Dünya Azərbaycanlıları Konqresi (DAK) "Xocalı
soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan
Diasporunun rolu" adlı dəyirmi masa keçirib.
Tədbirdə Milli Məclisin deputatları, tarixçilər, ictimai
xadimlər, Xocalı soyqırımında həlak olan soydaşlarımızın yaxınları
iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DAK həmsədri, millət vəkili Sabir
Rüstəmxanlı deyib ki, bir neçə gündən sonra Xocalı soyqrımının anım
günü keçiriləcək. İllər keçdikcə dünya ictimaiyyəti bu faciə haqda
daha geniş məlumatlanmağa başlayıb:
"Azərbaycan dövlətinin fəaliyyəti nəticəsində Xocalıda baş verən
soyqırım hadisəsi daha geniş ictimailəşdirilir".
O qeyd edib ki, son 200 ildə Azərbaycanın şimalı Rusiyaya
birləşdirildikdən sonra Xocalı soyqrımı xalqımızın başına gətirilən
ən böyük faciələrdən biridir:
"Çox təəssüf ki, hələ də bu hadisənin həqiqətlərini böyük
dövlətlərə və dünyanın taleyini həll edən güclərə yetərincə çatdıra
bilməmişik. Nə qədər ağır faciələr yaşasaq da, dünya bizə daha çox
günahkar kimi baxıb. Bu faciələrin, müharibələrin, Azərbaycanın
bölünməsinin təqsirini hər zaman bizdə görməyə çalışıblar. Başımıza
gətirilənləri dünyaya çatdırmaq üçün müxtəlif ölkələrə səpələnmiş
soydaşlarımız çox iş görməlidirlər".
1915-ci il uydurma erməni soyqrımı ilə bağlı keçirilən
tədbirləri diqqətə çəkən S.Rüstəmxanlı bildirib ki, Xocalı isə uzaq
olmayan, şəkillərin, video lentlərin və canlı şahidlərin
yaddaşlarında yaşayır:
"Bu mənada Dünya Azərbaycanlıları Konqresi olaraq, biz diaspor
təşkilatları ilə işləməyimiz vacibdir. Yəni, diaspor təşkilatları
öz yaşadıqları ölkələrin vətəndaşları olaraq o cəmiyyətə daha çox
inteqrasiya olmalı, siyasi proseslərdə yaxından iştirak
etməlidirlər".
S.Rüstəmxanlı "Xocalıya Ədalət Kompaniyası" çərçivəsində
aparılan işlərin soyqırımın tanınmasında müsbət tendensiya
yaratdığını da qeyd edib: "Ötən il Türkiyədə bununla bağlı böyük
mitinqlər keçirildi. Dünya ölkələrinin hər birində toplantılar,
seminarlar və digər tədbirlərin keçirilməsinin nəticəsidir ki, bir
sıra dünya ölkələrində, o cümlədən ABŞ-ın bir sıra ştatında Xocalı
soyqrımını tanıdılar".
DAK həmsədri faciənin tanınmasında hər bir Azərbaycan
vətəndaşını fəallıq nümayiş etdirməyə də çağırıb: "Biz bu faciəni
dünya ictimaiyyətinə çatdırmasaq, kimsə bunu etməyəcək".
Deputat Asim Mollazadə bildirib ki, dünyada yaşayan hər bir
azərbaycanlı bu faciəni yaymalıdır: "Azərbaycan xalqının istəyi
qisas deyil. Ölkəmizin istəyi beynəlxalq hüquq normaları
çərçivəsində, cinayətkarların dünya qarşısında cavabdehlik
daşımasıdır".
A.Mollazadə qeyd edib ki, cinayətkar öz cəzasına çatmayana kimi
bu cür hadisələr təkrar olunacaq: "Faciəni törədənlər bölgədə
sabitliyin pozulması üçün əllərindən gələni edirlər. Çünki bilirlər
ki, Xocalıya ədalət olarsa, cinayətkarlar mütləq cavab verəcəklər".
A.Molazadə faciənin tanıdılması üçün ABŞ-da və Avropada bir sıra
işlərin davam etdirildiyini də qeyd edib. Tədbirdə digər çıxış
edənlər də faciənin dəhşətindən və bu soyqırımı törədənlərin
cəzalandırılmasının vacibliyindən danışıblar. Həmçinin, bu
istiqamətdə diaspora təşkilatlarını daha fəal olmağa
çağırıblar.