Cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərini leqallaşdırmaqda təqsirləndirilən "Quska” ləqəbi ilə tanınan keçmiş deputat Hüseyn Abdullayevin apellyasiya şikayətinə baxılıb.
Axar.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi hökmdən verilmiş şikayətlə bağlı yekun qərarını açıqlayıb.
Məhkəmə Quska barəsindəki hökmü qanuna uyğun hesab edib. Qərara əsasən apellyasiya şikayəti rədd edilib.
Hüseyn Abdullayev 2018-ci ildə qanunsuz sahibkarlıq, dələduzluq və başqa cinayətlərdə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, ötən il cəza müddətinin başa çatmasına az qalmış yeni müəyyən edilmiş faktlara əsasən təkrar cinayət məsuliyyətinə cəlb edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2025-ci il rarixli hökmü ilə “Quska” cinayət yolu ilə qazanılmış pulları leqallaşdırmaqda təqsirli bilinərək yenidən 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Hüseyn Abdullayev bilə-bilə cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədilə özünün və ailə üzvlərinin adlarına ölkəmizdə fəaliyyət göstərən banklarda açılmış 7 bank hesabı vasitəsilə ümumilikdə 5,5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan və xarici ölkələrdəki bank hesablarına köçürüb. O, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırıb. Bu əməllərinə görə,8 ona Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.