Vəhhabilərin radikal qanadı olan xəvaricilər ölkədə
şəriət hökumətinin qurulması üçün istənilən yolu məqbul
sayırlar.
Onların iddiasına görə, özlərindən başqa hamı kafirdir
Azərbaycanlıların Suriyada vuruşması və mücahid kimi ölümü ilə
bağlı xəbərlərin intensivləşməsi bir daha vəhabi təriqətini gündəmə
gətirir. Xarici görünüşünə görə fərqlənən və getdikcə daha tez-tez
rast gəldiyimiz bu təriqət nümayəndələrindən bəziləri niyə Suriyada
gedən daxili toqquşmalarda iştirakçı olurlar?
Ümumi anlamda əgər kafirlərə qarşı vuruşmaqdan və bunun üçün
bütün məkanların məqbul sayılmasından söhbət gedirsə, niyə "vəhabi"
olaraq tanınan gənclər döyüş yeri kimi Suriyanı seçirlər? Axı orda
hər iki tərəfdə müsəlmanlar dayanır!
İki mühüm məqamı nəzərə aldıqda, bu narahatlıq daha da
artır:
1) "Vəhabi" deyə ümumiləşdirdiyimiz bu təriqət daşıyıcılarının
sırasında artıq özünü təqdiqləmiş, gənc yaşından fərqlənən
idmançıların, dini təhsil görən insanların sayı çoxalmaqdadır;
2) Artıq Azərbaycanın özündə belə, bu təriqət nümayəndələrinin
sabitliyi pozacaq səviyyədə münaqişələrinin şahidi olmaqdayıq.
Sonuncu Sumqayıt hadisəsi və orada silahlı toqquşma
dediklərimizə sübut sayıla bilər.
Biz niyə bu qədər tolerantıq?
Azərbaycanda dini dözümlülük ənənədir: İslamın ilk gəlişi ilə
zərdüştilik və türk dünyagörüşü ilə qarşılaşmalar yeni-yeni dini
təriqətlərin geniş vüsət almasına şərait yaratdı ki, tarixən bu
təriqətlərin əksəriyyətinin mürşidinin Azərbaycandan çıxdığı
bəllidir. Bu baxımdan dini təfəkkürdə fərqli dünyagörüşləri olan
azərbaycanlılar əsrlərin sınağından çıxan dözümlülüklə, normal hal
kimi yanaşmağa adət ediblər.
Amma görünür, Azərbaycanda dini tolerantlıq ənənəsinin
mövcudluğu müəyyən dövlətlərin təriqət adı ilə dəstəklədiyi,
konkret strateji siyasi məqsədlər üçün yetişən zamana hazırladığı
qrupların inkişafına münbit şərait yaradır. Nəticə etibari ilə
hazırda Azərbaycanda təriqətlər kimi görünən qruplar mövcuddur ki,
onlar ölkə üçün ciddi fəsadlar yarada bilər.
Bu sırada xüsusilə vəhhabilərin adı çəkilir. Amma...
Vəhabi, yoxsa sələfi?
Bu gün Azərbaycanda hər addımda bədəvi ərəb qiyafəsində olan
soydaşlarımıza rast gəlirik. Hamı onları "vəhabi" adlandırır. Amma
onlar bu adı qəbul etmirlər. "Vəhabilik fitnədir, biz
sələfilərik",- deyirlər. Əslində isə sələfilər də elə vəhabilərdir.
Daha doğrusu, sələfilər vəhabilərin mülayim qanadı hesab
olunur.
Hacı Qamət Süleymanovun imamlığını qəbul edənlər sələfilər
sayılır. Sələfilər Azərbaycanda şəriət hökumətinin qurulmasına
çalışsalar da, o qədər də təhlükəli deyillər. Ən azı ona görə ki,
sələfilər məqsədlərini həyata keçirmək üçün radikal addımlar atmağa
ehtiyac görmürlər. Onlar Azərbaycandakı vəziyyətdən narazı
olduqlarını və çıxış yolunun şəriət qaydalarının bərqərar
olunmasında gördüklərini gizlətmirlər. Amma məqsədlərinə çatmaq
üçün bütün yolları məqbul saymırlar. Məsələn, qarşıdurma, terror
onların seçdiyi yol deyil.
Bundan əlavə, sələfilər İslamın digər təriqətlərini qəbul
etməsələr də, onlarla konfliktə girməyə də həvəs göstərmirlər.
Vəhabilərin radikal qanadı sayılan və xəvaricilər adlanan qrup
isə sələfilər kimi düşünmür.
Xəvarici - Hənəfilərin bir qolu?!
Xəvaricilik bir neçə ildir ki, Azərbaycanda yayılıb. Qeyd edək
ki, bu xəvariclər İmam Əlinin (ə) xəlifəliyi dövründə ondan ayrılan
xəvariclərlə qarışdırılmamalıdır. Bunlar 20-ci əsrin əvvəllərində
Misirdə "İxvanül Müslimin" (artıq Azərbaycanda kifayət qədər
tanınan və Misirdəki hadisələrdə böyük rol oynayan "Müsəlman
Qardaşları") təşkilatının üzvləri tərəfindən həbsxanada
yaradılıb.
Azərbaycanda isə xəvariciliyi yayanlar ərəb ölkələrində,
xüsusilə də məhz Suriyada təhsil almış tələbələrdir. Xəvariciliyin
din pərdəsi altında sırf siyasi məqsədlərə xidmət etdiyi xüsusi
vurğulanır.
Xəvaricilər etiqadda "əhli sünnə vəl camaat"a, daha dəqiqi,
sünniliyin Hənəfi qoluna mənsub olsalar da, özlərindən başqa hamını
kafir sayırlar. Bunu isə yalnız özlərinin siyasi hakimiyyətlərə
qarşı mübarizə aparması və şəriət qayda-qanunlarının bərqərar
olmasına çalışmaları ilə izah edirlər. Xəvaricilər özlərindən başqa
hamını kafir saydıqları üçün onları təqfirçilər də
adlandırırlar.
Xəvaricilər niyə Qarabağı yox, Suriyanı
seçir?
Xəvaricilərə görə, şəriət qayda-qanunları ilə idarə olunmayan
müsəlman ölkələri, o cümlədən Azərbaycan "Darül küfr", yəni
"Kafirlər diyarı"dır. İddia edirlər ki, şəriət qayda-qanunlarının
hökm sürmədiyi müsəlman ölkələri Avropa dövlətləri və yəhudilərin
"Masson" təşkilatı tərəfindən idarə olunur. Ona görə də xəvaricilər
bu müsəlman ölkələrindəki siyasi hakimiyyətləri istənilən yolla
dəyişməyə hazırdırlar.
"Küfrlər diyarı" saydıqları Azərbaycanın haqq-ədalət savaşında
isə iştirak etmək istəmirlər. Onların anlamında Suriyada İslamın
digər təriqətində olana qarşı savaşmaq olar – çünki onlar
"bacı-qardaşlarını təhqir edirlər", amma Qarabağda xristianlara
qarşı vuruşmaq lazım deyil – baxmayaraq ki, xristian sayılan
ermənilərin müsəlman azərbaycanlıların bacı-qardaşlarını təhqir
etdiklərinə dair kifayət qədər sübutlar var. Onların aləmində
azərbaycanlılar küfr sahibi olduğundan, bu savaşda "iki kafir
vuruşur".
Xəvaricilərin Azərbaycanda rəhbəri kimidir?
Medianın əldə etdiyi məlumata görə, xəvaricilərin Azərbaycandakı
rəhbəri Hacıbala adlı şəxs olub. Əslən Qazax rayonundan olan bu
şəxs Sumqayıt sakinidir. 3-4 il əvvələ qədər həbsdə olduğu
dəqiqləşdirilən bu şəxs barədə hazırda səhih bilgi yoxdur: azad
olunubmu; olunubsa, haradadır və s.
Hacıbalanın Sumqayıt sakini olması xəvariciliyin bu şəhərdə daha
geniş yayılmasının səbəbidir. Diqqət edirsinizsə, Suriyada vuruşan
və mücahid kimi ictimaiyyətə təqdim edilən azərbaycanlıların da
böyük əksəri Sumqayıtdandır və ya Sumqayıta bağlı olanlardı – ya
orada təhsil alıb, işləyib və s.
Onlar özlərini Sumqayıtda çox sərbəst hiss edirlər. Təsadüfü
deyil ki, "təriqətdaxili qanlı toqquşmalara" da "ev sahibliyi
edən"lər sırasında hələlik Sumqayıtın adı çəkilir.
Xəvariciliyin Şəki-Şirvan bölgəsində (sünnilərin yaşadığı
ərazilərdə) geniş yayıldığı bildirilir.
Qeyd edək ki, xəvaricilər xüsusi xidmət orqanların diqqətini
cəlb etməmək üçün qrup halında fəaliyyət göstərmirlər. Onlar əsasən
xeyir-şər evlərində toplaşırlar. Əksər hallarda isə bir-birlərilə
internet vasitəsilə əlaqə saxlayırlar.
Əsl müsəlman harada döyüşməlidir?
Yuxarıda bu suala aydınlıq gətirməyə çalışdıq. Onların iddiasına
görə Qarabağ "iki kafir ölkənin" savaşıdır!
Onlar tez-tez hər kəsə belə bir sual verməyi xoşlayırlar: "Bütün
müsəlmanları özünün bacı və qardaşın hesab edirsənmi?"
Müsbət cavab alan kimi, "Bəs onda niyə İraq, Suriya,
Əfqanıstandakı bacı-qardaşlarına kömək etmirsən? Kafirlər sənin
bacı-qardaşlarının başına min oyun açırlar, niyə səsini
çıxarmırsan?"
Maraqlıdır ki, nə İraq, nə Suriya, nə də xəvaricilərin daha çox
qeyrətini daşımağı üzərlərinə götürdüyü digər ölkələr şəriət
qaydaları ilə idarə olunur. Deməli, xəvaricilərin məntiqincə, bu
ölkələr də "darül İslam" sayılmamalıdır. Amma nədənsə onlar bu
ölkələr haqqında belə düşünmürlər. Niyə?
Bunu bir özləri, bir də Allah bilir. Bizə isə sadəcə,
mülahizələr yürütmək qalır. Ən inandırıcı versiya budur ki, ola
bilər, Azərbaycandakı xəvaricilər ölkəmizə qarşı olan hansısa
dövlətlərin xüsusi xidmət orqanları ilə bağlıdırlar. "Əsl müsəlman
Qarabağda döyüşməməlidir" ideyasını da həmin dövlətlərin xüsusi
xidmət orqanlarının tövsiyəsi ilə təbliğ edirlər.
3 dəfə "yox" desən, qanın da, namusun da
halaldır
Xəvaricilər sələfilərdən fərqli olaraq saqqal saxlamağı məcburi
qayda saymırlar. Onların məscidə gəlişi və cümə namazı da dəmir
intizam deyil. Onların fikrincə, cümə namazında imam dövlətin
rəhbəri olmalıdır. Bir halda ki, dövlətin başçısı imam deyil, onda
məscidə getməyə, cümə namazı qılmağa vaxt sərf etməyin heç bir
mənası yoxdur. Kafir hakimiyyəti necə devirib, onun yerində şəriət
hökuməti qurmaq barədə düşünmək daha məqbuldur.
Xəvaricilərin İslama (təbii ki, özlərinin başa düşdüyü İslama)
dəvəti də absurddur. Onların fikrincə, bir şəxs üç dəfə İslama
dəvət oluna bilər. Hər üç halda cavab mənfi olsa, onda həmin şəxsin
qanı da, namusu, əmlakı da halal sayılır. Beləliklə də özlərini əsl
müsəlman sayan xəvaricilər "Dində məcburiyyət yoxdur" ayəsini
"unudurlar".
Halbuki onlar "Qurani Kərim"i çox gözəl bilirlər. Dini
mübahisələrdə "Qurani Kərim"dən elə iqtibaslar gətirirlər ki,
rəqiblərinin matı-qutu quruyur.
Sonda bildirək ki, xəvaricilər hələ ki, Azərbaycanda sələfilər
kimi təşkilatlana bilməsələr də, hər halda mövcuddurlar və
sıralarını artırmağa nail olurlar. Belə olmasaydı, Suriyada döyüşə
yollanan gənclərimizin sayı getdikcə artmaz, ölkə daxilində silahlı
qarşıdurmaya qədər getməyə risk etməzdilər.