Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin və dinlərin
kəsişməsində, eləcə də coğrafi baxımdan Avropa və Asiya arasında
yerləşir. Bu coğrafi yerləşmə Azərbaycanın mədəni müxtəlifliyində
öz rolunu oynayıb. Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik
qrupların nümayəndələri Azərbaycanda sülh və təhlükəsizlik
şəraitində bir ailə kimi yaşayıblar. Son vaxtlar təcridolunma,
ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi
təhlükəli amillər baş qaldırıb ki, onlar artıq bəşəriyyət tarixində
sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub.
Azərbaycanda dinlərarası, mədəniyyətlərarası münasibətlərin nə
qədər düzgün tənzimlənməsi bu gün dünya üçün artıq bir nümunədir.
Bu baxımdan Azərbaycanın nümunələri öyrənilməklə bir sıra addımlar
atılıb. Mədəniyyətlərarası və dinlərarası dialoqla əlaqədar son
illər Azərbaycanda bir sıra mühüm əhəmiyyətli tədbirlər keçirilib,
beynəlxalq elmi konfranslar, genişmiqyaslı forumlar təşkil edilib.
Nüfuzlu beynəlxalq qurumların öz tədbirlərini respublikamızda
keçirməsi ölkəmizin Avropa mədəniyyəti ilə İslam mədəniyyəti
arasında körpü rolunu oynadığını təsdiqləyir. Məhz 2008-ci ildə də
"Bakı prosesi" ölkəmizin təşəbbüsü ilə başlayıb və bu gün
mədəniyyətlərarası və sivilizasiyalararası dialoq,
multikulturalizmə aid məsələlər "Bakı prosesi"nə daxildir.
Nəticədə, iki sivilizasiya arasında dialoqun yüksək səviyyədə
təşkil edilməsində mühüm rol oynayan Azərbaycanın beynəlxalq
aləmdəki nüfuzu getdikcə artıb.
Bununla yanaşı, regionun siyasi, iqtisadi və humanitar mərkəzinə
çevrilmiş Azərbaycan həm də beynəlxalq münasibətlər sistemində öz
layiqli yerini tutub, güclü dövlət və etibarlı tərəfdaş imici
qazanıb. Bakı şəhəri artıq qlobal məsələlərin müzakirə olunduğu,
qitə və dünya miqyaslı tədbirlərə ev sahibliyi edən humanitar məkan
kimi tanınır. Azərbaycan artıq sivilizasiyalararası dialoqun,
multikulturalizmin, siyasi, iqtisadi, humanitar və digər sahələrdə
qlobal məsələlərin müzakirə olunduğu mərkəzə çevrilib. Belə ki,
2011-ci, 2013-cü, 2015-ci ildə keçirilən Ümumdünya
Mədəniyyətlərarası Dialoq forumları yüksək səviyyədə təşkil olunub
və bu sahədə Azərbaycan tərəfindən reallaşdırılan təşəbbüslər
regional müstəvidən çıxaraq qlobal səviyyəyə qaldırılıb. Bakıda
keçirilən üç Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas
tərəfdaşları qismində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı,
Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, ISESCO,
BMT-nin Dünya Turizm Təşkilatı kimi beynəlxalq qurumlar çıxış
ediblər və bu mühüm tədbirlər ölkəmizin siyasi, mədəni həyatında
mühüm hadisə kimi yadda qalın. Eyni zamanda, bu təşəbbüs
mədəniyyətlərarası dialoqun dünyada ən təxirəsalınmaz vəzifələrdən
biri olduğunu göstərir. Forumda mədəniyyətlərarası dialoqun
konseptual, idarəçilik, siyasi və praktiki aspektləri müzakirə
olunub, dialoqa yönələn maneələr nəzərdən keçirilib və onun
müxtəlif mühitdə ən yaxşı formada aparılması konkret şəkildə
müzakirə edilib. Bununla yanaşı, dünyanın bütün qitələrindən gəlmiş
insanların təmsil olunduğu Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunda siyasi liderlər və ictimai xadimlər, beynəlxalq
təşkilatların rəhbərləri, dövlət və hökumət nümayəndələri,
mədəniyyət nazirləri və mədəniyyət məsələləri üzrə səfirlər,
deputatlar, diplomatlar, mədəniyyət məsələləri üzrə ekspertlər və
tanınmış ziyalılar iştirak ediblər.
Bununla yanaşı, son illərdə "Cənubi Qafqazın və Mərkəzi Asiyanın
gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda Dünya İqtisadi
Forumuna, Madrid Klubunun toplantısına, I Cənubi Qafqaz Forumuna,
BMT-nin VII İnternet İdarəçilik Forumuna, Asiya Siyasi Partiyaları
Beynəlxalq Konfransının VII Baş Assamleyasına, Dini Liderlərin
Ümumdünya Sammitinə və digər nüfuzlu beynəlxalq tədbirlərə ev
sahibliyi edən Azərbaycan artıq Cənubi Qafqazda bütün sahələr üzrə
müasir dövrün aktual məsələlərinin müzakirə olunduğu geosiyasi
əhəmiyyətli mərkəzlərdən biri kimi qəbul olunur. Bundan əlavə,
ölkəmizdə keçirilən Qlobal Bakı Forumunda Forumunda, Asiya İnkişaf
Bankı Rəhbərlər Şurasının illik toplantısında ümumilikdə 200-ə
yaxın ölkədən yüzlərlə fəaliyyətdə olan və keçmiş dövlət və hökumət
başçısı, nüfuzlu ictimai-siyasi xadimlər, məşhur iqtisadçılar, elm
adamları, dünya mədəniyyətinin tanınmış simaları və digər şəxslər
iştirak ediblər.
Bütün bunlarla yanaşı, 2011-ci ildən başlayaraq hər il ölkəmizdə
Bakı Beynəlxalq Humanitar Forumu keçirilir. İndiyə qədər reallaşan
beş mühüm Forum XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal
çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm
məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və
müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi
platformadır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar
arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda
tədbirlərin keçirilməsi üçün ideal məkandır. Dövlət və hökumət
başçılarının, Nobel mükafatı laureatlarının, dünyada tanınmış
ictimai-siyasi xadimlərin iştirakı ilə Bakı Beynəlxalq Humanitar
Forumu artıq ənənə halını alıb.
2016-cı il oktyabrın 29-30-da keçirilən və 80-dən çox ölkədən
400-ə yaxın tanınmış elm, mədəniyyət xadiminin, Nobel mükafatı
laureatlarının iştirak etdikləri V Bakı Beynəlxalq Humanitar
Forumunda qeyd olunub ki, bu sahədə məsələlərin müzakirəsi üçün
Bakıda mütəmadi olaraq unikal tribuna, platforma imkanı yaradılır
və multikulturalizm nümunəsi olan Azərbaycan ziyalılarının
mülahizələri də böyük marağa səbəb olub. Ümumiyyətlə, ölkəmizdə
keçirilmiş çoxsaylı beynəlxalq tədbirlərdə dünyada milli və dini
tolerantlığın gücləndirilməsi, multikultural dəyərlərin təbliği,
dini zəmində ekstremizmə və ayrı-seçkiliyə qarşı birgə mübarizə
yollarının araşdırılması, fərqli dinlərin və mədəniyyətlərin
daşıyıcısı olan insanlar arasında dialoq və qarşılıqlı anlaşmanın
bərqərar edilməsi və digər aktual problemlər geniş müzakirə
olunub.
Bununla yanaşı, V Bakı Beynəlxalq Humanitar Forumunun açılış
mərasimində Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq
tədbirlərin ölkəmizdə keçirilməsinin məqsədlərindən danışaraq
Azərbaycanda multikulturalizmin inkişafını yüksək qiymətləndirib:
"...Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda
bütün dinlərin, xalqların nümayəndələri bir ailə kimi yaşayır. Eyni
zamanda, bu beynəlxalq, siyasi və humanitar tədbirlər dünyaya da
bir siqnal göndərir ki, dünyanın mütərəqqi nümayəndələri səylərini
daha da sıx birləşdirməlidirlər. Çünki bu gün əfsuslar olsun ki,
dünyada xoşagəlməz meyillər üstünlük təşkil edir. Qanlı
toqquşmalar, müxtəlif bölgələrdə müharibələr gedir, dini, milli
zəmində qan tökülür. Beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi
müəyyən dərəcədə bu mənfi meyillərin qarşısını ala və müsbət
meyilləri gücləndirə bilər".
Müstəqil dövlət kimi belə tədbirlərin keçirilməsi ilə
multikulturalizmin inkişafına öz töhfəsini verdiyini diqqətə
çatdıran Prezidet İlham Əliyev Azərbaycanda aparılan siyasətin bu
müsbət meyilləri gündəlik həyatda gücləndirdiyini deyib: "...Bu
məqsədlə 2008-ci ildə Avropa Şurasına üzv ölkələrin mədəniyyət
nazirlərinin Bakıda keçirilmiş toplantısına biz İslam Əməkdaşlıq
Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət etmişdik və
birgə sessiya keçirilmişdi. Bu, dünyada çox böyük əks-səda
yaratmışdı. Bizim bu sahədəki fəaliyyətimiz yüksək qiymətə layiq
görüldü və bu görüşə, bu təşəbbüsə "Bakı prosesi" adı verilmişdir.
2009-cu ildə isə biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin
mədəniyyət nazirlərini qəbul etdik və bu görüşə Avropadan
mədəniyyət nazirlərini də dəvət etdik. Beləliklə, bizim
təşəbbüsümüzlə çox önəmli yeni bir proses başlamışdır. Biz əlbəttə,
çox fəxr edirik ki, bu təşəbbüsə "Bakı prosesi" adı verilmişdir.
Biz çalışırıq və çalışacağıq ki, bundan sonra da humanitar sahədə
dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsinə öz töhfəmizi
verək. Çünki bizim siyasətimiz bundan ibarətdir, eyni zamanda,
bizim tariximiz multikulturalizm əsasında qurulubdur".
I Bakı Beynəlxalq Humanitar Forumunu təşkil olunanda dünyada
hələ bu gün mövcud olan təhlükələrin olmadığını bildirən Azərbaycan
Prezidenti son bir neçə il ərzində həm bizim bölgədə, Yaxın Şərqdə,
Avropada, digər yerlərdə çox təhlükəli, narahatedici hadisələrin
baş verdiyini diqqətə çatdırıb: "...Qanlı toqquşmalar, müharibələr,
bəzi ölkələr tamamilə dağıdılıb, yüz minlərlə günahsız insan həlak
olub, milyonlarla, on milyonlarla insan qaçqın-köçkün vəziyyətinə
düşüb. Bu, öz növbəsində bundan əziyyət çəkən ölkələrdə radikalizm
meyillərini gücləndirir".
Eyni zamanda, belə qlobal miqyaslı tədbirlərin ölkəmizdə
keçirilməsi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha
dolğun və obyektiv çatdırılması baxımından da mühüm əhəmiyyət kəsb
edir. Bu səbəbdən dövlət başçısı İlham Əliyev V Bakı Beynəlxalq
Humanitar Forumda vurğulayıb ki, humanitar əməkdaşlığa, humanitar
məsələlərin həllinə həmişə böyük diqqət göstərməyimizə baxmayaraq,
xalqımız və dövlətimiz uzun illərdir humanitar fəlakətlə
üzləşmişdir: "Bizim tarixi əzəli torpağımız Dağlıq Qarabağ və onun
ətrafında yerləşən yeddi rayon Ermənistan tərəfindən işğal edilib,
günahsız insanlar qətlə yetirilib, xalqımıza qarşı hərbi cinayət,
Xocalı soyqırımı törədilib. Xocalı şəhərində soyqırımı nəticəsində
613 dinc insan qətlə yetirilib. Onlardan 106-sı qadın, 63-ü
uşaqdır. Bütün bu erməni vəhşilikləri sənədləşdirilib,
videomateriallar, fotomateriallar, şahidlərin ifadələri var. Artıq
dünyanın on ölkəsi Xocalı soyqırımını soyqırımı kimi tanıyıb. İşğal
edilmiş torpaqlarda bizim tarixi, dini abidələrimiz ermənilər
tərəfindən dağıdılıb. Bu barədə də faktlar var. ATƏT işğal edilmiş
torpaqlara iki dəfə faktaraşdırıcı missiya göndərib və onların
məruzələrində bu, açıq şəkildə göstərilir. Bütün şəhərlər
yerlə-yeksan edilib, infrastruktur, qəbirlər dağıdılıb. Onlar
qəbirlərimizin üstünə buldozer salmışlar, dağıtmışlar.
Məscidlərimiz dağıdılıb. Bakının mərkəzində erməni kilsəsi var. Biz
o kilsəni bərpa etmişik. İndi o kilsədə erməni dilində 5 mindən çox
kitab saxlanılır. Onlar isə bizim məscidlərimizi yerlə-yeksan
ediblər. Fərq bundan ibarətdir. Erməni faşizmi böyük fəlakət
törədib və günahsız insanlar bu gün də erməni siyasətindən əziyyət
çəkirlər".
Bundan əlavə, Azərbaycan dövlətinin yürütdüyü tolerantlıq
siyasətinin daha da genişlənməsi və möhkəmlənməsi, tolerantlıq
mühitinin qorunub saxlanılması və təşviqi məqsədilə dövlət başçısı
İlham Əliyev bir sıra mühüm tədbirlər həyata keçirib. Bunun
başlanğıcı olaraq, 2014-cü ilin fevral ayında Azərbaycan
Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər
üzrə Dövlət müşavirliyi xidməti yaradılıb. Multikulturalizmin həyat
tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq
daha geniş tanıdılmasının vacibliyini, eləcə də ayrı-ayrı
ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial,
siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlili və
təşviqinin əhəmiyyətini nəzərə alaraq dövlət başçısı 2014-cü il
mayın 14-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması
haqqında fərman imzalayıb.
Beləliklə, multikulturalizm hazırda Azərbaycanda gedən
demokratik proseslərin ayrılmaz tərkib hissəsi kimi çıxış edir. Bu
çərçivədə keçirilən tədbirlər isə ölkəmizdə multikultural
təhlükəsizliyin intellektual göstəricilərinin artıq formalaşdığını
təsdiqləyir. Bu il aprelin 25-27-də BMT-nin Sivilizasiyalar
Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu da dünya ölkələrinin
Azərbaycandakı multikultural mühitə olan münasibətinin real
ifadəsidir. Digər tərəfdən, bu, Azərbaycanda multikultural
təhlükəsizliyin təmin olunmasına sistemli yanaşmanın mövcudluğundan
xəbər verir. Müasir dövrdə Azərbaycanda etnik azlıqların
hüquqlarının müdafiəsi ölkənin siyasi sabitliyinin təminatı və
xarici siyasətin prioritet vəzifələrindəndir. Çoxmillətli və
çoxkonfesiyalı respublika olan Azərbaycanın milli siyasəti bütün
etnik qruplar, o cümlədən milli azlıqlar üçün şəraitin təmin
edilməsi və yaradılmasıdır. Ölkəmizdə multikulturalizm artıq
Azərbaycan dövlətinin milli-mənəvi, ümumbəşəri, humanist dəyərlərə
söykənən davamlı və ardıcıl siyasi kursudur.
Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanın oktyabrın
30-da yəhudi icmasına təbrikində deyildiyi kimi, "Yüz illərdir
ölkəmizdə məskunlaşan və buranı özünə doğma vətən bilən yəhudilər
Azərbaycanda heç vaxt antisemitizmə və ayrı-seçkiliyə məruz
qalmamış, tarixən xalqlar arasında dostluq və qardaşlıq
münasibətlərinin, etnik-dini tolerantlığın, multikultural mühitin
hökm sürdüyü çoxmillətli cəmiyyətimizdə əmin-amanlıq şəraitində
yaşayaraq dil və mədəniyyətlərini, milli-mənəvi adət-ənənələrini
günümüzə qədər qoruyub saxlamışlar... Məmnuniyyət hissi ilə onu da
qeyd etmək istərdim ki, yəhudi əsilli vətəndaşlarımız bu gün
müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi, elmi-mədəni
həyatında, demokratik dövlət quruculuğu prosesində yaxından iştirak
edir, dövlət müstəqilliyimizin daha da möhkəmlənməsində, Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında vətəndaşlıq
borcunu ləyaqətlə yerinə yetirir".
Bununla yanaşı, Azərbaycanda mövcud olan multikulturalizm mühiti
bir sıra beynəlxalq ekspertlər tərəfindən də yüksək
qiymətləndirilib və bu məsələdə ölkəmizin təcrübəsinin öyrənilməsi
vacib hesab edilib. Mühüm məsələlərin müzakirə edildiyi,
müzakirələrin aparıldığı Forum çərçivəsində ictimai-siyasi
xadimlərin, beynəlxalq ekspertlərin də qeyd etdiyi kimi, Azərbaycan
dünya mədəniyyətləri, dinləri arasında körpü rolunu oynayır.
Ölkəmizin yüzilliklərə söykənən şərəfli tarixi və müstəqilliyimizi
yenidən bərpa etdikdən sonrakı dövrləri bir daha göstərir ki,
həqiqətən də Azərbaycanın sivilizasiyalararası dialoqun
qurulmasında təşəbbüskarlığı ələ almağa mənəvi haqqı var. Çünki
tarixi mədəniyyət abidələrinin, xristian, yəhudi və digər dinlərə
məxsus məbədlərin bərpası və təmiri, dilindən və dinindən asılı
olmayaraq, ölkənin bütün vətəndaşlarının etiqad azadlığının
qorunması və dini ehtiyaclarının təmin olunması – bütün bunlar
Azərbaycanın dini-mənəvi mühitini əks etdirən real
göstəricilərdir.
Ümumiyyətlə, ölkəmizdə keçirilən belə mühüm əhəmiyyət kəsb edən
tədbirlərin məqsədi xalqlar, dövlətlər və sivilizasiyalar arasında
dialoq imkanlarını genişləndirmək, cəmiyyətdə sülh, əmin-amanlıq və
dözümlülük mühitini inkişaf etdirmək, müasir dünyamızda müzakirə
olunan inkişaf modelləri ətrafında fikir mübadiləsi aparmaq, milli
özünəməxsusluğu saxlamaqla bəşəri-mədəni dəyərləri mənimsəməkdən
ibarətdir. Dünyada sivilizasiyalararası dialoq sahəsində ciddi
problemlərin yaşanması, bu fonda münaqişələrin artması
tendensiyasının müşayiət olunması, xüsusilə də, islamofoboya kimi
təhlükəli meyillərin bir sira dövlətlərin və digər subyektlərin
siyasətində özünə geniş yer alması reallığında Azərbaycanın
mədəniyyətlərarası dialoq məkanına çevrilməsi faktı qlobal
əhəmiyyət kəsb edən məsələdir. Eyni zamanda, mədəniyyətlərarası
dialoq barışdırıcı amil kimi çıxış edərək müharibə və münaqişələrin
qarşısını almaqla inam və qarşılıqlı etimad yaratmaqda böyük təsirə
malikdir. Aparılan müşahidələr, həyata keçirilən tədbirlər də
göstərir ki, ölkəmiz dinlərarası və mədəniyyətlərarası dialoqa
artıq öz töhfəsini verməkdədir. Mədəniyyətlərarası dialoq, əslində,
elə bəşəriyyətin tarixi deməkdir.