Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında
100-ə yaxın vətəndaşın aksiya keçirməsi ilə bağlı yayılan
məlumatlar həqiqəti əks etdirmir. Qeyri-qanuni şəkildə yardım almaq
istəyinə çata bilməyən ayrı-ayrı şəxslərin əsassız narazılığının
aksiya kimi təqdim olunması cəmiyyətdə dezinformasiya yaratmağa,
ümumən ölkəmizin mühüm nailiyyəti olan elektron müraciət və təyinat
sistemini gözdən salmağa yönəlib.
Trend-in
məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev
deyib.
E.Babayev vurğulayıb ki, nazirlik önünə gələn 10-a yaxın
vətəndaş öz gəlirləri barədə düzgün məlumat vermədikləri üçün
elektron sistem tərəfindən imtina cavabı alıblar: "Hətta onlardan
biri hazırda ünvanlı sosial yardım alır və bu səbəbdən ona imtina
cavabı verilib. Nazirliyin önünə yığışan həmin vətəndaşların
əksəriyyəti isə onların müraciətlərinin kağız formasında qəbulunu
istəyiblər və istəklərinə çatmaq üçün müxtəlif vasitələrə əl
atıblar. Bir daha bəyan edirik ki, ünvanlı sosial yardımın təyin
olunub-olunmaması barədə qərarın qəbulu elektron qaydada
avtomatlaşdırılmış rejimdə və tam şəffaf şəraitdə həyata keçirilir.
Ona görə də kiminsə hazırda sosial yardımın təyinatında hansısa
qeyri-qanuni halın mümkünlüyünü səsləndirməsi ya qərəzli və
ədalətsiz münasibətin, ya da bu yeni sistem barədə tam
məlumatsızlığın nəticəsi kimi qəbul olunmalıdır".
Şöbə müdiri bildirib ki, Azərbaycan Prezidenti cənab İlham
Əliyevin 23 fevral 2015-ci il tarixli fərmanının uğurlu icrası
olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
artıq iki aydan çoxdur ki, tətbiq edilən ünvanlı dövlət sosial
yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi
(VEMTAS) sosial yardım sahəsində məmur-vətəndaş müdaxiləsi mümkün
olmayan, tam şəffaf bir sistemin formalaşmasını təmin edib:
"Əvvəllər vətəndaşlar təmsil etdikləri ailəyə yardımın təyin
edilməsi üçün müvafiq rayon (şəhər) əhalinin sosial müdafiəsi
mərkəzlərinin əməkdaşlarına müraciət etməli olurdularsa və yardımın
təyin olunub-olunmaması barədə qərar məmurun iradəsindən asılı
idisə, artıq bu təcrübə keçmişdə qalıb. Cari il fevralın 15-dən
vətəndaşlara sosial yardımın alınması üçün "Ünvanlı sosial yardımla
bağlı müraciətin edilməsi" elektron xidməti vasitəsilə elektron
qaydada müraciət etmək imkanı yaradılıb və yardımların təyinatı
prosesi, ümumiyyətlə, insan iştirakı olmadan, tam
avtomatlaşdırılmış rejimdə həyata keçirilir. Digər tərəfdən,
vətəndaşlar əvvəllər yardım üçün müraciət edilməsindən ötrü
müxtəlif qurumlardan sənədlər toplamalı idi ki, bu da nəinki
onların çətinlik çəkməsinə, eyni zamanda bu və ya digər
təşkilatlarda aidiyyəti məmurlarla qarşılaşmasına, beləliklə,
məmur-vətəndaş təmaslarının genişlənməsinə səbəb olurdu. VEMTAS-ın
tətbiqi bu praktikaya da son qoydu və hazırda yardım üçün müraciət
edilməsində kağız daşıyıcılardan istifadə olunmur".
Nazirlik rəsmisi vurğulayıb ki, vətəndaş sadəcə olaraq yalnız
notarusdan ailə adından müraciət üçün vəkil edildiyi barədə
vəkalətnamə alır və qeyd edilən e-xidmət vasitəsilə müraciəti
zamanı ailəsinin tərkibi, gəlirləri və s. barədə məlumatları
"Ərizə-bəyannamə"də qeyd edir: "Müraciət edən ailələrə aid tələb
olunan məlumatlar isə elektron qaydada 20-dən çox qurumun
informasiya resurslarından əldə olunur və həmin məlumatlar
avtomatlaşdırlmış rejimdə təhlil edilərək ailəyə yardım təyin
edilib-edilməməsi barədə qərar verilir. Göründüyü kimi, ünvanlı
sosial yardımın alınması üçün müraciət edilməsi və bu yardımın
təyin olunması prosesi tam avtomatlaşdırılmış qaydada və şəffaf
şəraitdə baş verir".