2022.12.22, 13:29
Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Axar.az məktubun mətnini təqdim edir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.
Güclü və gündən-günə firavanlaşan dövlət qurulması, əhalinin rifahının və ölkənin beynəlxalq arenada nüfuzunun artmasının təmin edilməsində Azərbaycanın sanballı uğurları Sizin Vətənin mənafelərinə sədaqətli xidmətinizin, uzaqgörən siyasətinizin və dövlət başçısı vəzifəsində şəksiz liderliyinizin əyani sübutudur.
Qazaxıstanda Sizi etibarlı dost və Qazaxıstan-Azərbaycan münasibətlərinin daha da dərinləşməsinə səmimi yanaşan görkəmli siyasi xadim kimi tanıyırlar.
Əminəm ki, birgə səylərimiz sayəsində biz strateji tərəfdaşlığımızı və müttəfiqliyimizi daha da möhkəmləndirərək ikitərəfli əməkdaşlığı yeni zirvələrə yüksəltməyə nail olacağıq.
Hörmətli İlham Heydər oğlu, Sizə qardaş Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə bundan sonra da uğurlar və yeni-yeni nailiyyətlər arzu edirəm".
***
Çin Xalq Respublikasının Sədri Si Szinpin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Son illər ərzində Çin-Azərbaycan münasibətləri davamlı və sabit inkişaf edir, müxtəlif sahələrdə əməkdaşlıq uğurla və səmərəli şəkildə genişlənir. Bu ilin sentyabrında Özbəkistanın Səmərqənd şəhərində keçirdiyimiz uğurlu görüşdə ikitərəfli münasibətlərin inkişafına, beynəlxalq arenada qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığın dərinləşməsinə dair mühüm razılaşmalar əldə edildi.
Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm, ölkələrimizin və xalqlarımızın rifahı naminə dostluq və əməkdaşlıq münasibətlərinin davamlı, uzunmüddətli inkişafına kömək üçün Sizinlə birlikdə çalışmağa hazıram.
Sizə möhkəm cansağlığı və firavanlıq diləyirəm".
***
Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Sizi bütün dünyada görkəmli siyasi lider və diplomat, müdrik, uzaqgörən və vətənpərvər dövlət xadimi kimi tanıyırlar. Siz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yolunu layiqincə davam etdirərək ölkə həyatının bütün sahələrində dərin dəyişikliklər aparmış, ictimai sabitliyi, respublikanın qarşıdakı illər üçün dinamik və mütərəqqi inkişafını təmin etmisiniz. Fəxr edirəm ki, Dağıstanın rəhbəri qismində ilk xarici səfərimi məhz qardaş Azərbaycan Respublikasına etmişəm.
Biz xalqlarımız arasında yaranmış çoxəsrlik dostluğu həqiqətən yüksək qiymətləndiririk. Səmimi-qəlbdən inanırıq ki, ortaq səylərimiz Dağıstan və Azərbaycan xalqları arasında dialoqun daha da genişlənməsinə və qarşılıqlı hörmətin artmasına şərait yaradacaq. Rəsul Həmzətovun Bakını xatırlayaraq yazdığı şeirlərində olduğu kimi, qoy Xəzərin möhtəşəm dalğaları bizim əbədi qardaşlığımızdan danışsın.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji, firavanlıq arzulayır, Yeni ildə ən xoş diləklərimi çatdırıram".
***
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Sevindirici haldır ki, Sizin iyirmi il bundan əvvəl müdrikcəsinə söylədiyiniz “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram” sözləriniz gerçəyə çevrildi. Mən bilirəm ki, Azərbaycan xalqı dövlətin iqtisadi və sosial inkişafına, onun xarici siyasi maraqlarının müdafiəsinə, vətəndaşların rifahının yüksəlməsinə yönəlmiş səylərinizi yüksək qiymətləndirir.
Qardaş Azərbaycan Sizin bacarıqlı və qətiyyətli rəhbərliyiniz sayəsində regionda və möhkəmlənməkdə olan türk dünyasında getdikcə daha mühüm rol oynayır. Belarusun da iştirakçısı olduğu Qoşulmama Hərəkatında uğurlu sədrlik Bakıya beynəlxalq nüfuz və dərin hörmət qazandırıb.
Bizim görüşlərimizi həmişə məmnunluqla xatırlayıram. Aramızda dostluq və etimad əsasında yaranmış şəxsi münasibətləri, konstruktiv ünsiyyəti və hər ikimizin sıx qarşılıqlı faydalı əməkdaşlığa can atmağımızı yüksək dəyərləndirirəm.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, çoxşaxəli və məsul fəaliyyətinizdə yeni uğurlar arzu edirəm".
***
Tacikistan Prezidenti İmaməli Rəhman Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Sizi doğum gününüz münasibətilə ən xoş arzularla ürəkdən təbrik edirəm.
Dost Azərbaycan Sizin rəhbərliyinizlə tərəqqi və dinamik inkişaf yolunda inamla irəliləyərək sosial-iqtisadi və digər sahələrdə sanballı uğurlar qazanır, beynəlxalq arenada nüfuzunu artırır.
Tacikistanla Azərbaycan arasında tarixən formalaşmış dostluq, qarşılıqlı hörmət, etimad və anlaşma kimi dəyərlərə əsaslanan əməkdaşlıq münasibətlərinin ardıcıl olaraq möhkəmlənməsi məsələlərinə Sizin daimi diqqətinizi yüksək qiymətləndirirəm.
Fürsətdən istifadə edib ölkələrimiz arasında ikitərəfli və beynəlxalq gündəliyin aktual məsələlərinə dair sıx birgə işimizi və dövlətlərarası konstruktiv dialoqu davam etdirməyə daim hazır olduğumuzu təsdiq etmək istərdim.
Əziz dostum, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına sülh, firavanlıq və tərəqqi arzu edirəm".
***
Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrik mətnində deyilir:
"Hörmətli cənab Prezident Əliyev.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi, cansağlığı və firavanlıq arzularımı qəbul edin.
Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı etimada və hörmətə əsaslanan dostluq və əməkdaşlıq münasibətlərinin xüsusi xarakterini qeyd edirəm. Əminəm ki, ölkələrimiz arasında tərəfdaşlıq əlaqələri xüsusilə enerji, ticarət, kənd təsərrüfatı və mədəniyyət sahələrində bundan sonra da birgə səylərlə inkişaf edəcəkdir. Həmçinin Azərbaycan Respublikasının mənim ölkəmə göstərdiyi köməyə görə minnətdarlığımı və dərin təşəkkürümü bildirmək istəyirəm.
Mən ölkələrimiz arasında siyasi dialoqun genişlənməsini yüksək qiymətləndirirəm və Moldova Respublikasına səfəriniz zamanı Sizi salamlamaqdan şərəf duyacağam.
Cənab Prezident, Sizə fəaliyyətinizdə uğurlar arzulayır, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
***
Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə bu gün dinamik inkişaf yolunda inamla irəliləyir, cəmiyyət həyatının bütün sahələrində sanballı uğurlar qazanır və dünyada nüfuzunu ardıcıl surətdə möhkəmləndirir.
Azərbaycan Respublikası ilə Türkmənistanın çoxşaxəli tərəfdaşlığının indiki səviyyəsini yüksək qiymətləndirərək dövlətlərarası münasibətlərin inkişafına Sizin şəxsi diqqətinizi və böyük töhfənizi xüsusi qeyd etmək istərdim.
Sizinlə bu yaxınlarda “Avaza” milli turizm zonasında Türkmənistan-Azərbaycan-Türkiyə Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü çərçivəsində görüşümüzü xoş təəssüratlarla xatırlayıram. Həmin görüşdə tərəflərin ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda qarşılıqlı fəaliyyətin durmadan genişləndirilməsinə və möhkəmləndirilməsinə sadiqliyi bir daha təsdiqləndi.
Əminəm ki, Türkmənistan ilə Azərbaycan Respublikası arasında səmərəli əməkdaşlıq xalqlarımızın rifahı naminə dostluq və mehriban qonşuluğun ən yaxşı ənənələri əsasında bundan sonra da uğurla inkişaf edəcək.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ailə səadəti, qardaş Azərbaycan xalqına bundan sonra da sülh, tərəqqi və firavanlıq arzu edirəm".
***
Bundan əlavə, Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev, Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayev, İordaniya Kralı II Abdullah ibn Hüseyn, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
***
Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin sabiq prezidenti Vahid Ələkbərov Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.
Məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Zəngin həyat və peşəkar təcrübəniz, təşkilatçılıq istedadınız, şəxsi keyfiyyətləriniz ölkədə və onun hüdudlarından kənarda Sizə haqlı olaraq həmkarlarınızın və tərəfdaşlarınızın hörmətini qazandırıb. Bu gün Azərbaycan Sizin rəhbərliyinizlə inamla irəliləyir, davamlı və dinamik inkişaf nümayiş etdirir. Aktual dövləti məsələlər uğurla həll edilir, investisiya şəraitinin yaxşılaşdırılmasına və xarici tərəfdaşlarla ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönəlmiş ardıcıl iş aparılır.
Fürsətdən istifadə edib Azərbaycan Respublikasında “LUKOYL”un layihələrini dəstəklədiyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm. Sizi əmin edirəm ki, biz ölkələrimizin mənafeyi naminə azərbaycanlı tərəfdaşlarımızla fəal və qarşılıqlı faydalı işi davam etdirmək əzmindəyik.
Zati-aliləri, icazə verin, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edim”.
***
Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan Sizi səmimi-qəlbdən təbrik edirəm.
Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dostluq, tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə Sizin sanballı şəxsi töhfənizi xüsusi qeyd etmək istərdim. Ali səviyyədə qəbul edilmiş qərarların icrası məqsədilə ticari-iqtisadi və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi, sənaye, energetika, nəqliyyat infrastrukturu və digər istiqamətlərdə qarşılıqlı faydalı iri layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradılıb.
Sizinlə həmişə açıq və konstruktiv şəraitdə keçən görüşlərimizi səmimiyyətlə xatırlayıram. Etimada söykənən ünsiyyətimizin davam etməsinə şad olacağam.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm".
***
Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri.
Gürcüstan xalqı adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, yeni-yeni uğurlar və uzun ömür arzulayıram. Sizin rəhbərliyiniz dövründə ölkənizə və xalqınıza göstərdiyiniz sədaqətli xidmət sayəsində Azərbaycan müasir, uğurlu dövlətə çevrilib.
Qafqaz uzun əsrlər boyu müxtəlif mədəniyyətlərin qovuşduğu, Şərqlə Qərbin birləşməsində böyük rol oynayan region olmuşdur. Bu gün dünyanın çoxsaylı çağırışlarla üzləşdiyi və ciddi dəyişikliklərə məruz qaldığı bir vaxtda ölkələrimiz təkcə bizim regionda deyil, bütövlükdə dünyada sülhün və sabitliyin möhkəmlənməsində mühüm rol oynaya bilərlər. Əminəm ki, biz səylərimizi əsirgəmədən, bu nadir fürsətdən istifadə edərək strateji tərəfdaşlığımızı daha da möhkəmləndirəcək, Qafqazı əlaqə mərkəzinə və regionumuzun tarixi etnik identikliyini əks etdirən qlobal təhlükəsizlik və sabitlik məkanına çevirəcəyik.
Cənab Prezident, fürsətdən istifadə edərək Sizə Yeni ildə xoşbəxtlik və firavanlıq arzulayır, bir daha dərin ehtiramımı çatdırır, dost Azərbaycan xalqının əmin-amanlığı və firavanlığı naminə fəaliyyətinizi bundan sonra da uğurla davam etdirəcəyinizə inandığımı bildirirəm".
***
Rusiya Federasiyasının Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Prezident İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin inkişafına böyük şəxsi töhfənizi Rusiyada yüksək qiymətləndirir, Sizi çoxşaxəli Rusiya-Azərbaycan əməkdaşlığının genişləndirilməsinin ardıcıl tərəfdarı kimi tanıyırlar.
Əminəm ki, dinamik surətdə dəyişən beynəlxalq şəraitdə Rusiya ilə Azərbaycanın müttəfiqlik qarşılıqlı fəaliyyəti dost xalqlarımızın mənafeyi, Cənubi Qafqazda və Xəzər regionunda sülhün, sabitliyin təmin edilməsi naminə bundan sonra da genişlənəcək.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm".
***
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Yüksək peşəkarlıq, səriştə və xalqa sədaqət nümunəsi olan keyfiyyətləriniz Sizə həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda haqlı olaraq dərin hörmət qazandırır. Fərəhlə qeyd etməliyəm ki, Sizin strateji baxışlarınız və həyata keçirdiyiniz səmərəli iqtisadi islahatlar Azərbaycan Respublikasının beynəlxalq nüfuzunu və Azərbaycan xalqının rifahını əhəmiyyətli dərəcədə möhkəmləndirib.
Əminəm ki, Cənubi Qafqazda yeni geosiyasi reallıq və nəqliyyat-logistika imkanlarının genişlənməsi Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə şərait yaradacaqdır. Bu münasibətlər bizim aprel və oktyabr aylarındakı ikitərəfli səfərlərimizin yekunları nəticəsində bu il misli görünməmiş səviyyəyə yüksəlmişdir.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq, qardaş Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə tükənməz enerji arzu edirəm".
***
Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri.
İcazə verin, doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırım, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayım. Dostluğumuzdan və Sizə uğurlar arzulamaq imkanından çox məmnunam.
Bir neçə gün əvvəl Sizin Bakıda mənə göstərdiyiniz qonaqpərvərliyi həm siyasi, həm də şəxsi təcrübə və bir çox mövzularla bağlı səmərəli fikir mübadiləsi baxımından məmnuniyyətlə xatırlayacağam. Serbiya Respublikası ilə Azərbaycan Respublikası arasında prinsipial qarşılıqlı dəstək əlaqələri həmişəkindən daha aydın şəkildə özünü göstərir və bu, məni çox sevindirir. Eyni zamanda, beynəlxalq hüquq normalarının tez-tez kobud şəkildə pozulmasına qarşı mübarizəyə daim hazır olan Sizin kimi uzaqgörən liderlə dostluğumla fəxr edirəm.
Əziz dostum, bir daha demək istəyirəm ki, Sizi Serbiyada görməyə həmişə şadıq. Tezliklə Sizi ölkəmizdə qarşılamağı, eləcə də Belqradda və Bakıda müəyyənləşdirdiyimiz vəzifələrin və layihələrin reallaşdırılması üçün görülən işləri ətraflı şəkildə nəzərdən keçirməyi səbirsizliklə gözləyirəm.
Zati-aliləri, xahiş edirəm Sizə ən səmimi arzularımı və yüksək ehtiramımı qəbul edin".
***
Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, Sizə möhkəm cansağlığı, ruh yüksəkliyi və dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm.
Cənab Prezident, Sizə ən xoş diləklərimi yetirir və ölkənizin gələcək rifahını təmin etmək yolunda daha böyük nailiyyətlər arzulayıram.
Əminəm ki, Xorvatiya və Azərbaycan hətta bu çətin zamanlarda qarşılıqlı əlaqələri, o cümlədən iqtisadi əməkdaşlığı daha da dərinləşdirməkdə davam edəcək.
Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".
***
Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident.
Zati-alinizin doğum gününü səmimi-qəlbdən təbrik edirəm.
Can Azərbaycan qətiyyətli liderliyinizlə gündən-günə güclənmiş və inkişaf etmiş, Qarabağda əldə olunan şanlı Zəfər bu gücü bütün dünyaya nümayiş etdirmişdir.
Cənab Prezidentimizin və Zati-alinizin rəhbərliyi ilə regionumuzda və dünyanın hər tərəfində nümayiş etdirdiyimiz həmrəylik və əməkdaşlığı “Bir millət, iki dövlət” anlayışı ilə daha da yüksək səviyyələrə çatdırmaqda qərarlıyıq.
Bu hiss və düşüncələrlə doğum gününüzü bir daha təbrik edir, Zati-alinizə cansağlığı, uzun ömür və sevinc dolu illər arzulayıram".
***
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Peşəkar keyfiyyətləriniz, vətənpərvərliyiniz, fəal vətəndaş mövqeyiniz, geniş dünyagörüşünüz, dialoqa hazır olmağınız Sizə həmvətənləriniz və xaricdəki həmkarlarınız arasında haqlı olaraq dərin hörmət qazandırıb.
Sizin müdrik rəhbərliyinizlə Azərbaycan Respublikası sanballı uğurlar qazanıb. Azərbaycan bu gün milli iqtisadiyyatın daha da inkişaf etdirilməsi, ölkə vətəndaşlarının rifahının yüksəldilməsi, respublikanın beynəlxalq imicinin möhkəmləndirilməsi üçün əlverişli şərait yaratmaqla öz maraqlarını inamla irəlilətməkdə davam edir.
Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətinə daimi diqqətinizə və dəstəyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan Respublikasının Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində keçirilən tədbirlərdə fəal təmsil olunmasını yüksək qiymətləndiririk.
Cənab Prezident, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, ailənizə səadət, ruh yüksəkliyi, tükənməz enerji, ölkənizin rifahı naminə yeni-yeni uğurlar, Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq arzu edirəm".
***
Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Prezident İlham Əliyevi təbrik edib.
Təbrikdə deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan təbrik edirəm.
Sizə Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, dostlarınızın səmimiyyətini və diqqətini, Sizə əziz və yaxın insanların sevgisini arzu edirəm.
Fürsətdən istifadə edib Rusiya və Azərbaycan xüsusi xidmətlərinin qarşılıqlı fəaliyyətinin inkişafına göstərdiyiniz daimi diqqət və dəstəyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.
Bu qarşılıqlı fəaliyyət bundan sonra da təhlükəsizliyin təmin edilməsinin, ölkələrimizin milli maraqlarının müdafiəsinin, regionda sülhün və sabitliyin qorunub saxlanmasının qarantı olacaq”.
***
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
Hörmətli cənab Prezident,
Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə və ailənizə cansağlığı, xoşbəxtlik arzulayıram.
Azərbaycandakı 30 illik fəaliyyətimiz ərzində əməliyyatçısı olduğumuz dünya səviyyəli enerji layihələrinə daimi dəstəyinizə, eləcə də əməkdaşlarımızın fəaliyyətini mütəmadi şəkildə dəyərləndirərək onları təltif etdiyinizə görə Sizə təşəkkür edirəm. Bu layihələrin gerçəkləşməsi Sizin rəhbərliyiniz və Azərbaycan hökuməti, SOCAR ilə sıx əməkdaşlıq sayəsində mümkün olmuşdur.
Bu strateji tərəfdaşlığın uzun illər davam edəcəyinə və Azərbaycan xalqının rifahının daha da yüksəlməsinə xidmət edəcəyinə inanıram.
Fürsətdən istifadə edərək, Sizi və Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də təbrik edirəm. Yeni ildə Sizə və Azərbaycan xalqına firavanlıq, sülh, rifah arzulayıram.
***
“TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Asset Assavbayev Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
“TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi adından və şəxsən öz adımdan Sizə olan dərin ehtiramımı qəbul etməyinizi xahiş edir, doğum gününüz münasibətilə səmimi təbriklərimi çatdırıram.
Sizin çoxşaxəli siyasətinizin uğurlu nəticələri heyranlıq doğurur və nə qədər dərin hörmətə layiq olduğunuzu göstərir.
Sizin rəhbərliyinizlə sürətlə inkişaf edən və həyatın bütün sahələrində mühüm nailiyyətlər qazanan Azərbaycan həm milli səviyyədə, həm də regional inkişaf üçün əlverişli şərait yaradıb, beynəlxalq siyasi reallığın əsas aktorları ilə əlaqələri uğurla davam etdirir.
“TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi ölkənizin iqtisadi, sosial tərəqqisi və nəqliyyat sahəsində əməkdaşlığın inkişafı istiqamətində Sizin xidmətlərinizi yüksək qiymətləndirir.
Fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının “TRACECA”nın həm milli, həm də beynəlxalq səviyyədə fəaliyyətinə göstərdiyi dəstəyə görə dərin minnətdarlığımı bildirirəm.
Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə, yaxınlarınıza və bütün Azərbaycan xalqına möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və tərəqqi arzulayıram”, - təbrikdə qeyd olunub.
***
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
“Türk Dövlətləri Təşkilatının Katibliyi adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Həyata keçirdiyiniz müstəqil, ardıcıl və qətiyyətli siyasət nəticəsində Azərbaycan Respublikası dünya ölkələri arasında nüfuzunu daha da möhkəmləndirmiş və regionumuzun aparıcı dövlətlərindən birinə çevrilmişdir.
Xüsusilə vurğulamaq istərdim ki, Sizin rəhbərliyiniz altında
44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi nəinki Azərbaycan, bütövlükdə Türk dövlətləri və xalqları üçün qürur mənbəyinə çevrilmiş və Türk birliyinin daha da güclənməsinə təkan vermişdir. Türk Dövlətləri Təşkilatının İstanbul Zirvə toplantısında Türk Dünyasının Ali Ordeni ilə təltif edilməyiniz Türk dövlətlərinin birliyinə verdiyiniz əvəzedilməz töhfənin, eləcə də xalqlarımızın və bütövlükdə Türk dünyasının Sizə olan böyük rəğbətinin göstəricisidir.
İnanıram ki, Türk Dövlətləri Təşkilatının təsisçiləri sırasında olan və təşkilat çərçivəsindəki təşəbbüslərdə xüsusi çəkiyə malik Azərbaycan Respublikası Türk dövlətləri arasında ortaq tarixə, dilə, mədəniyyətə, çoxəsrlik ənənələrə və qardaşlığa əsaslanan sıx əməkdaşlığa bundan sonra da töhfəsini verəcəkdir.
Zati-aliləri, bu əlamətdar gün münasibətilə Sizə və ailənizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzulayır, qardaş Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm", - məktubda qeyd olunub.