İnsan sevdiyindən ayrı yaşaya bilər amma... paylaşa
biməz..!
Babam nənəmə dəlicəsinə aşiq olub. Hətta o qədər dəlicəsinə ki,
evli və iki uşaq atası olmasına baxmayaraq, onu – nənəmi qaçırıb.
Nənəm o zaman çox gənc və dünyalar gözəli imiş. Babam da bölgənin
ən yaraşıqlı kişilərindən biri. (– Necə deyərlər, onların – bir
yaraşıqlı dəliqanlı ilə bir dünyalar gözəlinin yolu hardasa
kəsişməzdimi?!.) Eşqi o qədər güclü olub ki, babamın... nə ailəsi,
nə övladı, nə də toplumdakı nüfuzuna ciddi zərər gələcəyi qorxusu
sevdasından əlçəkməsinə səbəb ola bilməyib.
Bu hekayənin ən günahsız insanı hər şeydən xəbərsiz nənəm isə bir
gün qəfildən babam tərəfindən qaçırılıldığında acı bir gerçəklə
üz-üzə idi: babamın ailəsi və iki övladı var idi..! Amma ondan daha
dəhşətli gerçək nənəmin də qısa zamanda babama dəlicəsinə aşiq
olması idi. Uzun sözün qısası, babam nənəmlə evlənir və birgə ailə
həyatına başlayırlar... amma babamın başqa bir yerdə yaşayan ilk
həyat yoldaşı və övladları nənəmin vicdanını rahat buraxmır,
təbii... Babam ailəsinə yaxşı baxsa da, uşaqların atasından qıraqda
qalmasına nənəmin vicdanı yol vermirmiş və sonda o həyatının ən
böyük yanlış və ən böyük doğru qərarını alır..! – Babamın birinci
həyat yoldaşı və övladlarının da onlarla birlikdə yaşamasına razı
olur. Birlikdə yaşamağa başlayırlar və o aralar anam doğulur. Amma
bu birlikdə yaşamaq uzun sürmür, qısa zaman sonra bir gün nənəm
paltarlarını toplayıb qızını da götürüb köçür atasının yurduna...
Babam dəli kimi olur, onun üçün sevdiyi qadından ayrılmaq faciənin
ta özü idi... – Qərarlı nənəm bir daha o evə dönmür. Gözəlliyinə
baxmayaraq, bir daha heç kimsəni sevmir, ərə getmir, sevgisinə
xəyanət etmir...
Balaca idim və onların ayrı yaşamasını istəmirdim – uşaq
qısqanclığı ilə... Bir dəfə, "babamı hələ də sevirsənmi?" deyə sual
etmişdim... – Eləcə üzümə baxmışdı... – gözlərinin dərinliyində
gizlənənləri indi daha yaxşı anlaya bilirəm.
Babam öləndə yasa gəldi... Hamı diqqətlə ona baxırdı. Nə edəcək? –
deyə... Bir qıraqda oturdu... arabir cənazəyə doğru baxırdı...
sevdiyiylə doğru-düzgün halallaşa da bilmirdi. Mən isə babamın
cənazəsi yanında oturub gözüyaşlı ona baxırdım. Dəhşətli bir
mənzərə idi. O sevdiyi insanı doyunca ağlaya bilmək, son dəfə ona
sarıla bilmək, bilmirəm, bəlkə də illərlə ürəyində gəzdirdiyi son
sözləri ona pıçıldamaqdan, hayqırmaqdan belə məhrum idi... Ən ağır
onun acısı idi... amma gəlmişdi... Demək, sevdiyin insanı qara
torpaqla paylaşmaq başqa biri ilə paylaşmaqdan daha asan imiş...
Sual vermirdim... Yaraları o günkü kimi təzə idi... Sadəcə içindəki
sevgi boşluğunu doldurmaq istəyirdim uşaq nəvazişləri ilə... Onu
doyunca öpdüm amma içimdə mənə rahatlıq verməyən sualı təkrar
verdim: "Niyə getdin, niyə ayrıldın?" dedim... "Paylaşa bilmədim"
dedi – qısa və konkret..!
İnsan sevdiyindən ayrı yaşaya bilər amma onu paylaşa biməz...
Nənəm dünyasını dəyişəndə... "onu da babamın yanında basdıraq"
demək istədim. Babamın yanında nənəmdən öncə rəhmətə getmiş o biri
nənəm dəfn edilmişdi... – xatıladım və ürəyimdən keçənləri heç kimə
demədim. Çünki belə bir vəsiyyət etməmişdi. Etməzdi də..! Orda da
dözə bilməzdi... Paylaşa bilməzdi... Ayrıca dəfn etdik... Bütün
böyük sevgilərdə olduğu kimi... Şair demiş, "AYRILIQLAR SEVGİYƏ
DAXİLDİR..!"