Yuxarı

İslam bəlalarımızın səbəbinə necə çevrildi?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto
İslam bəlalarımızın səbəbinə necə çevrildi?

Azərbaycanda dinin rolu ...

Yerusəlim, and içirəm ki, mən səni bütün kainatın baş tacına çevirəcəyəm

Bu yaxınlarda uşaqlıqdan oğlu namaz qılan dostlarımdan biri ilə bir saata qədər çəkən görüşümüz oldu. Həmin müddətdə dostum 22 yaşlı oğluna iki dəfə zəng etdi. Sonra isə üzr istəyərək bildirdi:

"Oğlum Məmməd 15 yaşından islamla ciddi maraqlanır, namaz qılır, oruc tutur, islamı öyrənmək üçün ona normal bir yer və ya müəllim tapa bilmədim. Son zamanlar tanımadığım müxtəlif görkəmə malik tanışlarının sayı çox artıb, özü də günün yarısını itaətlə keçirməyə başlayıb. Mən də yaman qorxuya düşmüşəm, birdən oğlanı yoldan çıxarıb harasa apararlar".

Dostumun narahatçılığı mənim də daxilimdə bir qorxu yaratdı, bu qorxu təkcə fərdlərə və ayrı-ayrı ailələrə görə deyil, bütün Azərbaycana təhlükə yaratdığından, içimdə hər gün böyüməkdə davam edir. Bir zamanlar uşaqların namaz qılmasına, oruc tutmasına çox rahat olardıq ki, bu uşaq ən azından narkotikə və spirtli içkiyə aludə olmayacaq. İndi isə islamı bu bəlalardan biri kimi, bəlkə də daha təhlükəli görməyə başlayırıq və uşaqlarımızı ondan qorumağa çalışırıq.

Niyə bu vəziyyət yaranıb Azərbaycanda?

Bu sahədə yaranmış vəziyyətə diqqəti yönəltmək üçün bu yazını hazırlamaq qərarına gəldik və axundlarla rahib və rəbbaniləri, eyni zamanda, kilsə və sinaqoqlarla məscidlərin fəaliyyətini müqayisə etməyə qərar verdik.

Mövcud vəziyyət haqqında

Dünyəvi dövlətlərdə dövlətdən ayrı fəaliyyət göstərməsinə baxmayaraq, bütün ölkələrdə dinin müstəsna rolu davam etməkdədir. Bütün dünyada dini bayramların iş günləri hesab edilməməyi buna nümunədir.

Artıq illərdir ki, Azərbaycanda Qurban və Ramazan bayramları da rəsmi dövlət bayramı kimi qeyd edilir. Bunun başlıca səbəbi ölkədə olan bütün hüquqi və fiziki şəxslər kimi, dini qurumların da dövlətçiliyə xidmətinin zəruriliyi ilə bağlıdır. Din və ya inam beşikdən başlamaqla son mənzilə kimi hər bir insanın mənəvi inkişafında müstəsna rol oynayır. Hər kəs, hətta özünü ateist hesab edənlərin əksəriyyəti daxilən onun hər hansı qüvvə tərəfindən qorunduğunu hiss edir və bunun üçün hər hansı bir formada kiməsə daxilən də olsa dualar edir.

Azərbaycanda dövlətçiliyin, maddi və mənəvi dəyərlərin formalaşması və inkişafında da islamın müstəsna rolu olub. O da inkar olunmur ki, islamı dəyərlər bəzi ölkələrin inkişafına uyğun olaraq yeni biliklərin əldə olunmasına görə evalyusiya ilə dəyişir və inkişaf edir. Din və dövlət insanların genetik yaddaşının itirilməsinə, imanın azalmasına və dövlətçiliyin inkişafına, ölkədə mövcud olan islama xələl gətirən və Azərbaycan vətəndaşlarının qanunsuz hərbi birləşmələrə cəlb olunmasına, daha sonra isə məhvinə səbəb olan halların yaranmasına imkan verməli deyil.

Fətullah Gülənün fəaliyyəti ilə müqayisədə ölkədə daha ağır nəticələrə səbəb olan, insanları məhvə aparan, cihadı təbliğ edən təriqətlərin Azərbaycanda yayılmasının arxasında duranlar hakimiyyət təmsilçilərinə təbii, bəllidir. Lakin bu zərərli və qanunsuz fəaliyyətə görə məsuliyyətə cəlb olunmayacaqlarını, Gülənin adamları kimi, ən pis halda bir pillə aşağı vəzifəyə təyin olunacaqlarını yaxşı bilirlər və buna görə də fəaliyyətlərini davam etdirməkdədirlər. Bir necə cinayət işi nəzərə alınmasa, onlara qarşı davamlı və effektli mübarizə mövcud deyil.

Azərbaycanda hakimiyyət Dağlıq Qarabağla bağlı xarici dəstək almaq üçün bəzi ölkələrin Azərbaycanda hətta zərərli dini cərəyanları və ya təriqətləri yaymasına göz yumur. Bəziləri heç dinin cəmiyyətin inkişafında rolu ilə bağlı məsələləri də gündəmə gətirmək niyyətində deyil.

Dini liderlərin də insanları məhvə sürükləyən bu kimi halların qarşısının alınmasında maraqları hiss olunmur.

Ölkədə islamın və məscidlərin cəmiyyətin inkişafında rolu haqqında dəqiq təsəvvür yaratmaq üçün məscidlərin fəaliyyətini kilsələr, monastırlar və sinaqoqlarla müqayisə etməyə qərar verdik.

Dövlətçiliyin inkişafında dinin rolu

İsrailin Yəhudi Miqrasiyası üzrə naziri Natan Şarinskiy sinaqoqların fəaliyyətini belə qiymətləndirib: "İsraildə sinaqoqlar dağıdılanda yəhudi ağsaqqallarının vəzifəsi yəhudi xalqının və dövlətçilik ənənələrinin qorunub saxlanılmasını təmin etməkdən ibarət idi. O zaman qərar verdilər ki, istənilən yerdən (adi yaşayış evləri və mənzilləri nəzərdə tutulur) məbəd kimi istifadə oluna bilər. Beləliklə, yəhudi icmalarının olduğu hər bir yer tədricən Allah evlərinə çevrildi və sinaqoqları əvəz etdi. Hər gün səhər, günorta və axşam ibadət etməli olan yəhudilər Allah evlərinə yaxın ərazilərdə olmağa və yaşamağa çalışdılar. Bu da 2 000 ilə yaxın müddətdə yəhudi xalqının yığcam yaşamağına və bununla da qorunub saxlanılmağına, məhv olmamağına, Yerusəlimi unutmamağına səbəb oldu".

Bəllidir ki, yəhudilər 1897-ci ildən sonra yenidən Yerusəlimə döndülər. Məhz İsrailin din xadimlərinin təkidi və dəstəyi ilə 1897-ci ildə yəhudilər sinaqoqlarda aşağıdakı məzmunda dualar edirdilər.

"Yerusəlim, əgər səni unutsam, sağ qolum dibindən qurusun, qoy dilim qırtlağımda ilişsin və donsun; Yerusəlim, and içirəm ki, mən səni bütün kainatın baş tacına çevirəcəyəm".

Və sonda buna nail oldular. Bu qayıdışın əsas təşkilatçıları sinaqoqlar və onları qoruyan din xadimləri idi.

Göründüyü kimi, İsrailin mövcudluğunda, dövlətçiliyinin inkişafında din xadimlərinin və dindarların müstəsna rolu olub. Buna oxşar çoxlu misalları həm də kilsələrlə bağlı demək mümkündür.

Məscidlər

Bəs, bizim din xadimlərimiz işğal altıda olan Yerusəlimdən daha qiymətli ərazilərimizin azad olunması üçün bizə hansı andları və duaları öyrədib? Yoxsa şəhidlərimizin ruhuna salavat çevirməklə vətənpərvərliyin təbliği başa çatmış hesab olunur? Niyə unudurlar ki, salavat deməklə donuz zəmidən çıxmaz?

Turizm və din

Kilsələrin turizmin inkişafında müstəsna rolu var. İlk olaraq Almaniyanın Şimali Reyn Vestfaliya vilayətində yerləşən Köln şəhəri və həmin şəhərdəki kilsə haqqında məlumat vermək istəyirəm. Köln Almaniyada əhalisinin sayına görə 4-cü, ərazisinə görə isə 3-cü böyük şəhərdir. Turistlərin demək olar ki, hamısı bura Köln kilsəsinə baş çəkmək üçün gəlir. Qotik üslubda tikilən Köln kilsəsi dünyanın ən hündür kilsələri arasında üçüncü yeri tutur. Kilsənin tikintisinə 632 il (1248-1880) vaxt sərf olunub. Kilsənin ziyarətinə hər il təxminən 7 milyona yaxın turist gəlir. Beləliklə, kilsə haqqında təkcə çap məhsullarının satışından əldə olunan gəlir kilsənin xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmasına bəs edir.

Vatikanda yerləşən Müqəddəs Pyotr kilsəsi də hər il 5 milyon turist tərəfindən ziyarət olunur.

Bu siyahını kifayət qədər uzatmaq mümkündür. Afinanın yaxınlığında yerləşən Nea Marki kəndində Müqəddəs Efremin Monastırı yerləşir. Yaxın zamanlara kimi bu monastır haqqında hətta monastırın yerləşdiyi ərazilərdə də bilənlər çox az idi. 1950-ci ildən başlayaraq yunanlar arasında bu monastır tanınmağa başladı. Hazırda təkcə Yunanıstandan deyil, dünyanın demək olar ki, bütün ölkələrindən bu monastıra ziyarətə gəlirlər.

1950-ci ildən bərpasına başlanmış bu monastır ən çox ziyarət olunan məkanlardan birinə çevrilmişdir. Turizmin inkişafı səbəbindən indi həmin kənd Yunanıstanın ən inkişaf etmiş yaşayış məntəqələrindən biridir.

Sinaqoqlar provaslavların və katoliklərin məbədləri ilə müqayisədə arxitektura baxımından daha az bəzəkli olsa da, turizmin inkişafında əvəzsiz rola malikdir. İsrailin bütün sinaqoqları barədə turistlər istənilən yerdən informasiya almaq imkanına malikdirlər. İsraildə turizm məhz dinin və sinaqoqların dəstəyi ilə dövlət büdcəsinə ən çox gəlir gətirən sahələrdən birinə çevrilmişdir.

Eyni misalları dünyanın müxtəlif ölkələrində mövcud olan kilsələr haqqında demək mümkündür.

Turistlərin 80 faizindən çoxu qonşu Gürcüstana məhz dini abidələri ziyarət üçün gəlirlər.

Azərbaycanda turist cəlb edən məscidlər və ya kilsələr olsa da, onların ziyarətini təmin edən təbliğat mexanizmi mövcud deyil. Azərbaycanda məscidlər haqqında bələdçi rolunu oynayacaq bukletlər belə mövcud deyil.

Xeyriyyəçilik fəaliyyəti

Kilsələr

Bəzi ölkələrdə dini inanca malik olan insanlar siyahıya alma zamanı anketdə rəsmi olaraq dini inancı haqqında məlumat göstərdikdən sonra kilsəyə vergi ödəməli olur. Həmin şəxslərin gəlirlərindən tutulan məbləğin bir hissəsi dövlət büdcəsinə deyil, kilsələrə köçürülür. Bu pulla çoxsaylı sosial layihələr maliyyələşdirilir. Uşaq bağçalarının saxlanılması, qocalar evinin maliyyələşdirilməsi, fiziki qüsuru olanların himayəsi, yaşayış yeri olmayanlara müvəqqəti sığınacağın verilməsi, ehtiyacı olanların pulsuz ərzaqla təmin olunması, hamilə xanımlara, sosialda qeydiyyatda olan digər şəxslərə maliyyə yardımının göstərilməsi, dəfn xərcləri, dəfn yeri ilə təmin etmə halları da kilsələr tərəfindən təmin olunur.

Məscidlər

Məscidlərin Azərbaycanda xeyriyyəçilik fəaliyyəti ilə bağlı məlumat əldə edə bilmədik. Əslində, Azərbaycanda hər ailədən məscidlərə nağd şəkildə verilən nəzirlər və ya nəzir qutularına salınan pullar Almaniyada gəlir vergisindən kilsələr üçün tutulan vergilərdən dəfələrlə çoxdur. Lakin o pulların haraya xərclənməsi və kimlər tərəfindən xərclənməsi bəlli deyil. Ümumiyyətlə, şəffaflığın təmin olunması üçün məbləğindən asılı olmayaraq, nəzir qutularına ictimai nəzarət yoxdur. Bu azmış kimi, məscidlərimizdə yas mərasimləri ilə bağlı şadlıq saraylarına bənzər menyular var. Bu kimi hallar isə insanlarda tarixən ölkədə olan təriqətlərə, tanıdığımız islam dininə düzgün olmayan münasibət aşılayır.

Beləliklə, Azərbaycanda özünə dəstək qazanan yeni təriqətlər isə bu münasibətdən yararlanaraq insanları sürətlə əsl islamdan uzaqlaşdırırlar.

Bəzən düşünürsən ki, bizim din xadimləri hər il iki dəfə heç bir ehtiyacı olmayan məmurlara ehsan verməyi bəlkə xeyriyyəçilik hesab edirlər?

Maarifçilik fəaliyyəti

Kilsələrin əksəriyyətində şəffaf şəkildə kitabxana, bazar günü məktəbləri, gənclər üçün kompüter otaqları, müxtəlif musiqi qrupları fəaliyyət göstərir və bütün bunlar eyni zamanda dövlətçiliyin inkişafına xidmət edir. Bununla yanaşı, Almaniyada orta məktəblərdə din xadimlərinin tövsiyəsi ilə hazırlanmış proqram üzrə dinlər haqqında xüsusi dərslər keçirilir. Dərslər dini inancı olmayanlara və başqa dinlərdən olanlara da tədris olunur.

Sinaqoqlar

Maliyyə imkanlarından asılı olmayaraq, bütün icma üzvlərinin uşaqlarını sinaqoqlar 3 yaşından başlayaraq təhsilə cəlb edir ki, 6-7 yaşlarında onlar sərbəst şəkildə Tövratı oxuya bilsinlər. Ona görə də İsraildə demək olar ki, təhsildən kənarda qalan şəxs yoxdur. Azərbaycandakı sinaqoqlar da eyni fəaliyyəti həyata keçirirlər. Azərbaycan məscidlərində nələr tədris olunur, mollaların əhalinin maariflənməsində fəaliyyəti nədən ibarətdir və ya məktəblərimizdə islam kifayət qədər tədris olunurmu?

Orta məktəblərdə bütün dinlər haqqında, o cümlədən islam tarixi haqqında şagirdlərə bilgilər verən normal təhsil proqramları nə zaman hazır olacaq?

Diaspor və din

Sinaqoqlar yəhudi icmasının dünyada planlı şəkildə yayılmasında və tanınmasında həmişə mərkəzi qərargah rolunu oynayıb. Sinaqoqlar bunun üçün maliyyə vəsaitlərinin toplanması və xərclənməsinə, kommersiya fəaliyyətlərinin genişlənməsində aparıcı olub və bu gün də bu fəaliyyət davam etməkdədir.

Eyni vəziyyət kilsələrə və monastırlara da aiddir.

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyət planında isə məscidlərlə işlə baglı belə bir bənd mövcud deyil. Kilsələrin və sinaqoqların insan hüquq və azadlıqlarının qorunması sahəsindəki fəaliyyətləri haqqında daha geniş yazmaq olardı. Lakin yuxarıda qeyd etdiyimiz kimi, bu yazının məqsədi mövcud vəziyyətə və problemlərə aidiyyəti təşkilatların və ya şəxslərin diqqətini cəlb etməkdən ibarətdir.

Hesab edirik ki, islamın Azərbaycandakı vəziyyətinə dair geniş araşdırmalar aparılmalı, elmi konfranslar keçirilməli, elm, din, dövlət və ictimai xadimlərinin iştirakı ilə mövcud vəziyyətə obyektiv qiymət verilməli və "niyə Azərbaycanda bəxtəvərliyini o dünyada axtaranların sayı artmaqda davam edir", "niyə ənənəvi təriqətlərdən qaçanların sayı çoxalır", "niyə terror, müharibə, korrupsiya, cihad daha çox müsəlmanlar arasındadır" və onlarla digər niyələrə cavab axtarılmalıdır. Əks halda dostumun qorxusunun əsaslı olmasının şahidi olar, övladlarımızı zərərli təriqət təbliğatçılarının əlindən xilas edə bilmərik.

Qeyd: Yazının həmmüəllifi Arzu Abdulladır.

Tarix
2014.05.15 / 02:12
Müəllif
Əlövsət Əliyev
Digər xəbərlər

Ağdam - qədəhdən meydana...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla