Gələn ildən etibarən Bakı-Tiflis-Qars istiqamətinə
getmək üçün sifariş verilən qatarlar tezliklə ölkəmizə
gətiriləcək.
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat
xidmətinin rəhbəri Nadir Əzməmmədov ANS-ə bildirib ki, artıq Bakı-Tiflis-Qars
istiqamətində işlər tamamilə yekunlaşıb, indi qalıb təkcə
qatarların gəlməsi.
"Bu istiqamətdə hərəkət edəcək 30 qatar sifariş olunub,
qatarların 10-u bu ilin birinci yarısı, qalanları isə tədricən
ölkəmizə gətiriləcək. Gətirilən qatarlar yüksək standartlara cavab
verəcək, qatarlara vay-fay sistemi qoşulacaq. "Stadler Rail"
şirkətinə məxsus 30 ədəd yataq tipli sərnişin vaqonunun adı
"Kiss"dir. Bu vaqonlar adi, komfort, biznes klass olmaqla bir necə
tipə bölünür. Amma bu istiqamətdə əvvəlcə yükün daşınması, sonra
isə sərnişin daşınması həyata keçiriləcək", - deyə mətbuat katibi
əlavə edib.
Ümumiyyətlə, 1759 kilometr uzunluğunda salınacaq yeni yol
Türkiyə və Azərbaycanla yanaşı, digər qonşu ölkələrə də
yüksəksürətli qatarla gedib-gəlməyə imkan verəcək.
Bakı-Tbilisi-Qars istiqamətində danışıqlar hələ 2014-cü ildən
başlanıb. Layihə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən
"21 fevral 2007-ci il tarixli Bakı-Tiflis-Qars" layihəsinin həyata
keçirilməsi haqqında prezident sərəncamına əsasən
maliyyələşdirilir.