Miladdan 200 il öncə, Çinin
quzeyində maraqlı bir olay yaşanmışdı. Quzeydən Hun ordusu,
güneydən Çin ordusu bir-birinə qarşı irəliləyir və tarixin ən böyük
savaşlarından birinə hazırlaşırdılar. Bu zaman Böyük Hun
İmperatorluğunun Xaqanı Mete Xan ətrafı ilə birgə bir təpənin
üstünə çıxmış və üzərinə gələn Çin qoşununa tamaşa etmişdi. Çin
qoşunu sayı-hesabı bilinməyən qarışqa kimi, düz onun üstünə
yeriyirdi. Mete Xan fikrə dalmış, susqunluqla üzərinə gələn qoşunu
seyr etmişdi. Ona yaxınlaşan Hun ordusunun sərkərdələrindən biri
üzünü Meteyə tərəf tutmuş və ucu-bucağı görünməyən Çin ordusuna
işarə edərək soruşmuşdu:
– Nə düşünürsüz, Xaqanım?
– Düşünürəm ki, mən bu qədər çinlini hara göməcəm? – demişdi
Mete Xan…
Böyük Hun İmperatorluğu Orta Asiya ərazilərində qurulmuşdu.
İmperatorluğun necə və hansı şəraitdə meydana gəlməsi haqqında
ətraflı bilgi yoxdur. Lakin əksər qaynaqlar Böyük Hun
İmperatorluğunun miladdan öncə 220-ci ildə Teoman (Tuman)
tərəfindən qurulduğunu yazır. Teoman miladdan öncə 220-ci ildən
başlayaraq, 11 il hakimiyyətdə olmuşdu.
Miladdan öncə 209-cu ildə İmperatorluğun başçısı Mete Xan və ya
Mete Tanhu olur.
Mete Xan kimdir?
Mete Xanın "Tanhu" ünvanı aldığını yazan qaynaqlar var. "Tanhu"
əski türkcədə "Göylərin övladı", "Soyu göylərdən gələn" anlamını
verir. Metedən öncə hakimiyyətdə olan atası Teomanın belə bir
titulu yox idi. Ola bilsin ki, bu ad Meteyə son dərəcə bacarıqlı və
göylərə (Tanrıya) bağlı olmasına görə verilmişdi. Üstəlik, əski
türklərin məşhur "Oğuz Xaqan dastanı"nın məhz Mete ilə bağlı
olduğunu söyləyən araşdırmaçılar var.
Dastana görə, Oğuz Xan tək Tanrıya inanır və ətrafında olan hər
kəsi də hər şeyin tək yaradıcısı olan Tanrıya inanmağa səsləyirdi.
Bu səbəbdən onun "Tanhu" – "Göylərin övladı" ünvanına layiq
görülməsi təbii səslənir.
Mete Xan Böyük Hun İmperatorluğunun qurucusu olan Teomanın
oğludur. O, atasının başlatdığı işi sona çatdırmış, ilk dəfə olaraq
Orta Asiya ərazisində yaşayan bütün türk soylarını bir bayraq
altında birləşdirmişdi.
O, eyni zamanda Böyük Çin səddini aşan ilk türk sərkərdəsidir.
Yapon dənizindən Xəzər dənizinə, Kəşmirdən Sibirə qədər olan böyük
əraziləri və etnosları hakimiyyəti altında birləşdirməyi
bacarmışdı. Miladdan öncə 174-cü ilədək hakimiyyətdə olmuş və
hakimiyyətdə olduğu 35 il ərzində birliyi və bütövlüyü məharətlə
qoruyub saxlaya bilmişdi.
Mete Xanın hakimiyyətə gəlişi
Qaynaqların yazdığına görə, Teoman böyük oğlu Metenin
hakimiyyətə gəlişini istəmirdi. O, Metenin ögey qardaşı Yenisini
varis təyin etmişdi. Metenin varislikdən məhrum edilməsində
Teomanın Çin imperatorlarının nəslindən olan sonuncu arvadının da
çalışmalarının rolu olmuşdu. Lakin əski türk törələrinə görə, varis
əsil türk soyundan olan övlad olmalı idi.
Teomanın qərarı bəzi ordu rəhbərlərinin və eləcə də Metenin
narazılığına səbəb olmuşdu. Çıxış yolu kimi Teoman, oğlu Meteni
güneydə yaşayan ən güclü soylardan biri olan Yucilərə girov verir.
Üzdə barışın qorunub-saxlanması üçün atılan bu addımın əsas səbəbi
başqa idi. Teoman Yucilər üzərinə hücum etmək və bu yolla Metenin
Yucilər tərəfindən öldürülməsini istəyirdi. Belə olardısa, Metenin
qatili o yox, düşmən tayfa olacaqdı. Beləliklə, o da ordu
başçılarının qınağından xilas olacaqdı.
Lakin kifayət qədər bacarıqlı olan Mete, atası Yucilərin
torpağına girənə qədər buradan qaçıb qurtulur. Teoman məcburiyyət
qarşısında Meteyə vəzifə tapşırır və qoşundan 10 min nəfərini onun
ixtiyarına verir. Bundan bir qədər sonra – miladdan öncə 209-cu
ildə Mete atasını öldürərək İmperatorluğun başçısı olur.
Bir çox araşdırmaçıların yazdığına görə, əski Çin qaynaqlarında
Metenin hakimiyyət başına keçməsi ilə bağlı maraqlı bilgilər var.
O, atası tərəfindən ixtiyarına verilən qoşuna o zamana qədər
görünməyən təlim keçir. Belə ki, Mete oxunu hara atırsa, bütün
əsgərlər eyni hədəfi vurmalı idi. Metenin vurduğu hədəfi nişan
almayan əsgərin cəzası ölüm idi. Mete "Hədəfə çevirmə" adlanan bu
oyunla əslində əsgərlərini əsas hədəfə doğru hazırlayırdı. Kim
olmasından asılı olmayaraq, o, hər hansı bir hədəfi nişan alıb,
oxla vururdusa, ətrafında olan hər kəs eyni hədəfi oxla vurmalı
idi. Bir dəfə Mete özünün ən sevimli atını hədəf seçir və nişan
alır. Başında olan döyüşçülərindən bəziləri Metenin sevimli atını
vurmağa tərəddüd edir. Tərəddüd edən əsgərlərin hər biri oxla
vurularaq öldürülür. Sonunda hər kəs çox yaxşı anlayır ki,
kimliyindən asılı olmayaraq, Metenin nişan aldığı hədəf ox yağışına
tutulmalıdır. Beləcə, günlərin bir günü Metenin oxu Teomanı hədəf
seçir. Ardınca minlərlə ox eyni hədəfə doğru uçur. Bu dəfə tərəddüd
edən olmur. Nəticədə, Mete Hun İmperatorluğunun başına keçir.
Bu nəhəng İmperatorluğun başkəndi (paytaxtı) isə Ötükən idi.
Ötükən bütün əski türk boylarının qutsal saydığı bir yer idi.
Orxon-Yenisey abidələrində Ötükən dağları "Türk yurdlarının ürəyi"
olaraq dəyərləndirilir. 11-ci yüzillikdə yaşamış Mahmud Kaşğarlının
"Divani-lüğət-it türk" əsərində bu yerin adı hörmətlə çəkilir.
Həmin yüzillikdə yaşamış böyük türk mütəfəkkiri Balasaqunlu Yusif
"Qutadqu-bilik" əsərində Ötükən bəylərini belə öyür:
"Negü tir eşitgil Ötüken begi,
Sınap sözlemiş sözni yetrüp ögi,
İdi yakşı aymış Ötüken begi,
Tilin tutzu birmiş sanga söz yigi"
Açıqlaması: "Sınanmış və sözlərini düşünərək söyləyən Ötükən
bəyi nə deyirsə, dinlə. Ötükən bəyi nə söyləsə, yaxşı söylər,
sözlərin yaxşısını sənə".
Əski Çin qaynaqları da Ötükənin türklər üçün qutsal yer olduğunu
yazır.
Metenin hakimiyyət dönəmi
Çin qaynaqlarında verilən bilgilərə görə, Hunların və ya türk
soy birliklərinin Orta Asiya torpaqlarında qurduqları dövlətlərin
tarixi, ən azı, miladdan min il öncəyə gedib çıxır. Lakin
təkrar-təkrar qurulan bu dövlətlər çox qısa zaman keçəndən sonra
dağılıb sıradan çıxmışdır. Bu, bir tərəfdən ayrı-ayrı türk
soylarının bir-biri ilə yola getməməsi səbəbindən baş verirdisə,
digər tərəfdən bu soyları birləşdirə biləcək bir liderin
olmamasından qaynaqlanırdı.
İlk Hun dövləti miladdan öncə 220-ci ildə yaransa da, geniş
torpaqlarda yaşayan ayrı-ayrı etnosları ilk dəfə bir bayraq altında
və bir dövlət tərkibində birləşdirən lider Mete Xaqan oldu. O, qısa
zaman ərzində sahəsi 18 milyon km² olan İmeratorluq qurmağı
bacardı. Müqayisə üçün deyək ki, hazırda dünyanın ərazicə ən böyük
ölkəsi olan Rusiyanın sahəsi 17.075.400 km2-dir. Bu o deməkdir ki,
Metenin qurduğu dövlətin ərazisi bugünki Rusiyanın ərazisindən daha
böyük idi.
Mete hakimiyyət başına keçincə qonşu tayfa birliklərini və Çini
zərərsizləşdirməyi əsas hədəflərindən biri olaraq seçdi. Çinin
quzeyində və Monqolstanın quzeyində yaşayan Tunqhu tayfaları
onlardan biri idi. Onlar Hunlara zaman-zaman rahatsızlıq
yaşadırdılar. Uzun illər Hun İmperiyasını araşdıran professor
Bahəddin Ögəlin yazdığına görə, Tunqhular həmin dönəmdə hunlarla
qonşuluqda yaşayan 2 əsas güclü tayfadan biri idi.
Nəhayət, hunların qətiyyətli hücumları nəticəsində Tunqhu
tayfaları güneyə doğru çəkilir və onların torpaqları yüz illər boyu
Hun İmperatorluğunun tərkibinə daxil edilir. Bundan əlavə, bu
tayfalar yüz illərlə Hun dövlətinə vergi ödəməli olur.
Metenin ikinci hədəfi – Yucilər
Yucilər Hunlar üçün təhlükə yarada biləcək ikinci böyük tayfa
birliyi idi. Onlar Çinin quzey ərazilərində, Tanrı dağlarına yaxın
torpaqlarda yaşayırdılar. Miladdan öncə III yüzillikdə dövlət
qurmağı da bacarmışdılar. Yucilər güclü olmaqla bərabər, həm də
zəngin sayılırdılar. Bol məhsul verən torpaqlara sahib idilər. Mete
atası Teoman zamanında onların arasında yaşamışdı. Bu səbəbdən
Yucilərin adət-ənənələrini, döyüş taktikalarını, güclü və zəif
cəhətlərini yaxşı bilirdi. Metenin Çin torpaqlarını fəth etməsi
üçün Yuciləri məğlub etməsi zəruri idi. Onlar bu yolda Hunlara ən
ciddi əngəl idilər. Eyni zamanda bu tayfaların sahib olduqları
torpaqlarda bir neçə türk boyu yaşayırdı. Mete onları da Hun
İmperatorluğunda görmək, gücünü daha da böyütmək arzusunda idi.
Mete Miladdan öncə 203-cü ildə Yuciləri məğlub etdi. Yucilər bu
əraziləri tərk edib, Orta Asiya ərazilərinə – Fərqanə (Özbəkistan)
və Mavəraünnəhrə (Amu dərya və Sır dərya çaylarının arası) doğru
geri çəkildilər. Tez-tez dinlərini dəyişdiklərinə və vahid
kültürlərini yarada bilmədiklərinə görə, bu etnos sonralar tarix
səhnəsindən silindi.
Metenin Çin siyasəti
Metenin növbəti və ən əsas hədəfi Çinin quzey əraziləri idi. Bu
torpaqlar əvvəllər hun-türk soylarının otlaq sahələri olmuşdu.
Çinin bu torpaqları işğal etməsindən sonra əsasən heyvandarlıqla
məşğul olan Hunların iqtisadi gücü xeyli zəifləmişdi. Otlaq
sahələri əlindən çıxandan sonra Hun atları və qoyunlarının sayında
sürətli azalma başlamışdı. Tanqhu və Yuci tayfalarını
zərərsizləşdirdikdən sonra Metenin yenidən bu torpaqları geri
alması üçün maneə qalmamışdı. Üstəlik, Metenin hakimiyyətdə olduğu
dönəmdə – miladdan öncə 206-cı ildə Çin dövlətində dəyişiklik
olmuş, burada Xan sülaləsi hakimiyyətə gəlmişdi. Çinin quzey
ərazilərində yaşayan müxtəlif etnosların bir çoxu yeni sülalənin
hakimiyyətini qəbul etmək istəmirdi. Belə bir məqamda Mete bir
zaman onun babalarına məxsus olmuş torpaqları geri qaytarmaq üçün
Çinin quzeyinə yürüş edir. Qısa müddətdə Çinin quzey ərazilərini
fəth edir. Yeni Çin xanədanlığından narazı olan quzey tayfalarının
başçıları Meteyə heç bir müqavimət göstərmir və onun himayəsi
altına keçirdilər. Bundan sonra babalarına məxsus ucsuz-bucaqsız
örüş sahələrinə sahib olan Mete, eyni zamanda buradan keçən karvan
yollarına da nəzarəti ələ keçirir. Bu torpaqlar Çinin quzeyində,
Tibet ilə Monqolustan arasında yerləşən əski hun-türk torpaqları
idi.
Metenin Çin yürüşü
Çinin quzeyində yerləşən əski hun-türk torpaqlarının Hun
İmperatorluğu tərəfindən geri alınması Çində yeni hakimiyyətə gələn
Xan sülaləsinin imperatoru Kaonu xeyli qəzəbləndirmiş və onu tədbir
görməyə məcbur etmişdi. Əslində Metenin də istədiyi məhz bu durum
idi. O, Çin imperiyasını yenmək və beləliklə, bütün Asiya
torpaqlarına hakim olmaq niyyətində idi. Çin imperatoru 320 minlik
ordu ilə quzeyə doğru – Metenin üzərinə yürüş edir. İmperator öncə
Metenin yanına 10 nəfərdən ibarət elçi dəstəsi göndərir. Məqsəd
Hunların gücünü öyrənmək idi. Düşmən tərəfin niyyətindən xəbərdar
olan Mete elçilərin qarşısına ən zəif döyüşçüləri və atları ilə
çıxır. Elçilər gördüklərini Çin imperatoruna anlatdıqda, imperator
bu durumdan şübhələnir. Bu dəfə ordu rəhbərlərindən birini Metenin
hüzuruna göndərir. Bir neçə gün sonra geri dönən çinli ordu rəhbəri
İmperatora gerçək vəziyyəti anladır, Metenin öz gücünü gizlətdiyini
və kifayət qədər güclü olduğunu söyləyir. Lakin qəzəb içərisində
olan imperator onu dinləmir. Üstəlik, əhvalı orduya sirayət etməsin
deyə, həmin ordu başçısını ordudan uzaqlaşdırıb, kənar bir yerə
göndərir…
…Mete ilk istəyinə nail olmuşdu. Bundan sonra isə öncə Çin
ordusunu zamanla zəiflətmək və sonra hücuma keçməyi qərara alır.
Mete Çin ordusu üzərinə 10 min nəfərlik seçmə döyüşçü göndərir. Bu
döyüşçülər gözlənilmədən Çin ordusu üzərinə hücum edir, zərbələr
vurur və yenə gözlənilmədən geri çəkilir. Bunu Hunların geri
çəkilməsi kimi dəyərləndirən Çin imperatoru onları təqib edir. Bir
qədər təqibdən sonra pusquda olan başqa 10 min nəfərlik Hun ordusu
çinlilər üzərinə qəfildən hücuma keçir. Onlar da ağır zərbə
vurduqdan sonra özlərini məğlub göstərərək geri çəkilir. Ardıcıl
qələbə qazandığını düşünən Çin imperatoru hər dəfə hücuma keçdikcə
eyni durumla qarşılaşır. Bu gedişlə Çin ordusu durmadan zəifləyir,
yorulur və xeyli dərəcədə ruhdan düşür.
Miladdan öncə 200-cü ildə yüz minlərlə hun ordusu Metenin
başçılığı altında Çin ordusu üzərinə gözlənilmədən hücuma keçir.
Çin qaynaqlarının yazdığına görə, bu zaman Çin ordusu üzərinə
hücuma keçən hun ordularının sayı 400 min idi (Güman ki, bu rəqəm
şişirdilmiş rəqəmdir. Çin tarixçiləri məğlubiyyətlərinə bəraət
qazandırmaq üçün qarşı tərəfin sayını xeyli artıq göstərmişdir.
Nədən ki, o çağlar üçün qoşun sayının 400 min olması inandırıcı
görünmür. Üstəlik, nəzərə alsaq ki, əhalisinin sayına görə o zaman
da öncül sırada olan Çin dövlətinin hunlar üzərinə yeriyən qoşunun
sayı 250 min idi, bu halda hun qoşunlarının sayının 400 min
göstərilməsi şübhə doğurmaya bilmir – N.H.)
Bu döyüşdə Mete Xan maraqlı üsuldan istifadə edir. Süvari
döyüşçüləri atlarının rənglərinə görə 4 qrupa ayırır. Atlarının
rənginə görə 4 qrupa ayrılmış hun süvariləri düşmən tərəfin
qoşununu dövrəyə alır. Çin ordusunun heç bir qurtuluş ümidi qalmır.
Nə mühasirəni yarıb çıxa bilir, nə də kənardan yardım ala
bilirdilər. Mühasirə 7 gün davam edir.
7-ci gün Mete gözlənilməz qərar verir. O, mühasirənin
içərisindən dəhliz açır və Çin ordusunun buradan çıxıb geri
dönməsinə şərait yaradır. Metenin bu qərarı nə üçün verməsi
haqqında müxtəlif versiyalar olsa da, tam səbəbi bu günə qədər
açılmamış qalır. Bu versiyalardan daha çox üzərində dayanılan
düşüncəyə görə, Metenin məqsədi heç də Çin torpaqlarına sahib olmaq
deyildi, niyyəti Çin imperatoruna dərs vermək, onu ruhən əzmək və
bu yolla Çin təhlükəsini aradan qaldırmaq idi. Eyni zamanda o, Çini
alardısa, millətinin sayca onlardan qat-qat çox olan çinlilər
içində assimilyasiyaya məruz qala biləcəyindən ehtiyat edirdi.
Bu qərardan 3 il sonra – miladdan öncə 197-ci ildə Çin
imperatoru məşvərət keçirir. Hun İmperatorluğuna qiymətli
hədiyyələr göndərməklə bərabər, qızını da Mete Xana göndərir. Çin
imperatorunun planına görə, qızını Meteyə verəcək, Mete onun
kürəkəni olacaq, gələcəkdə onun da yardımı ilə Metenin Çin
imperatorunun qızından olan oğlu Hun imperatoru olacaq. Beləcə, Hun
İmperatorluğu da Çin Xanədanlığının nəzarəti altına keçəcəkdi.
Həmin il (miladdan öncə 197-ci il) Hun İmperatorluğu ilə Çin
Xanədanlığı arasında "Dostluq və sülh müqaviləsi" imzalandı. Bu
müqavilənin şərtlərinə görə;
1. Çinin Quzey torpaqları birdəfəlik olaraq hunlara verilir.
2. Çin hər il Hun İmperatorluğuna vergi olaraq qiymətli
parçalar, yeyəcək və içəcəklər verir.
Bu anlaşmadan sonra Mete Çin imperatorunun qızı ilə evləndi, iki
dövlət arasında ticari əlaqələr yarandı.
Metedən sonra və ya Böyük Hun İmperatorluğunun
aqibəti
Mövzusu Mete Xana aid olduğu iddia edilən "Oğuz Xaqan
dastanı"nda Metenin dünyaya gəlişi belə təsvir edilir: "Günlərin
bir günü Ay Xaqanın gözləri aydın oldu, bir oğlu dünyaya gəldi.
Oğlanın üzü mavi, ağzı od kimi qırmızı, saçları və qaşları qara
idi… Doğulandan 40 gün sonra yeriməyə və ata minməyə başladı.
Ayaqları qurd ayağı kimi, beli qurd beli kimi idi. Bədəninin hər
yeri tüklü idi. Ata minməyi çox sevərdi".
Eyni zamanda dastanda onun zəfərlərindən danışılır,
qəhrəmanlıqları öyülür. "Beli qurd beli kimi" olan Mete Xan
miladdan öncə 174-cü ildə ölür. Onun yerinə Çin qaynaqlarının
Kiyükxan dediyi Göy Xan (Gök Xan) keçir.
Göy Xan atasının gördüyü işləri və qurduğu əzəmətli dövləti
qoruyub saxlamağa çalışır. Miladdan öncə 161-ci ildə Hun qüdrətini
bir daha xatırlatmaq üçün Çin üzərinə yürüş edir və Çinin mərkəzinə
qədər irəliləyir. Bu dəfə də iki dövlət arasında sülh müqaviləsi
imzalanır, Çin təkrar illik vergi verməyə razılaşdırılır. Göy Xan
iki dövlət arasında barışın zəmanəti kimi, Çin imperatorunun qızı
ilə evlənir. Miladdan öncə 160-cı ildə Göy Xan ölür. Onun yerinə
oğlu Günçen hakimiyyətə gəlir. Günçen İmperatorluğun əvvəlki
əzəmətini qoruyub saxlaya bilmir. Günçen 35 il İmperiyanın başçısı
olur. Hun İmperatorluğu onun dönəmindən sonra da zəifləməkdə davam
edir.
Hunların zəifləməsinin əsas nədənlərindən biri həmin dönəmdə çox
böyük ticari əhəmiyyət daşımağa başlayan "İpək yolu"nun çinlilərin
əlinə keçməsi oldu. Professor Abdulhaluk Mehmet Çayın dediyi kimi:
"Göy Xanın ölümündən sonra Çin öz siyasətini dəyişərək, hunlar
üzərində üstünlük əldə etmək üçün böyük islahatlara başladı, ordunu
yenidən formalaşdırdı… Geriləmə dönəmində olan hunlar "İpək yolu"
üzərindəki əraziləri bir-bir itirməyə başladılar. "İpək yolu"na
nəzarətin çinlilərin əlinə keçməsi hunların getdikcə zəifləməsinə
nədən oldu, iqtisadi və siyasi problemlər meydana gətirdi.
Nəticədə, miladdan öncə I yüzilliyin ortalarında Hun İmperatorluğu
iki yerə bölündü".
Metedən və oğlu Göy Xandan sonra türk soyları arasında birliyin
pozulması, bir bayraq altında birləşə bilməmələri və gərəkən
siyasi, iqtisadi islahatların aparılmaması, idarəetmənin
yenilənməməsi də İmperatorluğu zəiflədən səbəblər idi. Bu
zəifləmədə Hun imperatorlarının Çin Xanədanlığından evlənmə
gələnəyinin və Çinin Hun İmperatorluğunun içərisinə göndərdiyi
casusların da rolu oldu. Bu casusların əsas işi Hunlar arasında
bölücülük fəaliyyəti aparmaq idi…
Beləcə, miladdan öncə 46-cı ildə bu nəhəng İmperatorluq Doğu Hun
İmperatorluğu və Batı Hun İmperatorluğu olmaqla iki yerə
parçalandı…
Namiq Hacıheydərli
Strateq.az