Yuxarı

Polis mənə 500 manat təklif etdi - Kuryoz olay

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayonunun Yekəxana kənd sakini Zaur Sadıqov oğluna aldığı musiqi alətini təmirə verdiyini, lakin bu alətin sonradan satıldığını bildirib.

Məsələ ilə bağlı Axar.az-a şikayət ünvanlayan Zaur Sadıqov bu hadisənin təkcə maddi yox, mənəvi baxımdan da ailəyə ağır zərbə vurduğunu, oğlunun psixoloji sarsıntı keçirdiyini qeyd edib.

“2023-cü ilin oktyabr ayında oğlumun musiqi təhsili üçün böyük ümidlərlə aldığımız sintezator xarab oldu. Aləti təmir etdirmək üçün Bakıya aparıb, uzun müddətdir Azərbaycanda yaşayan Mehmet adlı Türkiyə vətəndaşı olan ustaya verdim. Usta ilkin olaraq təmir üçün 150 manat tələb etdi və ödədik. Təmir tamamlandıqdan sonra isə əlavə 90 manat tələb olunacağı bildirildi. Uzun müddət gözlədik. Lakin təmir prosesi 3 ay uzandı. Usta ilə dəfələrlə əlaqə saxlasaq da, hər dəfə müxtəlif bəhanələr gətirirdi. Axırda usta özü zəng edərək, “Sizə özünüzün olanı yox, başqa musiqi aləti verim”, deyə təklif irəli sürdü. Bunun səbəbini soruşduqda isə “Gəl, orada danışarıq” cavabını verdi. Bu cavabdan narahat olduq. Göyçaydan Bakıya yola düşdüm, lakin usta nə özü görüşə gəldi, nə də aləti geri qaytardı”, - şikayətçi bildirib.

Zaur Sadıqovun sözlərinə görə, bundan sonra 102 xidmətinə zəng edərək, şikayət edib:

“Nəsimi rayon 21-ci Polis Bölməsinin əməkdaşları ünvana gələrək vəziyyətlə tanış oldular. Mehmet bölməyə aparıldı, biz də ora dəvət olunduq. Usta bölmədə sintezatoru aldığını, 150 manat təmir haqqını qəbul etdiyini etiraf etdi. Polis bölməsinin rəisi də bizə 4-5 gün ərzində ya sintezatorun tapılıb qaytarılacağını, ya da dəymiş maddi zərərin ödənəcəyini dedi. Ancaq heç nə dəyişmədi. Dəfələrlə polisə müraciət elədim. Nə musiqi aləti geri qaytarıldı, nə də pul ödənildi”.

Bundan sonra Zaur Sadıqov ustanın iş yerinə getdiyini deyir:

“Lakin usta “Polis məndən 5000 manat alıb, sizin 1000 manat da onun içindədir. Məndən əl çəkin”, - deyərək məsuliyyətdən yayınmağa çalışdı. Bu iddianı polisə bildirdik, “Gözləyin, hər şey həll olunacaq” dedilər, hətta bir gün polis bölməsindən, “Siz rayona qayıdın, sizə dəyən zərər ödənəcək” bildirildi. Lakin bir müddət sonra bizə müraciətlərimizin rədd edildiyinə dair məktub göndərildi. Daha sonra müxtəlif dövlət qurumlarına teleqram göndərdik, yenə heç bir nəticə olmadı. Bir müddət sonra polis bizə mexaniki səhv olduğunu, işin istintaqa göndəriləcəyini desə də, ardınca işin bağlandığını, ustanın da artıq ölkədən getdiyini bildirdi. Usta polisə izahatında törətdiyi əməli etiraf edir, vurduğu ziyanı boynuna alır. Amma polis vətəndaşa dəymiş zərərin usta tərəfindən ödənməsini təmin etmir”.

Zaur Sadıqov onu da əlavə edir ki, bir neçə dəfə Nəsimi Rayon Polis İdarəsi rəisinin qəbuluna getməyə cəhd edib:

“Nəhayət, sonuncu dəfə polis rəisi məni qəbul etdi, mövcud durumla tanış oldu. Bundan sonra 21-ci Polis Bölməsinin rəisinə tapşırıq verdi ki, məsələ dərhal araşdırılsın, mənə dəymiş zərər ödənsin. 21-ci Polis Bölməsinin rəisi mənimlə əlaqə saxladı, bölməyə çağırdı və orada mənə 300 manatlıq musiqi aləti təklif etdi. Bunun qarşılığında isə şikayətimi geri çəkməyim istənildi. Bu təkliflə razılaşmadım. Sonra polis rəisinin müavini polis əməkdaşlarının öz aralarında pul toplayaraq 500 manat verməsini, bunun müqabilində şikayəti geri götürməyimi təklif etdi. Bu təkliflərdən də imtina etdim və iş həll olunmadan qalmaqda davam elədi. Sonra dəfələrlə Nəsimi rayon polis rəisinin qəbuluna düşmək istədim, amma alınmadı”.

Bakı Şəhər Baş Polis İdarəsinə də müraciət etdiyini bildirən Zaur Sadıqov ona göndərilən rəsmi məktubdan söz açıb:

“Daxili İşlər Nazirliyinin “102” Xidmət-Zəng mərkəzinə müraciət edərək, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşlarının qanunsuz hərəkətlərinə məruz qaldığımı bildirdim. Cavab məktubunda şikayətim, qarşı tərəfin vədinə əməl etməməsi, istintaq aparılması və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunduğu qeyd olunmuşdu. Sənəddə vurğulanır ki, xidməti yoxlama nəticəsində polis əməkdaşlarının qanunsuz hərəkətlərə yol verməsi barədə iddialar təsdiqini tapmayıb. Bununla belə, məhkəməyə şikayət etmək hüququmun olduğu bildirilib. Əgər polis günahsızdırsa, həqiqətən usta Mehmetin dediyi kimi polis rüşvət almayıbsa, niyə mənə 500 manat təklif edilib?”

Zaur Sadıqov qanunvericiliyə əsasən müəyyən maddələr üzrə hüququnun pozulduğunu bildirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov sorğumuza cavabında qeyd edib ki, vətəndaşa məxsus musiqi alətinin ələ keçirilməsilə bağlı müvafiq araşdırma aparılıb. Araşdırma zamanı müəyyən olunub ki, həmin şəxs ölkə hüdudlarından kənardadır. Müraciətlə əlaqədar ərazi üzrə polis orqanında araşdırmalar davam etdirilir.

Tarix
2025.04.07 / 12:10
Müəllif
Axar.az
Digər xəbərlər

Tarixi saxtalaşdırmaq üçün Kərkicahanda nə ediblər? - Video

Stepanyandan etiraf: Qarabağda üstünlük onlarda idi

Azərbaycanın İsrailə dəstəyi... - Tramp

Bakı və Lissabon növbəti məsləhətləşmələr keçirdi

Bu müharibənin sülhlə ədalətli həlli yoxdur!

Tramp Bakıya “sarsılmaz dəstək” mesajı verdi

Türk ölkələri Türkiyəni neçə milyarda satdı?

Bakı üçün fürsət yaranıb: Şara da gələcək... - İranlı ekspert

Prezident və xanımı Türkiyədədir - Foto

Tramp İlham Əliyevə məktub göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla