Ötən gündən başlayaraq ölkə ərazisində şaxtalı və qarlı hava şəraiti hökm sürməkdədir.
Axar.az Oxu.az-a istinadən xəbər verir ki, havanın temperaturunun ötən günlərlə müqayisədə xeyli enməsi nəticəsində gecə saatlarından etibarən Bakı şəhərində və respublikanın avtomobil yollarında müəyyən problemlər yaşanıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, hazırda yollarda vəziyyət normaldır.
O qeyd edib ki, axşam saatlarından etibarən müəyyən ərazilərdə qəfil buzlaşma baş verib:
"Xüsusilə Bakı Dairəvi yolunda avtomobil sıxlığı yaranıb və əraziyə texnika cəlb olunmasında çətinliklər yaşanıb. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə birgə hərəkət tənzimləndikdən sonra texnikalar əraziyə cəlb olunub və təxminən bir saat sonra yoldakı problem aradan qaldırılıb".
A.Nəcəfli əlavə edib ki, digər ərazilərdə də qabaqlayıcı tədbirlər görülüb, yollara duz səpilib ki, səhər saatlarında vətəndaşlar rahat şəkildə yola çıxa bilsinlər:
"Hazırda Bakı şəhərinin giriş-çıxış yolları və əsas prospektlərdə hər hansı problem müşahidə olunmur. Respublikanın avtomobil yollarında da vəziyyət nəzarət altındadır, bəzi problemli ərazilərdə isə gecə boyunca işlər aparılıb və səhər də davam etdirilir. Hələ ki, ciddi problemlər yoxdur".