Yuxarı

Sabahdan Sumqayıt qatarlarının qrafiki dəyişir - Cədvəl

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dəmir Yolları QSC (ADY) sərnişin sıxlığının qismən tənzimlənməsi məqsədilə 1 aprel tarixindən Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırır.

Bu barədə Axar.az-a ADY-dən məlumat verilib.

Bu marşrut üzrə həftənin iş, şənbə və bazar günləri ümumilikdə 61 reys əlavə olunur. İş günləri və ya həftəiçi reyslərin sayı 66-dan 92-yə çatdırılır.

Yeni hərəkət cədvəlinə əsasən, Bakı–Pirşağı–Sumqayıt və Bakı–Xırdalan–Sumqayıt marşrutları üzrə reyslərin sayı artırılır və xüsusən günorta saatlarında qatarlararası interval azaldılır.

Həmçinin qatarların iş günləri, şənbə və bazar günləri üçün ayrı-ayrılıqda üç hərəkət cədvəli tərtib edilib.

İş günlərində Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 24-dən 36-ya, Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutu üzrə 42-dən 56-ya çatdırılır.

Sərnişinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq Bakı–Xırdalan–Sumqayıt istiqamətində saat 20:20 reysi əlavə olunur (əvvəlki qrafiklə sonuncu qatar 19:35-də idi). Bu, işdən evə qayıdan sərnişinlər üçün daha çox seçim imkanı yaradır, sərnişin sıxlığının azaldılması, səyahət müddətinin qısaldılması və hərəkət intensivliyinin tənzimlənməsini mümkün edir.

Eyni zamanda, Bakı–Xırdalan–Sumqayıt istiqamətində səhər reysləri də optimallaşdırılır. Belə ki, bu vaxtadək saat 07:20-dən Sumqayıtdan çıxan qatar Bakıya 08:01-də çatırdı. Yeni qrafiklə saat 06:15-də çıxan qatar Bakıya 06:56-da çatacaq. Bundan başqa, Xırdalandan Bakıya birbaşa hərəkət edəcək yeni FLIRT qatarı Bakıya 07:15-də çatacaq. Bu da iş vaxtı saat 8-də başlayanlar üçün əlavə imkanlar yaradacaq. Həmçinin bu istiqamətdə səhər saatlarında hərəkət edən ekspres tipli qatara Biləcəri və Xırdalan stansiyalarında dayanacaq veriləcək.

Şəhərətrafı istiqamət olan Bakı–Xırdalan–Bakı istiqaməti üzrə ilk dəfə olaraq birmərtəbəli FLIRT qatarı xəttə buraxılır. Bununla əlaqədar olaraq Xırdalan stansiyasında mövcud platforma 550 mm-lik ölçüyə uyğunlaşdırılıb. Bundan başqa, Biləcəri stansiyasında 1 kassa və 1 yeni turniket zalı tikilib, Xırdalan stansiyasında turniket zalı genişləndirilib, Məmmədli stansiyasında isə turniket sayı 3-dən 10-dək artırılıb.

Şənbə günlərində Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 10-dan 16-ya, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə reyslərin sayı isə 20-dən 36-ya çatdırılır.

Optimallaşdırma çərçivəsində həftənin bazar günləri üçün də xüsusi qrafik tərtib olunub. Belə ki, yeni cədvələ əsasən, bazar günləri Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 10-dan 15-ə, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə reyslərin sayı isə 20-dən 28-ə çatdırılır.

Sərnişin daşımalarında etibarlı daşıyıcı olan ADY davamlı olaraq dəmiryol infrastrukturunu sağlamlaşdırır və hərəkətin təhlükəsizliyinə ciddi önəm verir. Yeni reyslərin optimallaşdırılması xüsusilə pik saatlarda sərnişinlərin rahat və vaxtında mənzil başına çatmasını təmin etmək məqsədi daşıyır.

ADY Abşeron dairəvi dəmiryol xəttində infrastrukturun sağlamlaşdırılması və hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi məqsədilə ötən ilin aprel ayından Sumqayıt–Pirşağı sahəsində təmir işləri həyata keçirir. Xidmət sahələrində davamlı olaraq aparılan yenidənqurma və təmir işləri sərnişinlərin mənzil başına təhlükəsiz və rahat çatdırılmasına xidmət edir.

Həyata keçirilən bütün bu dəyişikliklər Abşeron dairəvi dəmiryol marşrutunda günlük sərnişindaşıma sayını hazırkı 37-38 min nəfərdən 48-50 min nəfərə qədər artırmağa imkan verəcək.

Tarix
2025.03.31 / 12:38
Müəllif
Axar.az
Digər xəbərlər

Fransa Bakıya "ölüm qrupu" göndərdi - Şok

İrandan sülh sazişi ilə bağlı Bakı və İrəvana çağırış...

Azərbaycan-AB əməkdaşlığı müzakirə olundu

Bakı və Tehran təhlükəsizlik məsələlərini müzakirə etdi

Milyarderlər siyahısına Ələkbərov başçılıq edir

Uşaqlıqda çoban olmuşam, məktəbə gedə bilmədim...

Hikmət Hacıyev Pezeşkianın müşaviri ilə görüşdü

Fransada siyasi rəqiblərə qarşı repressiya başladı

Pezeşkianın Azərbaycana səfərinin vaxtı məlum oldu

Prezident Mehdi Sənayini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla