Dəm qazından zəhərlənərək ölən insanların sayı durmadan artır.
Rəsmi statistikaya görə, dəm qazından 2012-ci ildə 485, 2011-ci
ildə 685 nəfər zəhərlənib. 2010-cu ildə 390, 2011-ci ildə 685,
2012-ci ildə isə 485 nəfər Respublika Toksikoloji mərkəzə müraciət
edib. Xəstəxanaya yetişmədən dünyasını dəyişənləri də bura əlavə
etsək, ortaya dəhşətli statistika çıxır.
Nə üçün il-ildən dəm qazından zəhərlənmələrin sayı
artır? Bunun qarşısını necə almaq olar? Və səbəblər
nədir?
"Axar.az"a danışan qaz üzrə mütəxəssis Şükür
Mirzəyev deyir ki, dəm qazından zəhərlənmələr əsasən qapalı mühitdə
baş verir və əsas səbəblərindən biri təhlükəsizlik qaydalarına əməl
edilməməsidir:
"Dəm qazı əsasən qazdan ayrılır. Ancaq başqa yanacaq növlərindən
istifadə zamanı, məsələn, kömür yandırılarkən də yarana bilir.
Sadəcə, onun əmələ gəlməsinin qarşısını almaq üçün qızdırıcı
vasitələr quraşdırılmış otaqlarda tez-tez havanın dəyişdirilməsi və
qızdırıcıların havasorucu borularının yaxşı işləməsinə nəzarət
etmək lazımdır. Qapalı mühitdə qaz yandırılarkən nəfəsliklər mütləq
açıq olmalıdır. Sovet dövründə hər 2-3 aydan bir evlərdə istifadə
edilən qaz borularını və s. yoxlayırdılar. Bu, zəhərlənmələrin
qarşısını müəyyən qədər ala bilirdi. Ancaq müvafiq qanunvericiliyə
görə, qaz idarəsinin işçiləri ən yaxşı halda ildə 2 dəfə evə girə
bilər. Çox zaman isə, bu yoxlamalar aparılmır və aparılan
yoxlamalar əsasən sayğaclarla bağlı olur".
Ölüm hallarının qarşısını necə almaq olar?
Ekspert dəm qazından zəhərlənmələrin əsas səbəblərindən biri
kimi İran sobalarını göstərir, ancaq bunun da alternativi var:
"Dəm qazı metan qazının yanmasından əmələ gəlir və ölüm halları
əsasən insanların ehtiyatsızlığından baş verir. İnsanlar qaz yanan
otaqda tüstünün bacalardan çıxıb-çıxmamasına nəzarət etməlidir. Bir
vacib faktor da budur ki, İran sobalarının tutumu ilə bizdə verilən
qazın təzyiqi üst-üstə düşmür və tüstü çölə çıxır. Dəm qazı
yarandıqda ona işarə verən müasir qaz cihazlarından istifadə
edilsəydi, ölüm hallarının qarşısı bir xeyli alınmış olardı".
Ekspert onu da dedi ki, bu cür halların qarşısını almaq üçün
əhaliyə verilən qazın tərkibinə müəyyən neytrallaşdırıcı qatqılar
da əlavə etmək lazımdır:
"Əhaliyə verilən qazın tərkibində zəhərli elementlərin olması da
mümkündür. Məişətdə istifadə olunan qaza əlavə maddələr
qatılmalıdır ki, dəm qazının yayılmaından xəbər tutsun və
zəhərlənmə baş verməsin".
Məsələ ilə bağlı Respublika Toksikoloji mərkəzinin şöbə müdiri
Azər Maqsudov bu cür zəhərlənmə hallarında nə etmək lazım olduğunu
açıqladı:
"Kimyəvi adı karbon monoksid (CO) olan dəm qazı yanacaq
məhsullarının xaric olması üçün yer olmadıqda və ya həmin yer
tutulmuş olanda natamam yanma nəticəsində əmələ gəlir. Dəm qazı
qapalı şəraitlərdə təhlükəli olur. Əsasən oksigen çatışmazlığı
üzündən baş verir. Yanma prosesi zamanı ayrılan dəm qazı rəngsiz,
iysiz, dadsız və s. olduğu üçün onun bəlirtiləri demək olar ki,
yoxdur. Sadəcə olaraq, həmin zaman ürək döyüntülərinin artması, baş
gicəllənməsi və s. hiss edilə bilər. Ancaq bu, insana görə dəyişir
və ola bilsin ki, elə də hiss edilməsin. Əgər kimsə
zəhərləndiyindən şübhələnirsə, ən birinci açıq havaya və oksigenin
çox olduğunu bir yerə çıxmalıdır".
FHN-nə deyir?
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin tibbi xidməti ilə
də əlaqə saxladıq. Mərkəzdən bildirdilər ki, dəm qazından
zəhərlənmələrlə bağlı Nazirliyin xüsusi təlimatı var və həmin
təlimatda bu cür hallarda nə etmək lazım olduğu öz əksini tapıb.
Təlimatda dəm qazı ilə zəhərlənmənin əlamətləri və ilkin tibbi
yardım kimi nə etmək lazım olduğu öz əksini tapıb. Zəhərlənmə 3
dərəcəyə bölünüb. Yüngül, orta, və ağır. Yüngül dərəcə əsasən küt
başağrısı, başgicəllənmə, gicgah nahiyəsində döyüntü hissiyyatı,
təngnəfəslik, quru öskürək, gözdən yaş axma və müvazinətin itməsi,
sinə və boğaz nahiyəsində ağrı, öyümə, qusma, görmə və eşitmə
hallüsinasiyaları, dəri və selikli qişaların hiperemiyası
(qızarması), ürək döyüntüsü və qan təzyiqinin artması ilə müşahidə
olunur. Orta ağır dərəcə, yuxuluq və hərəkətin məhdudlaşması ilə
müşahidə olunur. Ağır dərəcə isə, huşun itməsi, qıcolmalar,
psixomotor oyanmalar, tənəffüs və ürək sistemlərinin fəaliyyətinin
dayanması ilə müşahidə olunur və ölümlə nəticələnir.
İlk tibbi yardım kimi təcili olaraq zərərçəkmişə oksigenin
verilməsini təmin etmək lazımdır. Əgər zərərçəkmişi təmiz havaya
çıxarmaq üçün şərait yoxdursa və ya oksigenlə təmin etmək mümkün
deyilsə, onda "CO" markalı əleyhqazlardan istifadə etmək olar. Əgər
zərərçəkmiş özündə deyilsə, təcili yardım gələnə kimi ağız
boşluğunu qusuntu kütləsindən təmizlədikdən sonra süni tənəffüs
vermək lazımdır ki, huşu özünə gəlsin".