Yaxın günlərdə Bakının Nardaran qəsəbəsi Nəsrulla
Əsgərov küçəsində yenidənqurma işlərinə başlanılacaq.
Azəryolservis ASC-dən Axar.az-a verilən məlumata görə, qəsəbənin
mərkəzindən Nardaran pirinə gedən bu küçə yaxın vaxtlarda öz
görüşünü tamamilə dəyişəcək. Aparılacaq işlər çərçivəsində 780 metr
uzunluğundakı küçənin mövcud ortalama 6 metr enindən
genişləndirilərək 16 metrə çatdırılması planlaşdırılır. Nəsrulla
Əsgərov küçəsi 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət
olacaq. Bu küçədə də hər iki istiqamət üzrə 2 metr enində yeni
piyada səkiləri tikilərək, səkilərin kənarlarına 1500 paqon-metr
səki daşı düzülərək, ikitərəfli işıqlandırma dirəkləri
quraşdırılaraq tam yeni müasir yol infrastrukturu yaradılacaq.
Qurumdan bildirilib ki, Nardaran qəsəbəsinin Abşeron küçəsinin
yenidənqurulması işləri davam etdirilir.
Küçənin uzunluğu 2,2 km, mövcud eni isə ortalama 8 metr idi.
Layihəyə uyğun olaraq küçə genişləndirilərək 2 gediş, 2 gəliş
hərəkət zolağı və hər iki istiqamət üzrə 2 metr enində geniş piyada
səkiləri olmaqla 18 metrə çatdırılır. Bunun üçün isə küçəboyu
yaşayış və qeyri-yaşayış obyektlərinin söküntüsü işləri aparılır.
Sökülən evlərin və obyektlərin sahiblərinə qanunvericiliyə uyğun
nəzərdə tutulmuş kompensasiya ödənilir.
Azəryolservis ASC rəhbərliyinin nəzarəti altında yüksək
keyfiyyətlə aparılan işlər çərçivəsində küçənin 1 km-dən artıq
hissəsi genişləndirilərək 18 metrə çatdırılıb. Genişləndirilən
küçənin müəyyən hissəsində yeni hasarlar çəkilib, yeni yol yatağı
tikilib. Digər hissədə isə bu istiqamətdə işlər davam etdirilir.
Yenidənqurma işləri yeraltı kommunikasiya xətlərinin ( qaz, işıq,
rabitə, su və kanalizasiya ) çəkilişi ilə məşğul olan qurumlarla
birgə aparılır.
Küçənin artıq 700 metrlik hissəsində hər iki istiqamət üzrə 2
metr enində yeni piyada səkiləri tikilib, 1400 paqon-metr yeni səki
daşı düzülüb. Səkilərin təqribən 1400 kvadrat metr sahəsi
asfaltlanıb, işıq dirəkləri üçün xüsusi bünövrə tökülüb. Yolun 450
metrlik hissəsinə 2 qat olmaqla 15 sm, 250 metrlik hissəyə isə 1
qat olmaqla 8 sm qalınlığında yüksək keyfiyyətli asfalt-beton
örtüyü döşənib. Ümumilikdə isə küçənin 40 min kvadrat metr sahəsinə
3 qat və 25 sm qalınlığında olmaqla yeni asfalt-beton örtüyünün
döşənməsi və piyada səkilərinin kənarına 4500 paqon-metr səki
daşının düzülməsi planlaşdırılır.