81 müştərinin banka qoyduğu
38 milyon manat pulu mənimsəmiş Texnikabank ASC-nin Bakı filialının
sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifov zərərin ödənilməsi
üzrə məhkəmə qərarının icra olunmamasına görə İnzibati Xətalar və
Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyəti
daşıyır.
Bu barədə Axar.az-a zərərçəkənlərin vəkillərindən biri Aqil
Layıcov açıqlama verib. Onun sözlərinə görə, əslində şərti olaraq
cəzanın müəyyən hissəsini çəkdikdən sonra şəxsin azad olunması
prinsiplərində fərqlər var:
"İslam Yusifov hökmün daxilində olan mülki iddiaya əsasən
zərərçəkənlərə dəymiş ziyanı ödəməyibsə, bu, əlavə cinayət
məsuliyyəti doğurur. Çünki zərərin ödənilməsi birbaşa onun üzərinə
məhkəmə tərəfindən qoyulan öhdəlikdir. Məhkəmə qərarının icra
olunmaması baş verdikdə isə İnzibati Xətalar və Cinayət
Məcəlləsinin 306-cı maddəsi işə düşür".
Vəkili bildirib ki, İslam Yusifovun hazırda azadlığa buraxılması
şərtidir:
"Dələduzluq maddəsi ilə həbs olunan şəxsin cəzanın çəkilməmiş
hissəsindən azad olunmasında başlıca meyar kimi zərərin ödənilməsi
götürülür. Yalnız zərər ödəndiyi halda onun vaxtından əvvəl
azadlığa buraxılması məsələsi gündəmə gələ bilər. Məhkum olunmuş
İslam Yusifov cəzasının dörddə üç hissəsini çəkdikdən sonra
məhkəməyə müraciət edərək vaxtından əvvəl şərti olaraq azadlığa
buraxılmasını tələb edib. Yəni İslam Yusifov sadəcə olaraq qanunun
bu hissəsindən istifadə edib. Ancaq məsələ burasındadır ki, o,
zərərçəkənlərə dəyən ziyanın ödənilməsi istiqamətində heç bir addım
atmayıb. Hazırda onun azadlığını aşırı səviyyədə humanistlik
göstəricisi kimi də qiymətləndirmək olar. Ancaq o, azadlığa
çıxmayıb, şərti olaraq azadlığa buraxılıb və zərərçəkənlərin
zərərini ödəməyəcəyi təqdirdə mütləq cinayət məsuliyyətinə cəlb
olunacaq. Şərti azadlıqda olduğu zaman məhkəmə qərarlarının
icrasından qəsdən boyun qaçırdığı nəzərə alındıqda isə onun növbəti
məhkumluğunda daha sərt cəza seçiləcək".
Qeyd edək ki, bir müddət əvvəl İslam Yusifov vaxtından əvvəl
azadlığa buraxılması ilə bağlı Xəzər Rayon Məhkəməsinə müraciət
edib. Onun cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə
müəssisəsində çəkməsinə dair ərizəsinə Xəzər Rayon Məhkəməsində
baxılıb və ərizə təmin edilməyib.
Qərardan narazı qalan İslam Yusifov apelyasiya şikayəti verib.
O, şikayətində göstərib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin
2010-cu il tarixli hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum
edilib. Cəzasının 5 ilini çəkdiyini, qalan hissəni isə məntəqə
tipli cəza müəssisəsində çəkməsi barədə qərar qəbul olunmasını
istəyib.
İslam Yusifovun şikayəti baxılması üçün Bakı Apelyasiya
Məhkəməsində hakim İlqar Murquzovun icraatına verilib. Ötən il
martın 6-da keçirilən prosesdə İslam Yusifovun apelyasiya şikayəti
təmin edilib və Xəzər Rayon Məhkəməsinin qərarı ləğv olunub. İslam
Yusifovun azadlığa buraxılması ilə bağlı qərar verilib və o, dərhal
azadlığa buraxılıb.
Bu qərardan narazı qalan prokurorluq Ali Məhkəməyə kasasiya
protesti verib. Protesti araşdıran hakimlər Bakı Apelyasiya
Məhkəməsinin hakimi İlqar Murquzovun qəbul etdiyi qərarı ləğv edib.
İslam Yusifovun apelyasiya şikayətinə yenidən baxılması üçün
cinayət işi üzrə materialı apelyasiya instansiyasına qaytarıb.
Bu dəfə İslam Yusifovun şikayətinə Bakı Apelyasiya Məhkəməsində,
hakim Əflatun Qasımovun sədrlik etdiyi kollegiyada baxılıb.
Hakimlər İslam Yusifovun vaxtından əvvəl azadlığa buraxılması ilə
bağlı şikayətini rədd ediblər və o, yenidən həbsxanaya
göndərilib.
Bundan sonra İslam Yusifovun müdafiəçisi Ali Məhkəməyə kasasiya
şikayəti verib. Şikayətə ötən həftə Ali Məhkəmədə hakim Gülzar
Rzayevanın sədrlik etdiyi kollegiyada baxılıb. Hakim kollegiyası
İslam Yusifovun vaxtından əvvəl azadlığa buraxılması barədə
ərizəsini təmin edib və İslam Yusifov yenidən məhkəmə zalından
azadlığa buraxılıb.
İslam Yusifov atasının başçılıq etdiyi 15 nəfərlik dəstədə
mühakimə olunub. İstintaq sənədlərinə görə, "Texnikabank"ın Bakı
filialının sabiq rəhbəri Zal Yusifov digər şəxslərlə birlikdə
cinayət əməli törədib. O, 81 müştərinin banka qoyduğu təxminən 38
milyon manat pulu mənimsəyib.
Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı
müsadirə olunmaqla 15 il, onun oğlu İslam Yusifov isə 8 il
müddətinə azadlıqdan məhrum edilib. Birinci məhkəmə instansiyası
İslam Yusifovu atası ilə əlbir olmaqda ittiham edib.
Bu cinayət işi üzrə 81 nəfər zərərçəkmiş şəxs və milyonlarla
manat dəyərində mənimsəmə olsa da, dələduz məhkəmənin qərarı ilə
azadlığa buraxılıb. Halbuki belə cinayət işlərində zərərçəkmişlərin
zərəri ödənmədən dələduzun azadlığa buraxılmasına qanun yol
vermir.