Ana səhifə Toplum |
Ölkə başçısı İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nı təsdiq etdi. Proqramda Bakı şəhərində yerləşən təhsil müəssisələrinin fəaliyyətinin şəhərin nəqliyyat sıxlığına təsiri qiymətləndiriləcək. Ali təhsil müəssisələrinin şəhərdən kənara köçürülməsi paytaxtda tıxac probleminin həllində vacib amillərdən biri kimi şərh olunur.
Bəs görəsən bu proses necə həyata keçiriləcək?
“Dərslər fərqli vaxtlarda başlasın”
Axar.az xəbər verir ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov Teleqraf.com-a açıqlamasında universitetlərin Bakıdan köçürülməsinə tələsmək lazım olmadığını bildirib:
“Hazırda ali təhsil müəssisələrimizdə imtahanlar keçirilir və tətil dövrüdür. Bu səbəbdən şəhərdə insan və nəqliyyat sıxlığı müşahidə olunmur. Amma dərslər başlayan kimi sıxlıq problemi ilə üz-üzə qalacağıq. Bunu məsələni həll etməyin bir yolu da ali məktəblərdə təhsilin fərqli vaxtlarda başlamasına nail olmaqdır.
Universitetlərin köçürülməsinin müsbət tərəfləri ilə yanaşı çətinlikləri də çoxdur. Bu baxımdan hesab edirəm ki, bölgələrdə yerləşən universitetlərə, xüsusən Mingəçevir və Gəncə Dövlət Universitetlərinə qəbul artırılmalıdır. Eyni zamanda bölgələrdə yeni universitetlər yaradılmalıdır. Bu halda şəhərin yükü azalacaq".
“140 mindən çox tələbə ilə nəqliyyat yüklənir"
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədovun sözlərinə görə, ali məktəblərdən bir qisminin Bakıdan köçü yaxın zamanda reallaşa bilər:
“Bakı şəhərinin mərkəzində yerləşən universitetlərin şəhərətrafı ərazilərə köçürülməsi nəqliyyat sıxlığının azaldılması və təhsil infrastrukturunun genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Hazırda Bakı şəhərində 35 ali təhsil müəssisəsi fəaliyyət göstərir və burada 140 mindən çox tələbə təhsil alır. Bu tələbələrin gündəlik hərəkəti şəhərin əsas yollarında nəqliyyat yüklənməsinə səbəb olur. Azərbaycan Dillər Universiteti, Azərbaycan Texniki Universiteti, Pedaqoji Universitet, Azərbaycan Memarlıq və İnşaat Universiteti və digər iri ali təhsil müəssisələrinin mərkəzi küçələrdə yerləşməsi tıxac problemini daha da kəskinləşdirir.
Bu kontekstdə Xırdalan, Sumqayıt, Hövsan, Masazır və Qaradağ kimi ərazilər universitet şəhərciklərinin salınması üçün potensial bölgələr kimi nəzərdən keçirilə bilər. Bu bölgələrdə geniş torpaq sahələrinin olması müasir və innovativ ali təhsil mərkəzlərinin yaradılmasına imkan verəcək. Dünya təcrübəsi də göstərir ki, şəhərdən kənarda yerləşən universitetlər daha müasir kampus şəraiti və geniş infrastruktura malik olur. Məsələn, Türkiyədə ODTÜ və Bilkent, ABŞ-da Stanford və MIT, Almaniyada Heidelberg Universiteti şəhər mərkəzindən kənarda yerləşərək tələbələr üçün optimal şərait yaradır”.
“Köçürülmə bu qaydada olmalıdır”
Kamran Əsədov deyir ki, bu köçürülmə prosesi mərhələli şəkildə həyata keçirilməli və tələbələr üçün nəqliyyat əlçatanlığı təmin edilməlidir:
“Əks halda, yeni universitetlərin şəhərətrafına yerləşdirilməsi onların fəaliyyətinə mənfi təsir edə bilər. Azərbaycan bu keçid dövrünü planlı şəkildə həyata keçirsə, həm ali təhsilin keyfiyyəti yüksələcək, həm də şəhərin nəqliyyat problemi həll olunacaq. Bu addım təkcə nəqliyyatın yüklənməsini azaltmayacaq, eyni zamanda ali təhsil müəssisələrinin daha müasir və innovativ formata keçməsinə imkan yaradacaq”.
“Kampusların yaradılması nəzərdə tutulur”
Ekspert dünya təcrübəsinə də nəzər yetirməyin vacib olduğunu düşünür: “Amerikada və dünyanın başqa böyük ölkələrində universitetlər şəhərdə də, şəhərdən kənarda da yerləşir. Qardaş Türkiyədə universitetlərin çoxunun tələbə şəhərcikləri var. Bu tip tələbə şəhərcikləri tələbələrin təhsili, istirahəti və yaşaması üçün bütün sosial obyektlərlə təmin olunub.
Avtomobili olmayan tələbələr isə aylıq ödəniş etməklə, xüsusi avtobuslarla universitetə gedib gələ bilərlər. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə yeni Dövlət Strategiyasında kampusların yaradılması nəzərdə tutulur. Bu o deməkdir ki, yaxın vaxtlarda biz universitetlərin Bakıdan kənara köçürülməsinin şahidi ola bilərik”.
“Şəraiti olmayan ali təhsil ocaqlarının…”
Kamran Əsədovun fikrincə, bütün universitetlərin şəhərdən kənara köçürülməsinə ehtiyac yoxdur:
“O universitetləri köçürmək lazımdır ki, onlar şəhərin mərkəzində tıxacların yaranmasına səbəb olur, gediş-gəlişi çətinləşdirir. Elə universitetlər var ki, onların həyətləri, sahəsi, bağ-bağçası yoxdur. Həmin universitetlərin şəhərin mərkəzində olmasının heç bir ziyanı yoxdur. Şəraiti olmayan ali təhsil ocaqlarının şəhər kənarında ayrıca bir şəhərcikdə yerləşdirilməsi daha məqsədəuyğun olardı”.
Tarix
2025.02.01 / 14:31
|
Müəllif
Axar.az
|