Bakıda uşaq bağçası müdirinin 3 manata görə 3 yaşı hələ
tamam olmamış kiçik qıza işgəncə tətbiq etməsi ilə bağlı iddialar
səsləndirilir.
Avropa.info-ya müraciət edən Bakı şəhəri Binəqədi
rayon sakini Vəfa Qədirova adıçəkilən rayonda yerləşən 210 saylı
uşaq bağçasının müdiri Həmidə Əliyevanın onun qızı 3 yaşı hələ
tamam olmamış qızı Əsmərə işgəncə verdiyini iddia edib. Valideynin
müraciətini olduğu kimi təqdim edirik:
"Qızımın adı Əsmərdir. 3 yaşı hələ tamam deyil. 18 aylığından
onu evimizin yanındakı Binəqədi rayon 210 saylı bağçaya qoyduq.
Bağçaya qəbul zamanı müdir özü yox idi, katibəsi bildirdi ki, qəbul
250 manatdır. Qiymətlə bağlı bir az tərəddüd oldu, xanım da "50
manat keçərik" dedi. Daha sonra müdir Həmidə Əliyeva 50 manatı
pulun üstünə əlavə edim deyə, məni yenidən dəvət etdi. Dedim,
müəllimə, bağışlayın, amma hazırda pulum qalmayıb. "Harda
yaşayıram, kiməm, kimin yoldaşıyam" deyib sorğuladı. Məlum oldu ki,
sən demə, o, mənim qayınanamı, bizim ailəni yaxşı tanıyır. Və bu
səbəbdən də 50 manatın söhbətini eləmədi, "tanışıq, 50 manat
qalsın" dedi. 2014-cü il yanvar ayından bu yana biz hər ay bağçaya
45 manat pul ödəyirik. 2 müəllimənin hər birinə və xadiməyə də 10
manatdan-30 manat, əlavə olaraq da "fond pulu" adıyla da 15 manat.
Arada bayramlar olur, tədbirlər olur - hər dəfə də 5 manat, 3
manat, 10 manat.
Biz də bir valideyn olaraq övladımıza aid olan, onun inkişafı
üçün lazım olan bütün tədbirlərdə iştirakını dəstəkləyib istənilən
məbləği vermişik.
1 həftə əvvəl Əsməri bağçadan gətirməyə getdim. Müəllimə dedi
ki, tədbir keçiriləcək, böyük qruplar üçün, bizim uşaqlar tədbirdə
iştirak etmirlər, sadəcə baxacaqlar. 3 manatdan pul yığırlar,
versəniz də olar, verməsəniz də. Mən də dedim ki, müəllimə, əgər
Əsmərin bir çıxışı yoxdursa, artıq pulumuz yoxdur. Mən vermirəm.
Beləcə 3-4 gün keçdi. Mayın 31-i idi. Müəllimə bir də dedi ki,
Vəfa, müdir deyib hamıdan yığın, vallah, bizə də belə deyirlər. Mən
dedim, müəllimə, siz özünüzü pis eləməyin müdirinizin yanında.
Soruşsa, deyin, o valideyn pulu vermədi.
İyunun 1-də Beynəlxalq Uşaq Bayramı günündə mən də Əsməri qəşəng
geyindirdim, apardım bağçaya. Dedim əgər bayırda olan tədbirə görə
pul verməyən uşaqlar olsa, Əsmər də öz qrupunda məni gözləyər, ya
da nə olsun ki, 3 manat verməmişik, yəqin çıxıb şənliyə baxarlar.
Kənardan baxmaq da pulla deyil ki.
Axşam həyat yoldaşım Kamranla getdik uşağı götürüb gimnastikaya
aparaq. Gördüm, uşaq elə yorğun, elə bikefdir ki! Heç üzümə də
baxmaq istəmir. Xadimə dedi ki, bu gün Əsmər böyük bayıra çıxıb,
paltarını batırıb. Bundan başqa da bu gün sizə görə mən də otaqda
Əsmərlə dustaq qalmışam. Təəccüblə dedim, nə olub ki? Dustaq niyə?
Uşaq böyük bayıra özü gedir, həm də birbaşa unitaza. Niyə belə
eliyib görəsən? Dedi, siz pul verməmisiz deyə, bağça müdiri Həmidə
müəllimə Əsmərlə məni şənliyə baxmağa qoymadı. Dedi ki, mənim uşağa
yazığım gəldi, aldım qucağıma çıxartdım bayıra. Kənardan baxsın
deyə. Müdir bizi gördü və üstümə acıqlandı ki, qızı da götür, gir
otağa. Sonra mən arxa qapıdan apardım uşağı, mətbəxin pəncərəsindən
də olsa baxsın, yazıqdı, körpədir. Ordan da bizi qovdu.
Uşağı idmana aparırdıq deyə tələsirdik, söhbəti saxladım sabaha.
Bu gün getdim (dünən – red.) müdirin yanına. Soruşdum ondan ki, 3
manata görə sən mənim körpəmi otaqda dustaq edəndə içində heç bir
gizilti qopmadı? Heçmi o şənlikdə ürəyin sızlamadı ki, bu boyda
bağçada tək 1 körpə şənliyi uzaqdan dinləyir? Bəlkə o ağlayır?
Bəlkə gözü qapıda qalıb ki, kaş gəlib məni də mahnı olan yerə
aparaydılar? Sən elədiyin hərəkətə nə don geyindirəcəksən ki, mənim
alovumu söndürəsən? Dedi ki, mən 3 manata görə yox, sənin sözünə
görə elə elədim. Düz də eləmişəm".