Bizim yolumuz çətin və keşməkeşli bir yoldur.
Azərbaycanı sevməyənlər bu yolumuzun hər zaman qaranlıq olmasını
istəyiblər: əlifbamızı dəfələrlə dəyişiblər, ziyalılarımızı məhv
ediblər, arxivlərimizi və tariximizi dəfələrlə saxtalaşdırıblar.
Qaranlıq içində, şübhə içində, eqomuzun içində, bir-birimizə
nifrətin içində, cəhalətin içində qalaq deyə, millətimizə qarşı
çoxlu oyunlar oynayıblar.
Heç nəyə baxmayaraq Azərbaycanı, Türk dünyasını sevən, bu yola
xidmət üçün yol gedən gənclərin işi çətindir, amma hər birimiz
bundan şikayətlənməyə haqqımızın olmadığını da bilirik. Bizim
qaranlıq yolumuzu işıqlandıran ziyalalılarımız, müəllimlərimiz və
ustadlarımızdır.
Bu gün səhər oyandığımda "Axar.az"da nəzərimi
çəkən xəbəri oxuyanda gözlərimə inanmadım, sosial şəbəkədəki
profilinə girdim, saysız başsağlığı mesajlarını oxuyanda ürəyimə
bir qorxu düşdü: yəni doğrudanmı həmkarlarım yanılmayıb?
Onun yaxınlarından birinə zəng vurdum, "Dəfni bu gün olacaq"
cavabını aldım.
Dünya başıma daraldı, getdiyim həyat yolumu işıqlandıran gur
işıqlardan birinin söndüynü anladım... Onsuz... İşıqsız...
Ustadsız... Həyatımda mənə yaşamağı öyrədən müəllimsiz... Bu yolu
necə gedəcəkdim?
Mənim kimi yüzlərlə gəncə bildiyi hər şeyi öyrətməkdən bezməyən
peşəkar bir ustad idi Rəhim Hüseynov. İdarəetmə, təşkilatçılıq,
insan qaynaqları ilə işləməkdə peşəkar idi, biznes haqqında heç
kimin bilmədiklərini bilirdi.
O, işgüzar aləmin sirlərini öyrənmək istəyən gəncləri öyrədirdi.
Həm də təmənnasız.
Mən Rəhim müəllimin əlindən çıxmış neçə şirkət rəhbəri
tanıyıram...
Onun haqqında nələr bilirəm, nələr yazmazdım?..
Mən onu necə tanımışdım?! Rəhim müəllim ziyalı, yenilikçi,
işgüzar, kreativ və pozitiv insan idi... "Min Ev Sədərək" adlı ilk
filmimin təqdimatı onun dəstəyi ilə baş tutmuşdu. Ağlıma gələn bir
çox biznes ideyalarını əvvəlcə onunla paylaşır, onun məsləhətlərini
almamış heç nə etmirdim. O, fərqli biri idi, yüksək vəzifələr tutsa
belə, bu, onu heç vaxt dəyişdirməmişdi.
Səmimi və sadə idi. Bəzən ona zəng vurur, görüşmək istədiyimi
deyirdim, o, işinin çox olmasına baxmayaraq, hər zaman mənə vaxt
ayırırdı.
Bir söhbətimizdə iş dünyasında olan çətinlikləri anladanda bir
az qorxdum: "Bu qədər problemi necə həll edəcəyəm, müəllim?"
Güldü: "Ayıdan qorxanın meşədə nə işi?"
O öz tələbələrinə bilik öyrətməklə bərabər, biliyi necə əldə
etmək bacarığını da öyrədirdi.
Rəhim müəllim işgüzar karyeramın hər pilləsində yanımda idi. Bir
telefon zəngi qədər yaxınlığımda...
Mən hər zaman onunla görüşmək, ondan yeni informasiyalar
öyrənmək üçün bəhanələr axtarırdım.
Bu günlərdə sosial şəbəkələrin birində rusca bir cümlə yazmışdı
ki, onu ən kreativ tərcümə edənə çay dəsgahı qonaqlığı verəcəkdi.
Mən o cümləni tərcümə etmək üçün çoxlu fikirlər yazdım ki, onunla
yenidən söhbət etmək şansı əldə edim, gözləyirdim ki, indi zəng
vuracaq və "Əla tərcümə etmisən, gəl" deyəcək. Amma ondan "gəl"
sözünü eşitmədim, onun "getdi" sorağını aldım...
Mən insanların ancaq fiziki ölümünə inanıram, mənəvi baxımdan
insan ölmür: o, özündən sonra qoyduğu izlərdə yaşayır. Rəhim
müəllim bu günə qədər yetişdirdiyi insanların gördüyü işlərdə
yaşayacaq və əminəm ki, heç vaxt unudulmayacaq.
Rəhim müəllim, Allah Sizin qəbrinizi nurla doldursun! Sizi
itirmək çox ağırdır, bilirəm ki, yoxluğunuza alışmaq daha ağır
olacaq...