Ana səhifə Toplum |
Bakı-Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində sənədləri korlanmış yaralı sərnişinlərə səyyar ASAN xidmət göstərilib.
Bu barədə Axar.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN Xidmət) məlumat verilib.
Bildirilib ki, səyyar xidmət məqsədilə ASAN xidmət və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət birgə operativ səyyar qrup formalaşdırılıb.
Yeni Klinika tibb müəssisəsində müalicə alan yaralılara şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilib.
"Faciə nəticəsində həlak olanların ailə üzvlərinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik",- Agentlikdən bildirilib.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Tarix
2024.12.28 / 15:54
|
Müəllif
Axar.az
|