Ən böyük günah cahillikdir.
Nəimi
İllərdir Azərbaycanda və dünyada cəmiyyətin kütləvi
cahillik xəstəliyinə yoluxdurulma prosessi gedir və biz bu gün
bunun fəsadlarını öz üzərimizdə hiss edirik. İstər-istəməz bizdən
sonra gələn yeni nəsilə də bu virusu yoluxdururuq.
Hər bir xəstəliyin müalicəsi düzgün diaqnozdan başlayır. Söhbət
psixoloji, mənəvi xəstəlikdən gedirsə, burda problemin həlli –
xəstəliyin əlacı - səhvin etirafından başlayır. Əvvəlcə, gəlin
özümüz üçün müəyyənləşdirək ki, cahillik xəstəliyi nədir? Bu
xəstəliyin əlamətləri nədir? Necə yayılır və inkişaf edir?
Profilaktika və müalicə yolları hansılardır?
Cahillik bilgisizlikdir. İnsanın mədəniləşməsində və inkişafında
beyinin və vicdanın rolu böyükdür. Cahil insan bu keyfiyyətlərin
hər ikisindən xəbərsizdir. Cahil yalnız öz fiziki və cinsi
tələbatını ödəmək üçün yaşayır və qarşısına çıxan problemləri
beyninin yox, fiziki gücünün hesabına həll etməyə çalışır. Cahilin
eqosu özündən böyükdür və vicdanın olduğunu unudaraq, digər
insanları əzməkdən, zülm etməkdən çəkinmir.
Əlbəttə, heç bir insan cahil olaraq doğulmur. İnsanı
cahilləşdirən onun ailəsidir. İnsanın varlı və yaxud kasıb
olmasının da, ali təhsil alıb-almamasının da fərqi yoxdur. Cahil
cahildir. Hətta cahilin ən qorxulusu intillektual və varlı
olanıdır.
Ailə qurmaq üçün xususi icazə lazım olmadığı üçün valideyn
statusunu istənilən fərd əldə edə bilir və bu da cəmiyyətdə
cahilliyin yayılması riskini daha da yüksəldir. Uşaq cahil bir
ailədə doğulanda, tərbiyə və təhsili düzgün qurulmayanda cəmiyyət
üçün zərərli bir fərd kimi formalaşır.
Cahillik xəstəliyinin ən qorxulu simptomlarından biri cəmiyyətin
demək olar ki, hər bir üzvünün daxilində bu virusun olmasıdır. Onu
əhatə edən cəmiyyətin və hadisələrin təsiri ilə istənilən şəxs
potensial cahilə çevrilə bilər.
Cahillik sindromunun formalarını üç qrupa bölmək olar. Birinci
qrup: yüngül forması. İkinci qrup: ağır forması. Üçüncü qrup:
qorxulu forması - maskalı cahillik.
Cahilliyin yüngül forması demək olar ki, hamımızda var. Bundan
bircə xilas yolu mövcuddur - özünü mənəvi cəhətdən zəngiləşdirmək.
Analiz edərək oxumaq.
Cahilliyin ağır forması savadsızlıq, vicdansızlıq, kobudluq,
əxlaqsızlıq, mədəniyyətsizlik və digər mənfi keyfiyyətlərdə özünü
göstərir. Bunlar cəmiyyətdə sadəcə özlərinə bənzər cahillərlə
ünsiyyətdə olur, çox nadir hallarda digər fərdlərlə münasibət
qururlar.
Cahilliyin ən qorxulu forması intillektual cahillərdir. Cahillik
xəstəliyindən qurtulmaq üçün əllərinə keçən ədəbiyyatı mahiyyətinə
varmadan oxuyur, cəmiyyətdə hətta yüksək vəzifələrə də gələ
bilirlər. Bunların əzbərçilik, təqlidcilik və yaltaqlıq
keyfiyyətləri çox yüksək olduğu üçün cəmiyyətdəki ziyalıların
arasında alaq otu kimi kök sala bilirlər. İntillektual cahillər
əldə etdikləri vəzifədən süi-istifadə edərək, tabeliklərində olan
insanları mənən əzir, sahib olduqları dəbdəbəli maşınlarla, ev,
maşın və digər mal varlıqları ilə qürrələnərək maddi gücü silah
kimi istifadə edirlər. Güvəndikləri sadəcə maddi güc olan bu
cahillər mənəvi terrorçulardır. Cəmiyyəti idarə etmə gücü əldə
etdikdən sonra özlərindən qat-qat mənəvi zəngin insanlardan
iftiralar, şər-böhtan və şantaj etməklə, maddi və mənəvi zərbələr
vurmaqla intiqam alırlar.
Amma zamanla bu cahillər ətraflarına yığdıqları özükimilərin əli
ilə və yaxud gördükləri işlərlə istər-istəməz ifşa olunaraq,
cəmiyyət tərəfindən məhv edilirlər. Qudurğanlıq, vicdansızlıq bu
harınlamış cahillərin də axırına çıxır.
Məncə, cahillik sosiologiya və psixologiya sahəsində olan
alimlər tərəfindən rəsmən xəstəlik kimi qəbul edilərək, araşdırılıb
tədqiq edilməli və geniş anlamda müalicə-profilaktika tədbirləri
görülməlidir. Problemin nəticəsini yox, yaranma səbəbini həll etmək
lazımdır.
Ailə qurmaq üçün insanlara onların maddi və mənəvi keyfiyyətləri
test edilərək icazə verilməlidir. Cəmiyyətdə müəyyən əxlaq və
mənəvi kodekslər müəyyən edilməli, xusisi ədəbiyyatlar
hazırlanmalı, cəmiyyətdə davranışla bağlı maarifləndirici işlər
görülməlidir. Elm və təhsilin daha əyləncəli, daha maraqlı təbliğat
formaları tapılmalıdır. Cəmiyyətdə fiziki güclə deyil, əqli güclə
qələbə qazanılan yarışlar olmalıdır.
Cəmiyyət səhv edən fərdini ictimai qınamadan öncə, ictimai
tərifləməyi bacarmalıdır. Səhv edən fərd cəmiyyətin ona obyektiv
yanaşmasına inanmalıdır. Cəmiyyətimizdə hər birimiz daxilimizdəki
cahillik xəstəliyi ilə mübarizə aparmalıyıq. Unutmayın, cahilliklə
mübarizə etirafımızla başlayacaq.
Uğurlar hər kəsə ...