Bu gün Beyləqan rayon Yuxarı
Kəbirli kəndində baş verən dəhşətli qətlin təfərrüatları məlum
olub.
Axar.az xəbər verir ki, 6 yaşlı oğlunun boğazını kəsərək qətlə
yetirən Zahid İskəndərovun həyat yoldaşı Mahirə Abışova həyat
yoldaşı ilə bağlı bəzi məqamları açıqlayıb.
Aznyus.az-a açıqlama verən M.Abışova
Z.İsgəndərovun içki aludəçisi olduğunu deyib:
"8 il idi ailəli idik. Həmişə dalaşırdıq. Məni təhqir edirdi.
Mən də məcburiyyət qarşısında qalıb atamın evinə qayıdırdım.
Mənimlə dalaşırdı. Amma ayrılmırdım. Deyirdim ailədir də, yaxşı
olar, düzələr. Amma axır vaxtlarda mənimlə çox tutuşmuşdu. İçkili
gəlirdi, məni döyürdü".
M.Abışovanın sözlərinə görə, həyat yoldaşı Ümidi
oğurlayıbmış:
"Son davamızda qayıtdım, atamın evinə gəldim. Gəldi orada da
döydü məni. Uşaqları oğurladı. Balaca uşağı saxlaya bilmədiyi üçün
geri qaytardı. Amma Ümidi özündə saxladı. Tüfeyli həyat sürürdü.
Nəticədə də balama qıydı. Neçə dəfə götürməyə getdik, amma dalaşdı,
qaytarmadı. Dünən axırıncı dəfə oğlumla danışdım. Saat 6 olardı.
Ondan sonra danışmamışıq.
İndi o qatili gətirsinlər, hamımızın gözünün önündə başını
kəssinlər. Bəlkə onda ürəyimiz soyuyar".
Onu da bildirək ki, M.Abışova Zahid İsgəndərovun ikinci həyat
yoldaşıdır. Onun bundan əvvəlki həyat yoldaşından 2 övladı var
imiş. Boşandıqdan sonra məhkəmə uşaqların anasında qalması ilə
bağlı qərar qəbul edib.
Qatilin qardaşı Vahid İsgəndərov musavat.com-a açıqlamasında qardaşı ilə
qayınatası və yoldaşı arasında son günlər tez-tez mübahisə olduğunu
deyib.
Dəhşətli qətli törədən Z.İsgəndərov daha sonra qardaşına zəng
edib və oğlunu öldürdüyünü söyləyib:
"Çox vaxt axşamlar uşağı kəndə mağazaya aparırdı. Elə həmin gün
də bu adla uşağı evdən götürüb. Qardaşım içki içən idi. Amma uşağa
indiyə qədər bir şillə belə vurduğunu görməmişəm. İçəndən sonra
başqaları ilə dalaşardı, onları söyərdi. Amma uşağına heç nə
etməzdi. Axşam zəng elədi dedi ki, uşağın başını kəsmişəm. Dəhşətə
gəldim, inanmadım. Dedi ki, filan yerdədir, gedin götürün. Hadisəyə
səbəb onların münaqişəli ailə olması oldu. Yoldaşı bundan ayrılmaq
istəyirdi. Uşağın biri kənddə, bizimlə qalırdı. Biri də anası ilə
qalırdı. Onlar da məhkəməyə verib, uşağı qardaşımdan almaq
istəyirdilər. Bunların rəsmi nikahları belə yoxdur. Yoldaşı atası
ilə birləşib uşağı almaq istəyirdi. Bu da vermirdi. Axırı da belə
dəhşətlə sona çatdı".
Digər məlumata görə, son vaxtlaradək Z.İsgəndərovla qayınatası
arasında münasibətlər normal olub. Hətta onlar bir neçə gün əvvəl
birlikdə yeyib-içiblər də. Bu məclisdən sonra söhbət yenə də uşağın
qaytarılması məsələsindən düşüb. Tərəflər bir-birini təhqir
ediblər. Bundan sonra isə qayınatası Zahiddən polisə şikayət edib.
Z.İsgəndərov məhkəməyə veriləcəyi təqdirdə uşağın ondan alınacağını
bilib.
Xatırladaq ki, hadisə bu gün Beyləqan rayon Yuxarı
Kəbirli kəndində baş verib. Kənd sakini Zahid İsgəndərov 6 yaşlı
oğlu Ümidin boğazını kəsərək qətlə yetirib.
1982-ci il təvəllüdlü ata oğlunu evdən bir qədər aralı,
təsərrüfat sahəsinə aparıb və orada övladının başını kəsib.
Z.İsgəndərov hadisəni törətdikdən sonra qaçıb.
Cinayətkar polis əməkdaşları tərəfindən tutulub, faktla bağlı
Beyləqan Prokurorluğu Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam
öldürmə) maddəsi ilə başlatdığı cinayət işinin istintaqını davam
etdirir.