15:45
Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Axar.az fərmanın mətnini təqdim edir:
1. Müəyyən edilsin ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19.8-1-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həmin Qanunun 1 nömrəli əlavəsinin 10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19.8-1-ci maddəsinin üçüncü cümləsinə uyğun olaraq, həmin Qanunun 1 nömrəli əlavəsinin 10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə münasibətdə lisenziya müqaviləsinin formasını və bağlanılma qaydasını bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
4. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 671 (Cild I); 2024, № 7, maddələr 788, 806, № 8, maddə 950) 2.7-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“2.7. həmin Qanunun 19.8-1-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həmin Qanunun 1 nömrəli əlavəsinin 10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, həmin Qanunun 2 nömrəli əlavəsinin 4-1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə münasibətdə isə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.”.
***
Prezident İlham Əliyev Sənaye parklarının bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisi ilə təchizatına dair əlavə tədbirlər haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. sənaye parklarının elektrik enerjisinə ümumi tələbatına (o cümlədən bərpa olunan enerji mənbələrindən zəmanətli tariflə elektrik enerjisinin istehsalı həyata keçirilən layihələr üzrə) uyğun həcmdə elektrik enerjisinin sənaye parklarının idarəedici təşkilatına ayrılmasının enerji balansında nəzərdə tutulmasını təmin etsin;
1.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
2. Dövlət tərəfindən yaradılan sənaye parklarının idarəedici təşkilatı həmin parkların rezidentləri və qeyri-rezidentləri ilə bağlanılacaq müqavilələrə uyğun olaraq və “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, onların bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisi ilə təchizatını təmin etsin.
3. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq sənaye parklarının idarəedici təşkilatı tərəfindən ötürücü və (və ya) paylayıcı şəbəkədən istifadə etməklə elektrik enerjisi təchizatının həyata keçirilməsi üçün zəruri müqavilələrin bağlanılmasını təmin etsinlər.