Neftçala Rayon İcra Hakimiyyəti abadlıq və mənzil fondunun əsaslı təmir işləri ilə bağlı keçirdiyi satınalma müsabiqəsinə yekun vurub.
Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, müsabiqənin qalibi Avtoyoltikintiservis MMC seçilib.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 1 254 237,76 manatdır.
Sözügedən şirkət ötən il də Neftçala Rayon İcra Hakimiyyətinin daxili yolların əsaslı təmiri ilə keçirdiyi tenderin qalibi seçilib. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 963 234,32 manat olub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, Avtoyoltikntiservis MMC 16 mart 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 195, mənzil 6-da yerləşir. MMC-nin qanuni təmsilçisi Ramin Adil oğlu Məmmədovdur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir. Avtoyoltikintiservis MMC-nin nə əlaqə telefonları, nə də internet səhifəsi var.
Əsasən abadlıq-quruculuq, yolların, mənzil fondunun təmiri işlərini həyata keçiriən şirkətin maddi-texniki cəhətdən hansı imkanlara sahib olduğu bəlli deyil.
Bununla belə, Avtoyoltikintiservis MMC xüsusilə yerli icra hakimiyyəti orqanlarının sevimli şirkətidir. MMC 2022-2025-ci illərdə 33 tenderin qalibi seçilib. Bu tenderlər əsasən yol təmirləri və abadlıq işləri ilə bağlı olub. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 9 341 264,44 manat olub.
Neftçala Rayon İcra Hakimiyyəti 2 il ərzində şirkətə 2 622 867,33 manatlıq sifariş verib.
Yeri gəlmişkən, Avtoyoltikintiservis MMC-nin külli miqdarda vergi borcu var. Şirkətin bu günə olan vergi borcu 154 684,64 manat təşkil edir.
"Dövlət satınalmaları haqqında” Qanunun 23.3.5.1-ci maddəsində qeyd edilir ki, təchizatçının vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmamalıdır.