2014-01-15; 22:57:42
Polkovnik-leytenant müdafiə nazirinin əmrini yerinə
yetirməyib.
Azərbaycan Ali Hərbi Məktəbinin tədris şöbəsinin rəisi mayor
Ramiz Fərəməzov həbs edilib. Prokurorluq orqanları onun barəsində
korrupsiya faktları üzrə istintaq araşdırmaları aparır. Bu barədə
"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinə hərbi
mənbələrdən məlumat verilib.
Mənbə bildirib ki, məktəbin sabiq rəis əvəzi polkovnik Mirzəli
Yusifov yanvar ayının ilk həftəsində həbs edilib. Ramiz Fərəməzovun
Mirzəli Yusifovun "əlaltısı" və "pul yığmaq" üzrə biznes ortağı
olduğu bildirilir.
Mənbə bir sıra maraqlı faktları açıqlayıb. Maraq doğuran fakt
budur ki, Mirzəli Yusifov və Ramiz Fərəməzovla iş ortağı olan Hərbi
Mühəndis Kafedrasının rəisi vəzifəsini sifarişlə 8 ildən çox icra
edən vəzifəcə Hərbi Mühəndis Kafedrasının rəisi olan
polkovnik-leytenant Məmmədov Həsən Məmməd oğlu hətta Müdafiə naziri
general–polkovnik Zakir Həsənovun əmrini belə yerinə yetirmək
istəmir. "Mən naxçıvanlıyam və general Kərəm Mustafayevin adamıyam"
deyərək hələ də at oynadır. 15 yanvar 2014-cü il tarixində Ali
Hərbi Məktəbin rəisinə özünü təqdim etmiş hərbi xidmətini davam
etdirmək üçün gəlmiş Hərbi Mühəndis Kafedrası rəisinin müavini
vəzifəsinə Müdafiə nazirinin əmri ilə təyin olunmuş
polkovnik-leytenant Şeydayev Ruslan Fərhad oğlu öz iş otağına
polkovnik-leytenant Həsən Məmmədov tərəfindən buraxılmayıb. Silsilə
rəisi Hərbi Mühəndis Kafedrası rəisinin müavini polkovnik-leytenant
Ruslan Şeydayevə müəllimlər otağında oturmağı əmr edib.
Əldə olunan məlumatlara görə Ali Hərbi Məktəbin rəisi
general-mayor Heydər Piriyev işə qarışıb. Onun tapşırıqlarına
baxmayaraq silsilə rəisi hələ də kafedra rəisinin xidməti iş
otağını azad etmək istəmir. ("Musavat.com")
***
2014-01-16 10:15:42
Müdafiə Nazirliyinin mətbuat xidməti Ramiz Fərəməzovun həbsini
təsdiqləyib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən
məlumata görə, Ramiz Fərəməzov 26 avqust 2013-cü il tarixində yaşa
görə Silahlı Qüvvələrin sıralarından təxris olunub: "O, mülki
vətəndaşdır. Müdafiə Nazirliyinə aidiyyəti yoxdur".
Qeyd edək ki, bir necə gün öncə Heydər Əliyev adına Azərbaycan
Ali Hərbi Məktəbinin (AAHM) keçmiş rəisi polkovnik Mirzəli Yusifov
da həbs edilib. O, Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma)
maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində
3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.