Qocalar evindən reportaj
Bilgəhdə yerləşən Müharibə və Əmək Əlilləri üçün
pansionatda olduq. Adətən hamının "Qocalar evi" adlandırdığı bu
yerdən reportaj hazırlamaq, orada məskunlaşan insanların durumu ilə
maraqlanmaq istədik.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
"Axar.az"ın istəyinə müsbət cavab verdi.
"Qocalar evi"ni ziyarət etmədən öncə xəyallarımız onların qonağı
oldu. Görəsən ömürlərinin ahıl çağlarını doğmalarından uzaq keçirən
bu insanların əzabları ilə üz-üzə qalmağa gücümüz çatacaqmı? Onlar
paytaxtdan yarım saatlıq məsafədə yerləşən bu ocağın soyuqluğuna
necə dözürlər? Yaxınları, övladları tərəfindən atılanlara qayğı
göstərən insanlar necə, onlara doğma övladlarının hərarətini verə
bilirmi?
10 nəfəri tam kimsəsizdir
Qocalar evinin direktoru Qətibə Əsədova ilə söhbət edirik:
"Pansionatda 140 nəfər kimsəsiz qoca yerləşdirilib. İnanın,
onlara kimsəsiz demək düzgün deyil. Onların qidalanması, səhhəti,
vaxtlarını səmərəli keçirməsi üçün hər cür şəraiti yaradılıb.
Sakinlərimizdən 80 nəfəri qadın, 60 nəfəri kişidir. Bunlardan
yalnız 10 nəfəri tam kimsəsizdir. Qalanlarının hamısının doğmaları,
qohum-əqrabası, övladı var. Düzdür, həmin insanlar da doğma
insanlarının mehrindən çox uzaqdırlar".
Altı nəfərin ailəsini tapmışıq
Qətibə xanım deyir ki, burda qalan insanlar hər şeylə təmin
olunub.
"Dövlət tərəfindən bütün təminatları var. Özləri də yüz manatdan
yüz yetmiş manata qədər təqaüd alırlar. 2014-cü ilin yanvarından bu
yana 4 nəfər sığınacağa gətirilib. Onlardan biri kimsəsizdir,
üçünün isə yaxınları var. Araşdırma aparıb, altı nəfərin ailəsini
tapmışıq. Onları ailələri ilə barışdırıb, evlərinə yola
salmışıq".
Müğənnilərdən biri deyib ki, qocalar
kefdədir
Qətibə xanım ağrılı məqamlara da toxunur, bir xanım kövrəkliyi
ilə danışır:
"Bu yaxınlarda Fəridə adlı qadın dünyasını dəyişdi. Qızlarını
çağırdıq, amma onlar analarının cənazəsinə sahib çıxmadılar. Biz də
məcbur olub qadını kimsəsizlər qəbristanlığında dəfn etdik.
Çalışırıq ki, onları darıxmağa qoymayaq. Bunun üçün
pansionatımızda konsertlər təşkil olunur. Nazirlik və başqa
təşkilatlar xeyriyyə tədbirləri keçirir. Ağrılı hallardan biri də
budur ki, bəzən bu qocalara həqarət də edirlər. Müğənnilərdən biri
deyib ki, qocalar kefdədir, onlara xeyriyyə konserti keçirməyə
ehtiyac yoxdur. Düzdür, onlara diqqət var, amma kefdə deyillər ki.
Qocalar burda həkim nəzarətindədir. Özüm də hər gün onları ziyarət
edirəm. İnanın, onlarla görüşəndə çox pis oluram, gözlərim dolur.
Mən onlara övladlarının yerini verməsəm də, bacardığım qədər qayğı
göstərirəm. Burda darıxmasınlar deyə, həftədə üç dəfə emalatxanaya
gedib orda öz bildikləri işlə məşğul olurlar. Məsələn, Zəroş adında
xanım corab toxuyur, Davud istedadlı rəssamdır, 80 yaşlı Abbas
dərzidir".
Pansionatda olarkən orda məskunlaşmış qocalarla da görüşdük.
Onlar bizi görəndə çox sevindilər, amma hər biri ilə söhbət etdikdə
qəlblərində qırıqlıq, həsrət dolu baxışlar və ən əsası gözlərinin
yol çəkdiyini gördük.
Nə yazıq ki, biz onların gözlədikləri deyildik.
Süjetimizi izləyin.