Yuxarı

Ali Məhkəmə əsassız varlanma ilə bağlı qərar qəbul etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Məhkəmənin Mülki kollegiyası əsassız varlanma ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Axar.az xəbər verir ki, işin hallarına əsasən faktiki ailə münasibətində yaşayan şəxslərdən biri digərinin verdiyi pul vəsaiti hesabına əmlak alıb. Bu münasibətlər pozulduqdan sonra pul vəsaiti verən şəxs əmlakın dəyərinin geri qaytarılmasını tələb edib.

Məhkəmələr əmlakın alınması üçün pul vəsaitini iddiaçının ödədiyini müəyyən etməklə bu qənaətə gəliblər ki, cavabdeh əsassız varlanıb, ona görə əmlakın dəyərini iddiaçıya qaytarmalıdır.

Sonra cavabdeh tərəf kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Ali Məhkəmə qəbul etdiyi qərarında göstərib ki, bir şəxsin başqasının verdiyi pul vəsaiti hesabına əmlak alması əsassız varlanma nəticəsinə gəlmək üçün kifayət deyil.

Tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, iddianın haqlı bir hüquqi səbəbə söykənib-söykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. İddia tələbinin (buna müvafiq olaraq öhdəliyin) qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma), daha sonra isə qanundan irəli gələn əsaslar yoxlanılmalıdır.

Baxılan işdə cavabdehin əldə etdiyi əmlakı sonradan iddiaçının mülkiyyətinə keçirəcəyi barədə tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn hüquq münasibətini və bu çərçivədə cavabdehin iddiaçı qarşısında öhdəlik daşımasını məhkəmələr müəyyən etməyiblər.

Pul vəsaitinin cavabdehin mənafeyi naminə (məsələn, əmlak alınması üçün) başqa şəxs(lər)ə verilməsi də mümkündür. Bu kimi hallar baxımından “öhdəliyin üçüncü şəxs tərəfindən icrası” və ya “üçüncü şəxsin xeyrinə müqavilə” institutları nəzərdən keçirilə bilər.

Qanundan irəli gələn öhdəlik kimi əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün isə aşağıdakı şərtlər müəyyən edilməlidir:

- cavabdehin əmlak əldə etməsi;

- həmin əmlakı iddiaçının əmlakı hesabına əldə etməsi;

- əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud bu cür varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməsi.

Baxılan işdə cavabdehin əldə etdiyi əmlakın iddiaçının hesabına qazandığı sübuta yetirilmiş olsa belə, bu hallar iddianın əsassız varlanma çərçivəsində təmin edilməsi üçün kifayət deyil. Bunun üçün növbəti dispozisya şərti - əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud belə əsasın sonradan aradan qalxması və ya əmlak verilərkən nəzərdə tutulan məqsədin hasil olmaması (həyata keçməməsi) müəyyən edilməlidir.

Əgər iddiaçı pul vəsaitini cavabdehin özünə vermişsə, cavabdehin əldə etdiyi əmlakın tərəflərin müəyyən olunmuş faktiki münasibətləri fonunda bağışlama mahiyyətində olub-olmadığının araşdırılması işin düzgün həlli üçün əhəmiyyətli olub.

Bağışlamadan başqa bir hüquq münasibəti aşkar edilmədiyi, yəni cavabdehin mübahisəli əmlakı hədiyyə olaraq əldə etdiyi bəlli olduqda onun həmin əmlakı iddiaçıya qaytarmaq öhdəliyi, yalnız (iddia və sübut edildiyi təqdirdə) bağışlama müqaviləsinin ləğv edilməsindən irəli gələ bilər. İddia tərəfinin Mülki Məcəllənin 673.1-ci maddəsində sadalanan əsaslardan hər hansı birinə istinadı və sübuta yetirməsi müəyyən edilməyib.

Məhkəmə tərkibi onu da qeyd edib ki, bağışlamadan imtina olunduğu sübuta yetirilməmişsə, varlanmış şəxs həmin əmlakı əsassız deyil, bağışlama müqaviləsi əsasında qazanmış sayılır. Bu hal isə əsassız varlanmanın zəruri əlamətinin - əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn bir əsasın olmaması şərtinin təsbit olunmadığını göstərir. Məhkəmələrin bu şərti müəyyən etmədən iddianı Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən təmin etmələri əsaslı olmayıb.

Göstərilənlərə əsasən, kassasiya şikayəti qismən təmin edilib, iş yeni apelyasiya baxışına qaytarılıb.

Tarix
2025.05.21 / 11:15
Müəllif
Axar.az
Digər xəbərlər

Şəhərlərimizin bombalanması əmrini İrəvanın verdiyi təsdiqləndi

Meksikalı diplomatlar da Azərbaycana təxliyə olundu

İrəvanın azərbaycanlıların qayıdışı ilə bağlı bu bəyanatı...

Arutyunyan etiraf etdi: Suriyadan gətirilən ermənilər...

Ermənistanın bu bəyanatını qətiyyətlə rədd edirik - XİN

Rusiya və İran müharibə aparır, Türkiyə... – Sərkisyan qorxutdu

Böyük Qayıdışla bağlı ilk iclas keçirildi

Bu ölkələrin vətəndaşları İrandan Azərbaycana təxliyə edildi

Qacarların da varisi sağdır: Hakimiyyətə qayıda bilər?

ABŞ İrana yenidən zərbə endirə bilərmi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla