Ekologiya və Təbii Sərvətlər Nazirliyi ötən il
korrupsiyaya qarşı mübarizənin nəticələrini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən daxil olan xəbərdə bildirilir ki,
dövlət idarələrində, xüsusilə vətəndaşlarla təmasda olan dövlət
qurumlarında korrupsiyaya, rüşvətxorluğa qarşı ciddi mübarizənin
aparılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin çıxışlarından irəli gələn növbəti tapşırıqların
yerinə yetirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi
tərəfindən korrupsiya təzahürlərinin qarşısının alınması və belə
hallara səbəb olan şəraitin aradan qaldırılması üçün 2013-cü ildə
ardıcıl tədbirlər həyata keçirilib, bu proses 2014-cü ilin ilk
aylarında da davam etdirilib.
Belə ki, Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentində
iş fəaliyyətinin qeyri-qənaətbəxş təşkilinə, işçilərin fəaliyyətinə
nəzarətin lazımi səviyyədə həyata keçirilmədiyinə, xidməti ərazidə
ekoloji qanunvericiliyin tələblərinin pozulmasına, xüsusilə
yaşıllıqların məhv edilməsinə qarşı zəruri tədbirlər görülmədiyinə,
daxil olan məlumat, ərizə və şikayətlərin araşdırılmasında,
inzibati xəta haqqında qərarların qəbul edilməsi zamanı ciddi
nöqsan və qanunsuzluqlara yol verildiyinə görə Departamentin
direktoru və 14 əməkdaşı tutduqları vəzifədən azad edilib, 7 nəfərə
töhmət verilib, 1 nəfər isə aşağı vəzifəyə keçirilib.
Ətraf Mühitin Mühafizəsi Departamenti tərəfindən aparılan
araşdırmalar zamanı bir sıra ərazi ekologiya və təbii sərvətlər
şöbələrinin fəaliyyətlərində də nöqsanlara və qanun pozuntularına
yol verildiyi aşkar olunub, araşdırmaların nəticələrindən asılı
olaraq Nazirliyin müvafiq əmrləri ilə 9 əməkdaş, o cümlədən
fəaliyyətlərində yol verdikləri ciddi pozuntulara görə 5 məsul şəxs
- 5 və 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinin
rəisləri, 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin
hüquq məsələləri üzrə baş məsləhətçisi, 5 saylı Ərazi Ekologiya və
Təbii Sərvətlər Şöbəsinin rəis müavini və ətraf mühitin
mühafizəsinə nəzarət sektorunun müdiri tutduqları vəzifədən azad
ediliblər. 1, 2, 3, 4, 5 və 9 saylı Ərazi Ekologiya və Təbii
Sərvətlər Şöbələrinin ümumilikdə 38 əməkdaşı barəsində intizam
tənbeh tədbirləri görülüb.
Meşələrin İnkişafı Departamentinin tabeliyində olan
müəssisələrdə aparılan yoxlamalar zamanı 9646 m3 həcmində 66285
manat məbləğində aktlaşdırılmamış özbaşına (qanunsuz) qırıntı faktı
aşkar edilərək hüquqi qaydada sənədləşdirilib. Yoxlamaların
nəticələrinə uyğun olaraq Goranboy, Zaqatala, Cəlilabad və Şamaxı
meşə mühafizəsi və bərpası müəssisələrinin direktorları, habelə
Qusar və Cəlilabad MMBM-lərin baş meşəbəyləri tutduqları vəzifədən
azad edilib, ümumilikdə, Nazirlik və Departamentin nomenklaturasına
aid olan 166 nəfər cavabdeh vəzifəli şəxs barəsində intizam tənbeh
tədbirləri görülüb, onlardan 66 nəfəri işdən çıxarılıb, 56 nəfərə
töhmət, 44 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət
verilib.
Məsələyə hüquqi qiymət verilməsi məqsədilə təqsirkarlar
barəsində qanunamüvafiq tədbirlərin görülməsi və meşə fonduna
dəymiş ziyanın ödətdirilməsi üçün 111361 manat ziyan məbləğində 100
iş aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib.
Qax Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin 7 meşə dolayında
aparılmış araşdırmalar zamanı, mühafizə xidmətinin zəif fəaliyyəti
nəticəsində, ümumilikdə 435.15 m3 həcmində, 2387.18 manat köküstə
nırx dəyərində 328 ədəd aktlaşdırılmamış özbaşına (qanunsuz)
qırıntı aşkar olunub, buna görə hesablanmış ziyan təqsirkarların
hesabına ödətdirilib, müəssisə direktoru və 11 meşə mühafizə işçisi
barəsində intizam tənbeh tədbirləri görülüb, 6 meşə gözətçisi
tutduğu vəzifədən azad olunublar. Bununla əlaqədar materiallar
Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib və faktla
bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi
tərəfindən cinayət işi qaldırılıb.
Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsində də meşələrin
mühafizə olunması vəziyyəti araşdırılan zaman ciddi faktlar üzə
çıxarılıb. 56 meşə dolayında mühafizə xidmətinin zəif fəaliyyəti
nəticəsində 2708,12 m3 həcmində 17572,46 manat köküstə nırx
dəyərində 1316 ədəd müxtəlif cins və diametrli yaş köküstə ağacın
özbaşına qanunsuz kəsilərək meşə sahəsindən aparıldığı aşkar
olunub, dəymiş ziyandan 16172,46 manatın təqsirkarlar tərəfindən
ödənilməsi təmin edilib, müəssisənin direktoru və əraziyə cavabdeh
8 meşə gözətçisi tutduqları vəzifədən çıxarılıb, 13 meşə mühafizə
işçisi barəsində digər intizam tənbeh tədbirləri görülüb.
Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət
Ərazilərinin İnkişafı Departamenti tərəfindən də tabeli qurumların
ərazilərində yoxlamalar aparılıb, aşkar edilmiş qanun pozuntularına
görə 72 nəfər mühafizə işçisi barəsində intizam tənbeh tədbirləri
görülüb. O cümlədən milli park və dövlət təbiət qoruqlarında əmək
müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiklərinə görə 2 sahə
müfəttişinin və 9 mühafizə yegerinin əmək müqavilələri ləğv edilib,
6 sahə müfəttişinə və 24 mühafizə yegerinə sonuncu xəbərdarlıqla
şiddətli töhmət, 7 sahə müfəttişinə, 17 mühafizə yegerinə isə
töhmət verilib.
Şahdağ Milli Parkının Quba bölməsinin Rostov, Quba, habelə
Vəndam və Bum meşəbəyliklərində qanunsuz şəkildə ağacların
kəsilməsi, Qızılağac Dövlət Təbiət Qoruğunun vəzifəli şəxslərinin
qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi, Ağgöl Milli
Parkında yol verilmiş maliyyə pozuntuları, "Salyan OİL" şirkətinin
Şirvan Milli Parkının ərazisində qanunsuz fəaliyyəti ilə əlaqədar,
həmçinin Astara rayon sakininin Hirkan Milli Parkında yol verdiyi
qanunsuzluqlarla bağlı toplanmış materiallar Azərbaycan
Respublikasının Baş Prokurorluğuna, eləcə də Şahdağ Milli Parkının
ərazisində qanunsuz ov edən şəxs barəsində və Lənkəran rayon
sakininin Hirkan Milli Parkında yol verdiyi qanunsuzluqlarla
əlaqədar toplanmış müvafiq sənədlər Korrupsiyaya Qarşı Mübarizə
İdarəsinə göndərilib.
İşdə yol verdikləri nöqsan və vəzifə pozuntularına görə Hirkan
Milli Parkının direktoru, Zaqatala Dövlət Təbiət Qoruğunun
direktoru və mühafizə üzrə direktor müavini, Ağgöl Milli Parkının
baş mühasibi tutduqları vəzifədən azad edilib, bir sıra məsul milli
park və qoruq əməkdaşı barəsində ciddi intizam tənbeh tədbirləri
tətbiq edilib.
"Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-nin tabeli
qurumlarında da bir sıra yoxlamalar həyata keçirilib və ASC-nin 6
saylı Yaşıllaşdırma İdarəsinin xidməti ərazisində ciddi faktlar
aşkar edilib. Aparılmış araşdırmalar zamanı məlum olub ki, idarənin
direktoru çöl-sahə işlərini düzgün təşkil etməyib, yaşıllıqların
salınması işinə səhlənkar yanaşaraq ağaclara aqrotexniki qaydalara
uyğun qulluq göstərilməsini təmin etməyib və digər vəzifə
pozuntularına yol verərək əmək müqaviləsi üzrə öhdəliklərini yerinə
yetirməyib, nəticədə ərazidə əkilmiş 78 000 ağacdan 55538 ədədinin
qurumasına şərait yaradıb. Bu əməllərinə görə ASC-yə 91 000 manat
məbləğində ziyan vurulub. Buna görə idarənin direktoru tutduğu
vəzifədən azad edilib və tərtib olunmuş sənədlərdə cinayət
tərkibinin əlamətləri olduğundan toplanmış materiallar Azərbaycan
Respublikasının Baş Prokurorluğuna göndərilib, Baş Prokuror yanında
Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb və
istintaq zamanı idarə rəhbərinin səhlənkarlıq cinayəti ilə yanaşı
külli miqdarda ziyan vurmaqla dələduzluq və vəzifə saxtakarlığı
faktları da aşkar edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Elmi-Texniki
İnformasiya və Metodologiya Mərkəzində aparılmış təhlil və
araşdırmalar göstərib ki, Mərkəz fəaliyyətini Əsasnaməsinə və digər
hüquqi aktlara, o cümlədən Nazirliyin əmrlərinə uyğun yerinə
yetirməyib, görülən işlər qanun pozuntuları ilə müşayiət olunub.
Bir sıra hallarda Mərkəzin əməkdaşları səlahiyyət həddini aşaraq
sahibkarlıq subyektləri olan müəssisələrə qanunsuz müdaxilələr
etməkdən belə çəkinməyiblər. Halbuki, Mərkəzin fəliyyət istiqaməti
ekoloji norma, standart və qaydaların, müvafiq metodikaların müasir
tələblərə uyğun daim təkmilləşdirilməsi və yenilərinin işlənib
hazırlanmasından ibarətdir.
Qeyri-qanuni olaraq ayrı-ayrı müəssisələrə daxil olduğuna və
sahibkarlıq subyektlərinin rəhbərləri qarşısında əsassız tələblər
irəli sürdüyünə görə Ekoloji Elmi-Texniki İnformasiya və
Metodologiya Mərkəzinin məsul əməkdaşı tutduğu vəzifədən azad
edilib.
Korrupsiya təzahürlərinin qarşısının alınması və belə hallara
səbəb olan şəraitin aradan qaldırılması istiqamətində Ekologiya və
Təbii Sərvətlər Nazirliyində həyata keçirilən tədbirlər 2014-cü
ilin ilk aylarında da davam etdirilib.
2014-cü ilin yanvar ayında Şirvan Milli Parkının 3 saylı
sahəsində 3 nəfər şəxsin qanunsuz ov etmələri faktı aşkar edilib,
onlardan 3 ədəd ov tüfəngi, 3 ədəd patrondaş, müxtəlif çaplı 120
ədəd dolu patron, 1 baş ovlanmış yaşılbaş ördək və adı Azərbaycan
Respublikasının "Qırmızı Kitabı"na və Beynəlxalq Təbiəti Mühafizə
İttifaqının "Qırmızı Siyahısı"na salınmış 2 baş ovlanmış turac, 1
ədəd rezin qayıq və digər predmetlər Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsinin 404-cü maddəsinə əsasən maddi sübut
kimi götürülüb. Faktla bağlı təqsirkar şəxslər barəsində inzibati
xəta haqqında protokollar tərtib edilərək İnzibati Xətalar
Məcəlləsinin 111.2-ci maddəsi ilə təqsirkarlara, ümumilikdə 4000
manat məbləğində cərimə tətbiq olunmuş və qanunsuz ov nəticəsində
təbiətə dəymiş ziyan hesablanaraq 1985,50 manat məbləğində iddia
qaldırılıb.
Şirvan Milli Parkında araşdırmalar davam etdirilmiş və bir gün
sonra Parkın yenə 3 saylı sahəsində ayrı-ayrı şəxslərə məxsus 3
yerdə mal-qara yatağının olması faktı və bu yataqlarda mal-qara
saxlanılan çoxlu sayda tövlə, yaşayış yerləri və yardımçı tikililər
aşkarlanıb, həmin yataqlarda ümumilikdə 902 baş xırdabuynuzlu və 98
baş iribuynuzlu mal-qaranın saxlanılması nəticəsində 2,7 hektar
torpaq sahəsinin bitki örtüyünün tamamilə məhv olduğu müəyyən
edilib. Milli parkın ərazisində yataqların qanunsuz fəaliyyəti
nəticəsində təbiətə 51330,60 manat məbləğində ziyan dəyib.
Həmin əraziyə növbəti baxış zamanı parkın 3 saylı sahəsində daha
855 baş xırdabuynuzlu mal-qaranın özlərini təqdim etməyən şəxslər
tərəfindən otarılması, 208 baş iribuynuzlu mal-qaranın və 28 baş
atın sahibsiz halda otlaması faktları aşkarlanıb. Aparılmış
araşdırma zamanı mal-qaranın sahibləri müəyyənləşdirilib, bu
şəxslər barəsində akt və inzibati xəta haqqında protokol tərtib
edilib. İribuynuzlu mal-qaranın Milli Parka vurduğu ziyan 331,76
manat, atların otlaması nəticəsində Milli Parka dəymiş ziyan 44,66
manat məbləğində hesablanıb və bu məbləğ həmin gün növbədə olan
mühafizə yegerlərinin üzərinə yazılıb. Bununla da, ümumilikdə
təbiətə 54303,84 manat məbləğində ziyan dəyməsi faktı üzə
çıxarılıb.
Ərazidə yuxarıda göstərilən qanunsuzluqlara yol verdiklərinə
görə Şirvan Milli Parkının direktoru və parkın mühafizə yegeri
tutduqları vəzifədən azad edilib və mühafizəyə cavabdeh digər
əməkdaşların məsuliyyətinin müəyyənləşdirilməsi məqsədilə
qanunamüvafiq tədbirlər davam etdirilir.