Azərbaycan Mətbuat Şurası cəbhədəki vəziyyətin
işıqlandırılması ilə bağlı növbəti dəfə bəyanatla çıxış
edib.
Şuradan Axar.az-a daxil olan bəyanatda bildirilir ki, müxtəlif
kütləvi informasiya vasitələri, sosial şəbəkə profilləri Azərbaycan
və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejiminin
pozulması və döyüşlərin getdiyinə dair məlumatlar
yayımlamaqdadır:
"Azərbaycan Mətbuat Şurasının müşahidələri göstərir ki, bu mövzu
barədə məlumatlar əsasən Azərbaycan Respublikasının Müdafiə
Nazirliyi tərəfindən yayılmış informasiyalardan, müəyyən qismi isə
KİV-lərin təhlillərindən, ayrı-ayrı şəxslərin cəbhəyanı bölgələrdə
yaşayan yaxınlarından əldə etdikləri bilgilərdən, habelə xarici
media orqanlarında yer almış xəbərlərdən ibarətdir. Sosial
şəbəkələrdə guya cəbhəyanı bölgədə əhalinin yaşayış məntəqələrini
tərk etdiyi və "panik" əhval-ruhiyyənin hökm sürdüyü barədə yanlış,
heç bir əsası olmayan, dezinformasiya xarakterli məlumatlar
yerləşdirilir. Təcrübəyə istinadən demək olar ki, Azərbaycan
əhalisi arasında təşviş yaratmaq üçün bu tipli dezinformasiyalar
əsasən düşmən qüvvələr tərəfindən təşkil olunur".
Bəyanatda qeyd olunur ki, Mətbuat Şurası cəbhə xəttində ötən
illərdə baş vermiş analoji hadisələrin, xüsusən də atəşkəs
rejiminin kütləvi pozulması hallarının mediada doğurduğu effekti,
bu sahədəki mənfi təmayüllərin qeydə alınması hallarını nəzərə
alaraq, Azərbaycanın kütləvi informasiya vasitələrinin
təmsilçilərini diqqətli olmağa və düşmənin təxribatlarına uymamağa
çağırır:
"Şura hesab edir ki, bu kimi vəziyyətlərdə medianın vətəndaş
mövqeyinə, milli maraqlara söykənən həssaslığı onun ən böyük
peşəkarlıq göstəricisidir. Bu peşəkarlığın nümayişi isə ilk növbədə
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin və digər rəsmi
mənbələrin məlumatlarına istinaddan, eyni zamanda əldə edilmiş
məlumatların mütləq rəsmi təsdiqlənməsindən keçir. O da nəzərə
alınmalıdır ki, pozitiv və neqativ məzmunundan asılı olmayaraq
düşmən qüvvələr ümumən Azərbaycanın milli maraqlarına uyğun
olmayan, beynəlxalq imicinə ləkə gətirən xəbərləri də dövriyyəyə
buraxırlar.
Bütün bunlara görə Azərbaycan Mətbuat Şurası bir daha ölkəmizin
bütün kütləvi informasiya vasitələrini, ayrı-ayrı jurnalistləri,
həmçinin sosial şəbəkə fəallarını cəbhə xəttində baş verənlərlə
bağlı məlumatların təqdimatına həssas yanaşmağa, ciddi şəkildə
dəqiqləşdirmələr aparmağa çağırır. Qurum, eyni zamanda, əlaqədar
dövlət orqanlarına hazırkı vəziyyətlə bağlı daha çevik fəaliyyət
göstərməyi, cəmiyyətin informasiya tələbatını vaxtında ödəmək üçün
bütün mümkün vasitələri dəyərləndirməyi tövsiyə edir".