Bakı Apellyasiya Məhkəməsində Almaniya vətəndaşı Vüsal
Şilderi öldürməkdə təqsirli bilinən Elman İsgəndərov və Seymur
Talıbovun cinayət işi üzrə istintaq orqanın verdiyi apellyasiya
protesti və zərərçəkmiş şəxsin verdiyi apellyasiya şikayətləri üzrə
məhkəmə prosesi yekunlaşıb.
APA-nın
məlumatına görə, məhkəmə onların barəsində olan hökmü ləğv edib və
yeni hökm çıxarıb. Hökmə əsasən, E. İsgəndərovun cəzası
dəyişdirilməyib.
S.Talıbov barəsində isə yeni qərar qəbul edilib. Belə ki,
S.Talıbovun yenidən məsuliyyətə cəlb olunmasına qərar verilib. S.
Talıbovun cəzası başa çatdığından məhkəmə onun barəsində yenidən
axtarış elan olunması haqda qərar çıxarıb.
Qeyd edək ki, Elman İsgəndərov qohumu Seymur Talıbov, Xəyal
Əlizadə və qeyriləri ilə qabaqcadan əlbir olaraq sonuncunun yaxın
qohumuna münasibəti dəyişmək niyyəti ilə Vüsal Şilderə xəsarət
yetirmək qərarına gəlib. Bu məqsədlə o, bir müddət Vüsal Şilderi
güdüb. 2 may 2013-cü ildə günorta saatlarında Bakı şəhəri,
Ə.Rəcəbli küçəsi 3 B saylı evin qarşısında Vüsal Şilderə
yaxınlaşaraq ona boyun və ürək nahiyəsindən zərbələr endirib.
Aldığı xəsarətlər nəticəsində Vüsal Şilder dünyasını dəyişib. İki
gün sonra Elman İsgəndərov şübhəli şəxs qismində tutulub.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Seymur Talıbov
hadisədən 2 ay sonra tutularaq istintaqa təhvil verilib. Sözügüdən
cinayəti iştirakçısı Xəyal Əlizadə isə istintaqdan qaçıb
gizləndiyinə görə barəsində axtarış elan olunub. Elman İsgəndərov
Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə,
habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından
istifadə etmək məqsədi ilə adam öldürmə), 228.4-cü (Qanunsuz olaraq
qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə,
satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan
ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı
gəzdirmə), Seymur Talıbov isə həmin məcəllənin 307.1-ci (ağır və ya
xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək
həmin cinayət barəsində xəbər verməmə) maddəsi ilə ittiham
edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elman İsgəndərov 15
il, Seymur Talıbov 2 il müddətinə azadlıqdan məhrum edilib. Lakin
hökmdən narazı qalan prokuror və zərərçəkmiş tərəf yenidən Bakı
Apellyasiya Məhkəməsinə müraciət ediblər.