Artıq uzun müddətdir ki, ali təhsilin maqistratura pilləsinə
daxil olanlara əsgərlikdən möhlət hüququnun verilməsi məsələsi
gündəmdədir. Böyük əksəriyyət hesab edir ki, hərbi xidmətə
çağırışla bağlı qanuna əlavə və dəyişiklik edilə və magistlara
hərbi çağırışdan möhlət hüququ verilə bilər.
Bəs, qanunu qəbul edəcək millət vəkilləri və ya mütəxəsislər nə
düşünür?
Bu, hərbidən azad etmə
deyil
"Qanun layihəsi maqistr dərəcəsi alanları hərbidən azad etməyi
deyil, möhlət hüququnun bərpasını nəzərdə tutur".
Bu sözləri "Axar.az"a millət vəkili Zahid Oruc dedi. Z.Oruc
bildirdi ki, Elm haqqında qanun layihəsində maqistratura pilləsinə
daxil olanların əsgərlikdən möhlət hüququnun verilməsi məsələsi əks
olunub və Müdafiə Nazirliyi sistemində, ümumiyyətlə, silahlı
qüvvələrdə baş vermiş son dəyişikliklər fonunda parlament və
hökumətin birgə əməkdaşlığı nəticəsində layihə gerçəkləşəcək: "Ona
görə ki, bir tərəfdən Azərbaycanda alimlərimiz kifayət qədər yuxarı
yaşa malikdir. Çünki təhsilin yuxarı pilləsində qadınlar çoxluq
təşkil edir və balans ciddi şəkildə pozulub".
Millət vəkili bildirdi ki, bu narahatlığın bir səbəbi də həqiqi
hərbi xidmətdən möhlət hüququnun olmaması ilə bağlıdır:
"Bakalavır pilləsini bitirən oğlanlara maqistr dərəcəsini başa
vurmağa imkan verilmir və orduya cəlb olunurlar. Bu halda isə
onların böyük əksəriyyəti geri dönərkən elmdən uzaqlaşmış olurlar,
təhsildə fasilələr onlara ziyan vurur. Bu üzdən maqistratura üçün
belə bir hüquq tanınsa, bundan sonra onlar alim hüququnu qazanmaq
üçün müdafiəyə buraxılarlar. O zamana kimi möhlət hüququnu qüvvədə
saxlamaq olar. Alim adını qazananlar bütövlükdə ehtiyata
keçirilməsi reallaşar, digərləri isə xidmətə cəlb olunarlar".
Altı aylıq hərbi xidmət
Təhsil eksperti Etibar Əliyev qeyd etdi ki, Bakalavrı
bitirdikdən sonra məzunların yalnız 2-3%-i elmə daha çox maraq
göstərir: "Maqistratura şəxsin elmi kadr kimi hazırlanması
mərhələsidir. Ona görə də bu 2-3%-in ümumiyyətlə ordu sıralarına
çağırılmaması daha yaxşı olar. Azərbaycanda 120 min şagirddən
təxminən 30-32 mini tələbə adını qazanır. Digər 80 minə yaxın
məzunun isə az bir qismi peşə təhsili alır. Yerdə qalan hissəsi
ümumiyyətlə təhsil almaq istəmir.
Təhsilini davam etdirmək istəyənlərin orduya cəlb edilməsi
onların təhsilə olan marağını daha da azaldır. Maqistratura
pilləsindən sonra 6 ay müddətinə onların ordu sıralarında xitmət
etməsi barəsində qərar qəbul edilməsi Azərbaycan üçün faydalı
olar".