Bu gün Əbülfəz Elçibəyin vəfatının 14-cü
ildönümüdür.
1938-ci ildə anadan olub. İllər keçməsinə baxmayaraq,
hələ də çoxları ona qəhrəman kimi baxır. Bəziləri üçün isə o,
yalnız gələcək üçün açılan işıq pəncərəsəydi.
Əbülfəz Əliyev və ya tarixin dili ilə desək, Elçibəy Ordubadın
Kələki kəndində doğulmuşdu.
Sonrakı illərdə Azərbaycan tarixinin ən önəmli siyasi liderləri
sırasına adını yazdıracaq bu şəxs Sovet dövründə çox təzyiqlərə
məruz qalır. Millətçilik ideyaları ilə alışıb-yanan Əbülfəz bəy
1975-ci ildə məhz bu maddə ilə KQB-nin nəzarətinə götürülür. Bir
müddət sonra isə həbs edilir. 1976-cı il iyulun 17-nə kimi o,
Qaradağdakı daş karxanasında ağır işlərə cəlb edilir. Lakin Əbülfəz
bəyin həbs həyatı uzun çəkmir. Tezliklə həbsdən çıxan bu siyasi
lider yenidən öz elmi fəaliyyətinə qayıdır.
Lakin Elçibəyin həyatı elmi fəaliyyətlə yekunlaşmır. Qəribə
orasında idi ki, həbsdən azad olsa da, sonrakı dövrlərdə də o, hər
zaman KQB-nin nəzarətində olan xüsusi şəxslər sırasında yer
alırdı.
AXC özünə öndər gözləyir
1988-ci il. Bütün SSRİ dəmir barmaqlıqlar arasında üsyan səsini
qaldırmağa başlayır. Qorbaçovun "perestroyka"sı artıq böyük bir
imperiyanı tamam sarsıtmaqdadır. Azərbaycanın azad olması üçün
ideal şans yaranıb...
Bu məqamdan da istifadə edildi. Başda Bakı olmaqla bütün ölkəni
azadlıq sədaları bürüməyə başladı. Tezliklə Azərbaycan Xalq Cəbhəsi
yaradıldı.
İllərlə ideoloji təbliğat aparan Elçibəyin oyanan millətinin
önünə çıxmaq məqamı yetişmişdi. O, ətrafındakı yasaqlardan ibarət
bütün barmaqlıqları yararaq AXC-yə rəhbər seçildi.
Lakin həm Elçibəyin, həm də Azərbaycanın faciəli günləri hələ
qabaqda idi.
Əliyev yox, Elçibəy
Tarixi 23 il geri çevirək. 1991-ci il oktyabrın 18-də Azərbaycan
rəsmən müstəqil elan edilir, Dövlət Müstəqilliyi haqqında
Konstitusiya aktı qəbul edilir.
Lakin prezident Əbülfəz Elçibəy yox, Ayaz Mütəllibov idi.
Hazırlıqlı şəxs olmasına rəğmən, Azərbaycanın ilk prezidentinin
bəzi məsələlərin həllində siyasi iradəsi çatışmırdı.
Tezliklə parlamentdə üstünlüyü ələ keçirən Cəbhə Mütəllibov
hakimiyyətinə qarşı fəaliyyətə başlayır. Xocalı soyqırımında
Bakının fəaliyyətsizliyi müxalifəti ayağa qaldırır. Nəhayət ki,
Ayaz Mütəllibov dövrü bitir.
7 iyun 1992-cı ildə Elçibəy rəsmi olaraq Azərbaycan
Respublikasının Prezidenti seçilir. Lakin türk millətçisi olan bu
liderin hakimiyyəti çoxlarının xoşuna gəlmir. Bakının vəziyyəti
çətinləşir. Ölkə hər yandan mühasirəyə alınır. İran və Moskva
ermənilərə yardım etməklə həmçinin agentləri vasitəsilə yeni
yaranmış dövlətin durumunu çətinləşdirir. Bakı sanki çarəsizcəsinə
oturub hər şeyə tamaşa edir. Hətta Türkiyədə sevilməsinə
baxmayaraq, ölkə hakimiyyəti Elçibəyə müəyyən məsələlərdə çətinlik
yaradır. Nəticədə Elçibəyin problemlərdən xilas etmək istədiyi
Azərbaycan daha ciddi problemlərlə üzləşir. Bəyin irəli sürdüyü
bütün layihələrin hər birinə maneçilik törədilir.
Moskvanın intiqamı!
Elçibəy Azərbaycan Ordusunu formalaşdırmağı qarşısına məqsəd
qoyur. Lakin Ermənistanın Qarabağa hücumu və müharibə, həmçinin
xarici agentlərin fəaliyyəti Elçibəy üçün əsl başağrısına
çevrilir.
Amma o bacarır. Azərbaycan dövlətinin ilk nizamlı birlikləri
yaradılır. Doğrudur, bu işi tam başa vurmaq mümkün olmur, amma
Elçibəy öz xələfləri üçün mühüm bir baza yaratmış olur.
Elçibəyin millətçi olması çoxlarını narahat edirdi. Bu siyasi
lider isə heç bir zaman millətçiliyi şovinizm şəklində təqdim
etməmişdi. Amma mətbuat demokrat xadimə qarşı qarayaxmalara
başlayır. İran və Rusiya Əbülfəz Elçibəyin ortadan qaldırılması
üçün planlar hazırlayırlar. Moskvanın bu siyasi xadimlə onsuz da
başqa hesabı var idi. Çünki məhz Elçibəy rus qoşunlarını
Azərbaycandan çıxarmış, xalqın özünə inamını və soy-kökünün kim
olmasını xatırlatmışdı.
Amma bu şeylər siyasətdə kifayət etmirdi. Təmiz insan obrazını
özündə saxlayan Elçibəyə qarşı həm öz hakimiyyəti daxilində, həm də
bölgədəki hərbi birləşmələr tərəfindən hücumlar başlayır.
Bağışlanmayacaq xəyanət!
Prezident postuna iddialı olan hakimiyyət daxilindəki bir neçə
namizəd Elçibəyə qarşı gizli kampaniyaya başlayır. Ölkənin
cənubunda isə Ələkrəm Hümbətov Talış Muğan Respublikasını
yaratdığını bəyan edir. Bəyə ən sonuncu zərbə isə Gəncədə vurulur.
Sürət Hüseynov müharibənin qızğın vaxtında tabeliyindəki hərbi
hissəni döyüş bölgəsindən çıxararaq Bakıya üz tutur.
Bu artıq xəyanət idi. Elçibəy çıxılmaz vəziyyətdə qalmışdı. O,
xəyanətə uğradığını və ümidlərinin puça çıxdığını bilirdi. Buna
görə də sonrakı dönəmdə könüllü şəkildə postundan imtina edərək öz
doğma eli Kələkiyə getmişdi. Amma ən maraqlı olan bir məqam var
idi. Bir illik hakimiyyəti zamanında bəlkə də onun qədər hücuma
uğrayan, ləkələnən, amma heç bir zaman insanların ürəyindən
silinməyən siyasi lider olmamışdı.
Və son!
Nəhayət 2000-ci avqustun 22-də müalicə aldığı Türkiyə
xəstəxanasında bu xalq qəhrəmanı dünyaya gözlərini əbədi yumur.
Adını bu millətin, bu xalqın tarixinə və qəlbinə yazaraq aramızdan
gedir.
Lakin o, Elçibəy idi və hər zaman da Elçibəy olaraq qalacaq. Ö
zarafatları, hərəkətləri və sadə, təmiz adama yaraşan ifadələri
daima gözümüzdə canlanacaq.
Allah sənə rəhmət etsin, Bəy!