Müsəlmanların Ramazan ayı gəldi, orucluq başladı.
Vaizlər "nəfs üzərində qələbə ayı"nın min illərdir təkrarlanan və
çağdaş insanın həyat və düşüncə tərzinə zidd olan tezislərini
xırdalamağa macal tapmamış "İraq və Şam İslam Dövləti" adlanan
terror örgütü bir bəyanat yaydı.
TWİTTER sosial şəbəkəsi vasitəsilə yayılan açıqlamaya görə, İŞİD
tezliklə Səudiyyə Ərəbistanını çökdürəcək, Məkkəni fəth edəcək,
Kəbəni yıxacaq, Həcər-ül-Əsvada sitayiş edənləri öldürəcək,
Allahdan başqa kimsəyə, nəsnəyə ibadət edilməsinə izn verməyəcək.
Mən bütün varlığımla sekulyaram, dini öyüdləri qəbul etmirəm, 7-ci
əsrdəki post-quldar ərəblərin ehkamlarını həyatımdan maksimum uzaq
tutmağa çalışıram və bu düşüncələrimi gizlətmirəm.
Azərbaycanda bunca sosial problemlər ola-ola vətəndaşlarımızın
"Hacı" titulu dalınca Məkkəyə üz tutmasını, yanındakı, yaxınındakı
insanlara əl tutmaq əvəzinə gedib Mina dağında şeytan daşlamasını
yanlış sayıram.
Amma və lakin İŞİD-in, İŞİD kimi təşkilatların Məkkəni dağıtmaq
həvəsini və niyyətini də əsla bölüşmürəm. Mən inanmasam da,
inananların nəzərində Məkkə qutsaldır. Qutsallıqdan,
ziyarətgahlıqdan, məbəddən əlavə, eyni zamanda, tarixi bir
məkandır, qorunulması gərəkən abidədir. Bir abidəni dağıtmaq, min
illərlə yaşı olan bir məkanı Yer üzündən silmək, bircə nəfər olsa
belə, insanın qut saydığı, qiblə saydığı məbədi yerlə yeksan etmək
bəşəriyyətə qarşı ən böyük və bağışlanmaz suçdur. Axı əqidə
müfəttişliyinə, ən doğru inanc və ibadət formasını tətbiq etmək
yetkisini kim verib İŞİD-ə?
7-ci əsrdə Kəbədən bütlərin yığışdırılmasını, Məkkə uğrunda
qanlı savaşlar getməsini sırf tarixi nöqteyi-nəzərdən anlayışla
qarşılamaq mümkündür, biz enində-sonunda post-quldar bir
cəmiyyətdən danışırıq, demokratik və multikultural dəyərlərdən,
tolerantlıq və konsensus kimi məfhumlardan xəbərsiz qəbilələrdən
söz açırıq. Amma indi 21-ci yüzildir.
Dünyanın inkişaf etmiş xalqları, tərəqqiyə yön verən
cəmiyyətləri dini siyasətdən, inancı dövlətdən, ehkamları
mədəniyyətdən uzaqda saxlayır. Belə bir çağda cəmiyyəti hərəkətə
gətirmə vasitəsi zor deyil, silah deyil, inandırmadır. Məzhəbindən,
təriqətindən, camaatından asılı olmayaraq, İslamın 21-cü yüzildə
qarşılaşdığı ən böyük sorun məhz inandırma ilə bağlıdır. Söhbət
Allahın birliyinə, axirətin və qiyamətin olacağına, namaz, oruc,
həcc kimi ziyarətlərin savabına yönəlik təbliğatdan və milyardlar
yatırılan bu propaqanda vasitəsi ilə islamın
kütləviləşdirilməsindən getmir.
21-ci əsrin adamları üçün islam heç bir ölkənin, heç bir xalqın,
heç bir cəmiyyətin timsalında örnək model ortaya qoya bilməyib,
Avropa isə xristianlığı fərdi inanc müstəvisindən kənara çıxmağa
qoymadan insan hüquq və azadlıqlarına söykənən bəşər tarixinin ən
mütərəqqi və ədalətli cəmiyyətlərini qurub. Bu gün ağlı başında
olan hansı adam Danimarkanı, İsveçi, Finlandiyanı qoyub teokratik
ərəb ölkələrində yaşamaq istər?
Bu gün ağlı başında olan hansı adam Praqanı, Vilnüsü, Anversi
qoyub canlı bombaların və pintiliyin tüğyan elədiyi Orta Şərqə üz
tutar? Bu gün ağlı başında olan hansı adam deyə bilər ki,
elmi-texniki tərəqqiyə, universitetlərin inkişafına böyük pullar
yatıran ABŞ, Britaniya, Fransa, Almaniya, Yaponiya kimi dövlətlər
yox, mücahid yetişdirən ərəb dövlətləri təkan verir rifaha? 9-cu
yüzilin sonlarına doğru elə bu günkü İraq sınırları daxilində
Qərmətilər adlanan bir dövlət qurulmuşdu. "İsmayılı" etiqadının
daşıyıcısı olanların qurduğu bu dövlətin paytaxtı Ahsa şəhəri
idi.
Tarixdə məşhur olaydır, 929-cu ildə Qərmətilər Məkkəni tutdular,
20 mindən çox Hacını qətl etdilər, cəsədlərini Zəmzəm quyusuna
atdılar, Kəbədəki qara daşı- Həcər-ül Əsvadı isə götürüb öz
paytaxtlarına apardılar.
Qərmətilərin paytaxtında namaz qılınmaz, oruc tutulmazdı,
kişilərlə qadınların bərabərliyi elan edilmiş, içki və donuz ətinin
satışı yasallaşmışdı, dinləri və peyğəmbərləri tənqid edən, lağa
qoyan fikirlər səsləndirmək sərbəst idi, Tanrının var olub-olmadığı
açıqca müzakirə edilə bilirdi.
Amma buna rəğmən, bir müddət sonra - 950-ci ildə Qara Daş-
Həcər-ül Əsvad Kəbəyə qaytarıldı.
İŞİD-lə tutuşdursaq, İsmayılılar qat-qat mütərəqqi cərəyan kimi
görünür, amma onların uzaq vədədə Qara Daşa uduzmasının mühüm bir
səbəbi vardı. Bu da ondan ibarət idi ki, onların sistemi də AZADLIQ
yox, BASQI üzərində qurulmuşdu.
Deyilənə görə, Xəlifə Ömər bir ziyarəti zamanı Kəbədə Qara Daşı
öpmüş və belə söyləmişdi: "Çox yaxşı bilirəm ki, Sən zərəri və
faydası olmayan bir daş parçasısan..." Bəli, Həcər-ül Əsvad zərəri
və faydası olmayan bir daş parçasıdır, onu tərpətməklə,
parçalamaqla, yox etməklə yox, insanları elmə və tərəqqiyə
səsləməklə, azadlıqlarına və hüquqlarına sayğı göstərməklə yaxşı
cəmiyyət qurmaq mümkündür.
Odur ki, İŞİD-in KƏBƏYƏ BASQINI Şərq xalqlarına xeyir
gətirməyəcək.