Azərbaycanda yol hərəkəti qaydalarının pozuntusuna görə
bal sisteminin ləğvi nəzərdə tutulur. Bunu Trend-ə açıqlamasında
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ)
İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovniki Kamran
Əliyev deyib.
K.Əliyev bildirib ki, bu barədə məsələ daxili işlər naziri Ramil
Usubovun imzası ilə Azərbaycan Prezidenti Administrasiyasına təqdim
olunan təkliflər zərfində qeyd olunub.
Onun sözlərinə görə, təkliflər əsas etibarilə yol polisinin
vətəndaşlarla ünsiyyətinin minimuma endirilməsi, vətəndaş
məmnunluğunun təmin olunması ilə bağlıdır.
K.Əliyev qeyd edib ki, bal sisteminin ləğvi sürücü tərəfindən
əvvəllər törədilmiş müvafiq inzibati xətalarla bağlı araşdırma
aparmaq zərurətini aradan qaldıracaq: "Ancaq sürücülər də elə başa
düşməsinlər ki, elə bu bal sistemi ləğv edilirsə, biz necə istəsək,
maşını sürə bilərik, nə qədər istəsək, qaydaları poza bilərik, bu
ancaq cərimə ilə nəticələnəcək və qayda pozuntusuna görə bizim
sürücülük hüququmuz məhdudlaşdırıla bilməz. Xeyr. Bəzi ağır
qəzalara səbəb ola biləcək qayda pozuntularına görə, yəni onların
il ərzində təkrar və yaxud üçüncü dəfə törədilməsinə görə
sürücülərin sürücülük hüququnun məhdudlaşdırılması nəzərdə tutulur.
Yəni sürücülük hüququnun məhdudlaşdırılması qanunvericilikdə yenə
qalır. Sadəcə bu, bal ilə hesablanmayacaq, ancaq müəyyən ciddi
qayda pozuntularının təkrar və ya il ərzində üçüncü dəfə
törədilməsi ilə bağlı olması nəzərdə tutulur".
BDYPİ rəsmisinin sözlərinə görə, təkliflərdə hətta
qeyri-avtomatik rejimdə müəyyən olunan bir çox qayda pozuntularının
da avtomatik rejimə keçirilməsi nəzərdə tutulur ki, bu da yollarda
vətəndaşın həm yol patrul inspektoru ilə, həm də inzibati
materialların baxılmasında yol polisi əməkdaşı ilə təmasının
minimuma endirilməsi məqsədini daşıyır:
"Təkliflərdən biri budur ki, qanunvericiliyə müəyyən
dəyişikliyin edilməsi ilə əlaqədar qayda pozuntularının, demək
olar, əksəriyyəti elektron sənəd formasında təqdim olunacaq. Yəni
indiyə qədər avtomatik rejimdə qeydə alınan qayda pozuntuları,
misal üçün, bir çox müşahidə kameraları vasitəsilə qayda pozuntusu
qeydə alınanda, o inzibati materialın baxılması üçün vətəndaş
polisə dəvət edirdisə, artıq müşahidə kameraları vasitəsilə qeydə
alınan qayda pozuntularının özü də avtomatikləşdirilir və elektron
sənəd formasında protokol tərtib edilərək nəqliyyat vasitəsinin
istifadəçisinin ünvanına göndəriləcək".
K.Əliyev qeyd edib ki, təklif olunan yeniliklərdən biri də odur
ki, əvvəllər sənəd formasında protokol, görüntü göndərilirdisə və
alınandan sonra on gün müddət verilirdi ki, vəsadət qaldırılsın və
sonra qərar çıxsın, artıq təklifdə bu, elektron protokolla birgə,
kağız daşıyıcıda o inzibati xəta üzrə qərar da həmin vətəndaşa
göndəriləcək və qərarın qanuni qüvvəyə minməsinin 10 gün müddətində
vətəndaşa imkan veriləcək ki, o, vəsadət qaldıra bilsin:
"Əgər vətəndaş vəsadət qaldırmasa, qərarla razılaşmış hesab
olunur və gedib istədiyi bankda, poçtda bu cərimə məbləğini ödəyə
biləcək. Yəni bu, inzibati xətalara baxma işinin həm də
təkmilləşdirilməsi və sadələşdirilməsidir ki, vətəndaşlar artıq
əziyyət çəkməsinlər, dövlət orqanlarına getməsinlər, orada vaxt
itirməsinlər. Yəni bu təkmilləşdirmə, sadələşdirmə vətəndaşın qayda
pozuntusuna görə daha rahat ödəniş etməsinə şərait yaradılması ilə
bağlıdır".
Qeyd edək ki, Prezident İlham Əliyev "ASAN xidmət" mərkəzlərində
həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin
genişləndirilməsi və "Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan
Prezidentinin 2012-ci il 5 sentyabr tarixli fərmanında
dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Fərmanda qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası yol hərəkəti qaydaları əleyhinə olan inzibati
xətalara dair işlərə baxılma qaydası və nəqliyyat vasitələrinin
dövlət qeydiyyatının aparılması qaydası ilə bağlı şəffaf və
operativ mexanizmin tətbiq edilməsi barədə təkliflərini iki ay
müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.