yerləşdirilən müsahibədə Elçibəy deyir ki, biz Yeltsinlə sənəd paraflamışıq ki, İran-Azərbaycan sərhədlərini rus əsgərləri qoruyacaq, Rusiya ilə bizim aramızda isə sərhəd olmayacaq. Yaxud, Rusiyaya qarşı barışmaz mövqeyi ilə seçilən Saakaşvilinin, yenə də Yutubda “Qenialnıy refermator!” (Dahi islahatçı!) başlığı ilə bu il mayın 1-də yerləşdirilmiş çıxışı da düşünmək üçün kifayət qədər yeni faktlar verir. Həmin çıxışında Saakaşvili qeyd edir ki, 2008-ci ilin əvvəlində o, Rusiyaya təklif edib ki, ərazi bütövlüyü qarşılığında Rusiya ordusunu Gürcüstandan çıxarmasın və Gürcüstan Rusiya ilə müvafiq sazişlər imzalamaqla qərbyönümlü siyasətdən və NATO-ya üzv olmaqdan imtina etsin, amma Rusiya razılaşmayıb. Yəni Rusiya amili bu bölgədə həmişə təsirli olub, hələ ki, onu neytrallaşdırmağa müvəffəq ola bilməmişik.

Erməniləriin Qarabağdan qovub çıxarılmasını istəyənlər isə bilməlidir ki, dünya təkcə azərbaycanlılarla ermənilərdən ibarət deyil. Beynəlxalq birlik, region dövlətləri var. Əgər biz erməniləri Qarabağdan tamamilə qovmaq istəsəydik, buna nə adlar veriləcəkdi, bizə qarşı hansı sanksiyalar tətbiq ediləcəkdi? Məgər ikili standartların, xüsusən də xristian təəssübkeşliyinin başımıza hansı bəlalar gətirdiyini görmürsünüzmü? Üstəlik, Fransa, Rusiya, hətta ABŞ-ın münaqişəyə cəlb oluna biləcəyi ehtimalını fəhm edə bilirsinizmi? Bu halda nəticəsi bəlli olmayan müharibə uzana və neftdən asılı olan iqtisadiyyatımız ciddi zərər görə bilərdi.

Ali Baş Komandan İlham Əliyev bütün nüansları müdrikliklə dəyərləndirdi, necə deyərlər, yüz ölçüb, bir biçdi və Rusiya ilə o dövrün reallıqlarının diktə etdiyi kompromis xarakterli 10 noyabr razılaşmasına getdi. Bu, Rusiyaya inanmaq demək deyildi. Amma bu ölkənin hələ də bölgədə dominant rol oynadığını, beynəlxalq hüquq normalarını, beynəlxalq münasibətlərdə öz üzərinə götürdüyü öhdəlikləri heçə saydığını da nəzərdən qaçırmamalıyıq. Üstəlik, Kəlbəcər, Laçın və Ağdamı döyüşsüz geriyə qaytardıq, həm də üzü payıza gedən dağlıq ərazilərdə döyüşsüz və itki vermədən. Bunların əhəmiyyətini dəyərləndirməmək ən azı insafsızlıqdır.

Bu addımın Türkiyə ilə razılaşdırılmadan atıldığını da söyləyənlər tapılır.

Şübhə etmirəm ki, can qardaşımız olan Türkiyə Azərbaycanın nə vaxt dayana biləcəyini bilirdi. Yeri gəlmişkən, 10 noyabr sazişini Türkiyəsiz imzalamaqla “Türkiyəni satdıq” deyən bu məkrli insanlar anlamırlar ki, Türkiyə onu satan dövlətlə heç vaxt Şuşa Bəyannaməsini imzalamaz, Türkiyə Prezidenti Azərbaycan Prezidenti ilə birlikdə Bakıda hərbi parad qəbul etməz, Füzuli Beynəlxalq Hava Limanının açılışına gəlməzdi; Ərdoğan kimi xarizmatik lider İlham Əliyevə “qardaşım” deyə müraciət etməzdi.

İlham Əliyev realist siyasətçi kimi mövcud vəziyyətdə işğala son qoyulması üçün mümkün olan hər şeyi edib. İndikindən daha yaxşı variantı gerçəkləşdirmək mümkün olsaydı, o, mütləq bunu edərdi. Üstəlik, ölkə Prezidenti həyata keçirdiyi miqyaslı işin bütün nüanslarını ictimaiyyata açıqlaya bilməz. Burada Qərbin dəstəklədiyi və ərazi bütövlüyünə zamin durduğu Ukraynaya, yaxud Gürcüstan və Moldovaya baxıb ondan sonra qənaətlərə gəlmək pis olmazdı.

Heç kimə sirr deyil ki, bölgədəki problemlərin əksəriyyətinin - sərhədlərin müəyyənləşdirilməsindən tutmuş Sülh sazişinə qədər məsələlərin həlli daha çox Rusiyadan asılıdır. Rusiya siyasi iradə və istək nümayiş etdirib Ermənistanın öz beynəlxalq öhdəliklərini yerinə yetirməyə məcbur etsə, yəni Moskva razılaşmasının bütün maddələrinin yerinə yetirilməsini prinsipiallıqla tələb etsə, qısa bir müddətdə məsələ öz həllini tapa bilər və bölgəyə sülh və əmin-amanlıq gələr. Amma təəssüf ki, son vaxtlar biz mürəkkəb, birmənalı qiymətləndirilməsi çətin olan hadisələrin şahidi olmaqdayıq. Amma Azərbaycan siyasi rəhbərliyinin təmkinli davranışları ilə “burda mənəm, Bağdadda kor Xəlifə” deyən kəsləri gec-tez haqqın yoluna gəlməyə vadar edəcəyinə inanırıq.

Çoxumuz yaxşı bilirik ki, siyasətdə və diplomatiyada heç də hər şey göründüyü kimi deyil. “Biz demokratik ölkə olsaydıq, Qərbin Qarabağ məsələsində bizə münasibəti fərqli olardı” deyənlər unutmasınlar ki, ABŞ 1992-ci ilin sonunda Azadlığa Yardım Aktına 907-ci düzəlişi qəbul etməklə Azərbaycana sanksiya tətbiq edəndə Elçibəy Azərbaycan Respublikasının Prezidenti idi. Məhz həmin ərəfədə Qərb qardaş Türkiyəni məcbur etdi ki, Ermənistana taxıl göndərsin, amma dinc insanları Kəlbəcərdən köçürüb ikinci Xocalı soyqırımı yaşanmasının qarşısının almaq üçün Elçibəyə iki mülki helikopter verməsin. Amerikanın Qarabağın dağlıq hissələrində yaşayan ermənilərlə bağlı, onun Ermənistandakı xanım səfirinin hər cür diplomatik etiketləri aşıb keçən hərəkətləri normal düşüncələr üçün yaxşı faktlar verir. Üstəlik Əfqanıstan hadisələri də göstərdi ki, demokratiya və insan haqları məsələsi çox vaxt Qərbin dilində quru sözdən başqa bir şey deyil.

Azərbaycanın “Krım platforması”na qoşulmaması, 44 günlük savaşdan sonra “Azərbaycanın Rusiyanın forpostuna çevrilməsi” barədə sərsəm mülahizələrə də rast gəlinir. Tamamilə absurd səslənən bu fikirlərə cavab olaraq deməliyik ki, əksinə, müharibədən sonra bölgədə yeni siyasi reallıqlar, yeni siyasi konfiqurasiya formalaşmağa başlayıb. Ölkəmiz bölgənin supergücünə çevrilib. Dövlət başçımız Rusiyaya strateji tərəfdaş deyil, qonşu dövlət kimi müraciət edir. Bunlar Azərbaycanın yeni strateji seçim qarşısında olmasından xəbər verir.

Rusiya XİN rəsmi şəkildə bəyan etdi ki, “Krım platforması”na qoşulanları Rusiya özünə düşmən dövlət hesab edəcək. Rusiyanın burada nə demək istədiyini başa düşmək çətin deyil. Onu da bilirik ki, bizim həmin tədbirə qatılmağımız Ukraynanın ərazi bütövlüyünü bərpa etməyəcək, amma bizimlə Rusiya arasında belə həssas dönəmdə ciddi problemlər yaranacaqdı. Buna baxmayaraq, hətta Ukraynanın özü də bizi anladığı halda bəziləri deyir ki, yox, Ukrayna səfiri Şuşaya getdiyi üçün, Ukrayna bizim ərazi bütövlüyümüzü müdafiə etdiyi üçün, Türkiyə həmin tədbirə qatıldığı üçün biz də həmin tədbirə qatılmalıydıq.

Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və bu mövqeyini dəyişməyib. Rusiyaya qarşı sərt mövqe sərgiləməyi tələb edən bu adamlar anlamalıdır ki, siyasət mümkün olanı əldə edə bilmək sənətidir, hər şeyi öz arşını ilə ölçüb reallıq hissini itirənlər isə xalqın duyğuları ilə oynamaqdan başqa heç nəyə nail ola bilməzlər.

Hazırda bütün işğaldan azad olunmuş ərazilərdə geniş tikinti-quruculuq işləri başlayıb. Qarşıda duran əsas məsələ həmin ərazilərdə quruculuq işlərini vüsətlə aparmaq, bölgənin infrastrukturunu yaratmaqla “böyük qayıdış” proqramının önünü açmaqdır. Son 30-40 ildə dünya miqyasında dövlətlərin bu qəbildən və bu miqyasda üzləşdikləri iri tikinti layihələri olmayıb.

Tarix
2021.11.10 / 09:54
Müəllif
Qabil Hüseynli
Oxunub
60 755
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla